İrana şiə gedib vəhhabi döndü, 30 manata casusluq etdi... - DTX-nin saxladığı ASCO əməkdaşının İTTİHAM AKTI

İrana şiə gedib vəhhabi döndü, 30 manata casusluq etdi... - DTX-nin saxladığı ASCO əməkdaşının İTTİHAM AKTI

İrana casusluq ittihamı ilə ötən ilin iyununda Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilən və cinayət işi açılan Azərbaycan vətəndaşı Əsgərov Zahir Fəxrəddin oğlu ilə bağlı ibtidai istintaq yekunlaşıb. Z.Əsgərova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. 

Sfera.az irəli sürülən ittiham aktını əldə edib.

Z.Əsgərov 1982-ci ilin noyabrın 1-də Şirvan şəhərində anadan olub. O, ailəlidir, 3 uşağı var, ali təhsil alıb, indiyə qədər məhkumluğu olmayıb. Adıçəkilən şəxs Neftçala şəhərində yaşayıb və həbs edilənə qədər Xəzər Dəniz Neft Donanmasında (ASCO) şkiper (ticarət gəmisinin kapitanı – red.) vəzifəsində işləyib. 

DTX-nın apardığı ibtidai istintaq zamanı məlum olub ki, Z.Əsgərov 2012-ci ildən 2022-ci il qədər İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, bir çox məlumatları, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi proseslər, xarici ölkələrin şirkət və nümayəndəlikləri, hərbi təyinatlı obyektlər, Xəzər dənizində Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən təlimlərin yeri və vaxtı, ABŞ və İsrailə məxsus şirkət və nümayəndəliklər, Xəzər Dəniz Gəmiçiliyinin strukturu və fəaliyyəti, Kürdəmir rayonu, Qala qəsəbəsi və Azərbaycanın digər bölgələrində dislokasiya olunan hərbi hissələr barədə topladığı məlumatları xarici ölkəyə ötürüb. 

Z.Əsgərov topladığı bütün məlumatları davamlı olaraq müxtəlif vaxtlarda elektron poçt, “GBWhatsapp”, “Whatsapp”, “Telegram” tətbiqləri vasitəsilə, həmçinin İran ərazisində həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim edib, casusluq, dövlət sirrini xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmə formasında dövlətə xəyanət edib. 

Z.Əsgərovun vətənə xəyanəti 2012-ci ildə Qum şəhərinə səfərindən sonra başlayıb. O, dini təhsil almaq üçün Qum şəhərində olan zaman tanışı, İran vətəndaşı Ələkbər Adeli vasitəsilə özünü Əli adı ilə təqdim edən həmin ölkənin xüsusi xidmət orqanının nümayəndəsi tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. Z.Əsgərov qeyd edilən tarixdən 2022-ci ilin iyunun 2-nə kimi İranın xüsusu xidmət orqanının nümayəndəsi Yunis Saberi, Hüseyn Ağa, Cəlali adlı şəxslərin və digərlərinin tapşırığı ilə Azərbaycan dövlətinin zərərinə olan informasiyaları qarşı tərəfə ötürüb. 

Adıçəkilən şəxsdə İslam dininə xüsusi maraq 2006-cı ildən başlayıb. Onun anası da namaz qılan olub və anasının təsiri ilə həmin ildən namaz qılmağa başlayıb. O, mütəmadi olaraq dini əbəbiyyatlar oxuyub, araşdırma zamanı “İmam Zaman” barədə məlumat toplayıb və bu, onda İranın dini yerlərini ziyarət etmək istəyi yaradıb.

Z.Əsgərov İrana ilk dəfə 2008-ci ildə gedib. İranda olan zaman o, Ənzəli şəhərində sonralar onu cəsusluğa cəlb edən Ələkbər Adeli ilə tanış olur. Ələkbər tələbə olub və burada dini təhsil alırmış. İki şəxs arasında sonralar da görüşlər olub və bu təmaslar onlar arasında dostluğun yaranması ilə nəticələnib.

İslam dininə artan marağına görə o, İranda dini təhsil almaq fikrinə düşüb. 2011-ci ildə dini təhsil almaq üçün sənədlərini Qum şəhərində “Camiatul Mustafa” adlı islam universitetinə təqdim edib. 

Z.Əsgərov Qum şəhərində təhsil alan zaman Əli adlı xüsusi xidmət orqanının nümayəndəsinin təklifinə etiraz etməyərək Azərbaycanla bağlı məlumatları İrana ötürməyə başlayıb. 

İran tərəfi xüsusilə hərbi sahə ilə maraqlanıb, söhbətlərin əksəriyyəti Azərbaycanın müdafiə qabiliyyətinin zəiflədilməsi istiqamətində aparılıb. 

İrana casusluq edən Z.Əsgərov Azərbaycana qayıtmağa az qalmış İslamın “əhli-sünnə” qoluna (vəhhabilik) qoluna ibadət etmək qərarına gəlib və İslam dininin şiə qoluna ibadət etməyi dayandırıb. Z.Əsgərov vəhhabi olmasına baxmayaraq, İrana casusluğunu davam etdirib. 

Casusluq müqabilində Z.Əsgərova ilk dəfə 200 manat məbləğində pul ödənilib. 

Z.Əsgərov sonrakı casusluq dövründə Yunus Saberi adlı xüsusi xidmət orqanının nümayəndəsinin əlaqəsinə verilib. Saberi ilə ilk vaxtlarda “Telegram”, sonra “Whatsapp” tətbiqləri vasitəsilə əlaqə saxlayıb. “Vətən” müharibəsi zamanı Saberi müharibə ilə xüsusilə maraqlanıb, ondan daha çox məlumat əldə etməsini tələb edib, o isə sosial şəbəkələrdə olan məlumatları toplayaraq Saberiyə göndərib. 

2021-ci ilin fevralında isə Saberi Z.Əsgərovu Hüseyn Ağa adlı digər xüsusi xidmət orqanı əməkdaşı ilə tanış edib və onun əlaqəsinə verib. Hüseyn Ağa ilə ilk görüş zamanı Z.Əsgərova 90 manat pul verilib. Növbəti görüşlərdə Z.Əsgərov 30-40 manat dəyərində pul alıb. 

Qeyd edək ki, ibtidai istintaq yekunlaşdığından yaxın vaxtlarda hazırlıq iclası keçiriləcək. 






Fikirlər