Afət Flora Kərimovadan Prezidentə şikayət etdi ...
Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova hazırda məhkəmə işi davam edən ifaçı Afət Fərmanqızına məktub ünvanlayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Afət Fərmanqızı sözügedən məsələ ilə bağlı ölkə başçısına müraciət edib:
“Flora Kərimovanın açıq məktubunu oxudum. Onun həyat tərzi budur, məhkəmələrdə vaxt keçirməkdən xoşu gəlir. Təsəvvür edin, səhər tezdən mənim məhkəməmə gəlir, axşam jurnalist Ülviyyə Alovlunun məhkəməsinə gedir. O, belə şeylərdən ləzzət alır. Mən sizin vasitənizlə cənab Prezident İlham Əliyevə müraciət edirəm, Binəqədi rayon Məhkəməsi qərəzli olaraq Flora Kərimovanın mənim haqqımda xüsusi ittiham qardaşında cinayət işi açdırmağında qanunu pozaraq bu işi icaraata götürüb. Qanunun 75.1.1 – ci maddəsində deyilir ki, cəmiyyət üçün böyük təhlükə törətməyən məsələlərdə iddia müddəti 2 ildir. Bu məsələdə isə 2 il çoxdan keçib, hətta 3 il olacaq. İkinci qərəzli mövqe isə budur ki, Flora Kərimova jurnalist Ülviyyə Alovluya Binəqədidə cinayət işi açdırıb, lakin onun qeydiyyatı Yasamal rayonundadır. Belə olan halda sual yaranır: Binəqədi Rayon Məhkəməsində Flora Kərimovanın marağı nədir ki, əlinə düşənləri məhz o məhkəməyə gətirir? O kimə və nəyə arxayındır? Mən dövlətin qanunlarına arxayınam. Cənab Prezidentə müraciət edib bildirirəm ki, bu özbaşınalığa son qoyulsun. Məhkəmə bu gün bütün işini-gücünü atıb iddia müddəti bitmiş, ad çəkilməyən məsələlərə görə işə baxır. Deyirlər ki, nə olsun ad çəkmirsən, gəl görək ona deyirsən bu sözləri ya yox? 6 hüquq pozuntusu var, bu barədə Məhkəmə Hüquq Şurasına da məktublar ünvanlamışıq, heç bir cavab əldə olunmur. Ona görə də mən məcbur olub Prezidentə müraciət edirəm”.
Müğənni açıq məktubunda ona “Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən" sözlərini ünvanlayan F.Kərimovaya cavab verib.
O, sürgün həyatı yaşamadığını, qısa zamanda vətəninə yenidən dönəcəyini qeyd edib:
“O ki, qaldı mənim ölkədə olmamağıma, mən hazırda həyat yoldaşımın yanındayam. Qadın ərə gedəndə ər evində yaşayır. Mən də həyat yoldaşımın yanındayam, hamiləliyimlə bağlı başımız özümüzə qarışıb. Mənim boş-boş məhkəmələr gedib vaxt sərf etməyə zamanım və həvəsim yoxdur. Kimin həvəsi varsa, o getsin. Mənim vəkilim oradadır və bu işlə o məşğul olur.
Bu günə qədər İlhamə Quliyeva, Faiq Ağayev. Röya Ayxan, Ülviyyə Alovlu, Yasamal rayonunda yaşayan adını bilmədiyim bir xanımı Flora Kərimova məhkəməyə verib. Nadir Qafarzadə, Şeyx Əbdül Mahmudbəyovla da qalmaqal yaşadı, amma onları məhkəməyə vermədi. Flora Kərimova Azərbaycan Respublikasını belə vaxtilə deputat seçilmədiyi üçün məhkəməyə vermişdi. Bu insan ömür boyu dövlətə müxalif olmuş biridir, ömrü-günü məhkəmələrdə keçib. İndi də məni məhkəməyə verib. O, enerjisi çox olan insanlardan yapışır və enerjimizi sümürməyə çalışır, amma buna nail ola bilməyəcək, mən öz həyatımı yaşayıram. 82 yaşında qadınsan...
Mən mahnı oxumuşam, əcəb etmişəm. Uzun müddət məni tənqid etdi, gördü əhəmiyyət vermirəm, keçdi təhqirə. Niyə təhqir edirsən?
Mən vətənimə də tez-tez gəlib-gedirəm, öz ampluamdayam. Rusiyaya təzəlikcə gəlmişəm, bu yaxınlarda yenə vətənimə dönəcəyəm. Məni vətənimdən heç kəs sürgün edə bilməz! Hələ Flora Kərimova heç edə bilməz. Sən özün müxalifət ola-ola necə Azərbaycanda yaşayırsan, mən dövlətimi istəyə-istəyə necə yaşamayım?! Sən müxalifət olduğun, ömür boyu hakimiyyətin əleyhinə danışdığın halda vətəndə necə yaşaya bilirsən?! Mən niyə yaşamamalıyam? Bütün xalq bilir ki, Afət Fərmanqızı dövlətini istəyən insandır”.
O, özünü heç vaxt Flora Kərimova ilə müqayisə etmədiyini bildirib:
“Flora Kərimova “açıq məktub”unda deyir ki, sən özünlə məni necə bir tərəziyə qoyursan? Mən özümü səninlə tərəziyə qoymuram. Sən mənim nənəm yaşındasan, sənin 82, mənimsə 42 yaşım var. İkincisi, sən xalqa sidik içməyi məsləhət görürsən, mənsə onlara “Narzan” suyu içsinlər deyirəm, bulaq suyu içməklərini tövsiyyə edirəm. Sən özün açıqlamanda deyirsən ki, bu müalicə üsulu ilə məndən torba-torba qurdlar töküldü. Səndən fərqli olaraq məndə qurd-filan yoxdur. Sən məhkəmələr gəzirsən, mənsə bunu etmirəm. Sən Allaha dua etmirəm deyirsən, amma mən hər gün Allahıma dua edirəm. Ona görə də mən səninlə özümü heç vaxt bir tərəziyə qoymaram! Mən gözəl işlərlə məşğulam.
Xatırladaq ki, Afət Fərmanqızı bir neçə ay öncə sözügedən məhkəmənin sifarişli olduğunu, Flora Kərimovanın arxasında iş qadınının dayandığını iddia etmişdi. Daha sonra Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımovun iş xanımı Ruhi Əliyevanın Bakıda təşkil etdirdiyi konsert proqramına qatıldığını göstərən görüntülər sosial şəbəkələrdə yayılmışdı”.