ATV-nin "Yoxlama"sının anonsundakı "ŞOKLAR" niyə efirə getmir?
Son on ildə Azərbaycan tamaşaçısının yerli telekanallardan irgah düşməsi heç kimə sirr deyil. Dəfələrlə şahidi olduğum bir məqamı sizinlə də paylaşım, sonra keçək söhbətimizin əsas məğzinə. Bir də görürsən ki, eyni telekanalda 8 veriliş aparan biri hansısa məkana daxil olur. İnsanların mimikasından və davranışlarından hiss edirsən ki, heç kim "məşhur aparıcını" tanımadı. Səbəbi ilk cümlədə qeyd etmişəm... ATV-də "Yoxlama" adlı bir veriliş var. Səhv etmirəmsə, prodakşn layihəsidir. İnanmıram ki, Şamaxıda "Yoxlama"yla bağlı baş vermiş məlum olaya qədər kimsə bu verilişin mövcudluğundan xəbərdar idi. Əslində, layihənin ideyası pis deyil, hətta deyərdim ki, təqdirəlayiqdir. Lakin bu formada yoxlamanı heç dövlət qurumları da keçirmirlər. Əvvəla, heç kimə ixtiyar verilmir ki, salamsız-kəlamsız yuxarı başa keçib, "görüm yeməyi hansı qazanda bişirirsiniz", "unitazınızın rəngi niyə saralıb" tərzində və tipində suallar versin. İkincisi, aparıcının qıcıq doğuracaq formada danışığı, davranışı istənilən sakit adamı da əsəbləşdirməyə bəs edir.
Yaxşı olmazdımı ki, standartlaşma sahəsinə cavabdeh olan dövlət qurumundan bir səlahiyyətli nümayəndənin iştirakı ilə aparılsın bütün bu yoxlamalar. Yoxlama tərəfini dövlət qurumu, çəkiliş tərəfini isə ATV boynuna götürsün və nəticədə sanballı bir layihə ortaya qoyulsun. Təbii ki, mümkün idi və fikrimcə, həmin dövlət qurumu da buna etiraz etməzdi. Bəs niyə ATV və "Yoxlama" bu cür yoxlamanı seçdi? İzah edirəm...
Maraq üçün "Yoxlama"nın anonslarına fikir verin. Anonsda obyektin adı çəkilmir və uzun müddət yayımlanır. Bir də görürsən ki, anonsda efirə gedən şey verilişdə göstərilmədi. Qısaca haşiyə olaraq qeyd edim ki, bir vaxtlar Xoşqədəm Hidayətqızı da ATV-də eyni "üsuldan" yararlanırdı. Məsələn, ad çəkilmədən efirə anons gedirdi ki, Azərbaycandakı vəzifəli şəxsin qohumu Rusiyada səfil həyat tərzi keçirir. Anons gedirdi, gedirdi, gedirdi... Həftələr sonra fısss...Söhbət ölürdü. İndi eyni fəndi ATV-də "Yoxlama" tətbiq edir. Sizcə bunun adı nədir? Əgər hansısa materialın müqabilində kimdənsə 5-10 manat alan və yazmayan jurnalistə "reket" deyiriksə, anonsu ad çəkmədən yayımlayıb, sonra efirə verməyən layihənin adı nə olur?
Əslində, bütün bunlar ATV boyda kanalın, "Ən baxımlı kanal" kimi təqdim olunan bir qurumun imicinə xələl gətirməkdən başqa bir şey deyil. Azərin danışıq tərzi, davranışları, obyekt sahiblərini qalmaqala təhrik etməsi və sair. Düşünün ki, o boyda məşhur telelayihələrin lisenziyasını alırsan, çəkirsən, yayımlayırsan, az-çox baxımlı olursan...və günün birində bütün bunların üstündən xətt çəkib 7-8 nəfərlik komandanın əlinə kamera mikrofon verib salırsan ölkədəki obyektlərin canına. Hər halda bütün bunların jurnalistikaya yaxından və uzaqdan heç bir aidiyyatı yoxdur. Görünür, "Yoxlama"nın özünü yoxlamağa ehtiyac daha çoxdur, nəinki bu verilişin obyektləri yoxlamasına.