Lapşin hakim qarşısına çıxdı: "Qarabağa iki DƏFƏ GETMİŞƏM"

Belarusda həbs edilərək Azərbaycana gətirilən Alenksandr Lapşin növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Əlövsət Qasımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

A.Lapşin ittihamla özünü təqsirli bilməyib. Sərbəst ifadə verməsi təklif edilən Lapşin bundan imtina edərək sualları cavablandırmaq istədiyini bildirib.

Lapşin suallara cavabında Qarabağa iki dəfə getdiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib.

Aleksandr Lapşin 1976-cı il təvəllüdlüdür, himayəsində 2 yaşlı övladı var. Rusiya, Ukrayna və İsrailin vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir.

Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumata görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

 Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

 Qeyd edək ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Aleksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

 A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub.

Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

 Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.






Fikirlər