“Mənə 5 yox, 10 manat verirlərsə, “iki gündən sonra hansısa yerdə saxladığım qadınla...”” - Nadir Qafarzadə

“Mənə 5 yox, 10 manat verirlərsə, “iki gündən sonra hansısa yerdə saxladığım qadınla...”” - Nadir Qafarzadə

Bir müddət öncə müğənni Nüşabə Musayevanın ona məclislərin birində 67 yaşlı kişinin boşqabda 5 min dollar göndərməsi barədə səsləndirdiyi fikirlər ağıllarda bir sual doğurdu. Görəsən, başqa müğənnilər üçün də bu və ya digər qeyri-adi, təəccüb doğuran hədiyyələr verilibmi?

 

Yenisabah.az bununla bağlı bir neçə şou nümayəndələrinin fikirlərini öyrənib.

Aşıq Zülfiyyə sualımızı belə cavablandırıb:

“Hədiyyələr olub, amma təəccüb doğuranları olmayıb. İnsan yaşayırsa ona hədiyyə də gələ bilər. İnsana hədiyyə gəlməsi təəccüb niyə doğursun ki?! Mənim üçün qeyri-adi bir hədiyyə olmayıb. Kimsə ona hədiyyə verilməsi haqqında şişirdilmiş nəsə deyə bilər. Mən isə yalan danışmağı xoşlamıram. Mənə edilən hədiyyələrin içlərindən hansınınsa adlarını çəkə bilmərəm. Mənə elə gəlir ki, bunu etsəm, kimlərinsə xətrinə dəyə bilər. Adi bir qələm də olsa, mənim üçün böyük hədiyyədir. Xatırlanmağın anılmağın əsasdır. Düşünülməyin özü böyük hədiyyədir".

“Mən bəyəm qadınam ki mənə hədiyyə versinlər?! Hədiyyəni adətən qadınlara verirlər. Mən ömür boyu əziyyət çəkib pul qazanmışam. Mənə heç kim havayı heç nə verməyib. Mənə heç indiyə qədər cırıq corabı belə, havayı hədiyyə verməyiblər” - bu fikirləri müğənni Nadir Qafarzadə hirsli şəkildə bildirib.

Daha sonra müğənni əlavə edib:

“Mən həmişə əgər kimsə kiməsə elə-belə hədiyyə verirsə, mütləq bunun arxasında qarşılığın olduğunu düşünmüşəm. Niyə verməlidirlər ki?! Toydan əlavə, kimsə hansısa müğənniyə hədiyyə verirsə, sabah onun əvəzini çıxacaqlarını bilin. Misal üçün, mənə 5 yox, 10 manat verirlərsə, “iki gündən sonra hansısa yerdə saxladığım qadınla oturmuşam, gecə də saat 3-dür, dur gəl mənim üçün oxu”, - deyə zəng edəcəklər. Bu anda müğənninin də diliqısa olur. Getməsən, “bilirsən, nə var sən pulla aldığım deyilsən?!”- deyəcək. Mən həmişə bu düşüncələrdən qorxmuşam. Ona görə də evimdə rahat yatır, şəhərdə rahat gəzir, rahat yaşayıram. Heç kimin qabağında mənim gözükölgəli bir işim yoxdur. Həyatımı heç kimdən mənə artıq-əskik nəsə olmasın deyə yaşayıram. Övladlarıma da həmişə belə yaşamağı tövsiyə etmişəm”.

Mənzurə Musayevanın köməkçisi Şaiq Şirinov isə suala belə cavab verib:

“Mən 20 ildir ki, Mənzurə xanımla çalışıram. Belə bir hal olmayıb. Çox ciddi maraq doğuracaq hədiyyə aldığını görməmişəm”.

Müğənni Yusif Mustafayev qeyd edib ki, bəyin anasının vəsiyyətiylə ona toy hədiyyəsi edilib:

“Bəyin anası oğlunun toyunda mənim olmağımı və üzük verilməsini vəsiyyət edib. Sonra bu vəsiyyətlə məni toya aparıblar. Toyun içində mənə bir ədəd üzük gətiriblər.   

“Şadlıq mərasimlərində sizə hədiyyələrin verilməsi nadirən olur?” sualını isə müğənni belə cavablandırıb:

“Mənə hədiyyə verilməsi çox olub. Məsələn, xalçalar. Fəmərrux nənə mənə xalça bağışlayıb. Yaxşı mənada dəyərsiz olan hədiyyələr də olub”.   

Müğənni Cavanşir Məmmədov da belə hallarla çox qarşılaşdığını bildirib:

"Bəli olub. Mənə təklikdə də hədiyyə veriblər. Üzük, qızıl sep, medalyon, pul da veriblər. Bundan başqa kostyum, qalstuk, kofta da olub. Bunların içində ən bahalı olanlarını deyə bilmərəm. Hər hansıdırsa, mənə məxsusdur. Hədiyyənin böyük, kiçiyi olmur”.

Maral Tahirqızı isə bildirib ki, ona təəccüblü hədiyyə gəlməyib:

"Mən hansı məclisə gedirəmsə, başıaşağı gedib, başıaşağı gəlmişəm. Mənim orada artıq-əskik hərəkətlərim olmayıb. Heç kəs də mənim məclisdə artıq-əskik hərəkət etdiyimi deyə bilməz. Kimsə mənim barəmdə hansısa pis hərəkətlərimə görə hörmət olunmasını da dilinə gətirə bilməz".

“Toylarda müğənnilərin hədiyyə qəbul etməsini necə qarşılayırsınız? Sizə hədiyyə təklif eləsələr, qəbul edərsinizmi?” suallarını müğənni belə cavablandırıb:

“Hədiyyələr müxtəlif ola bilər. Qol saatı qızıl, sadə, brilliantdan da ola bilər. Kimsə kiməsə hörmət edib hədiyyə verirsə, niyə müsbət qarşılamayaq ki?!  Əksinə, təşəkkürlərimizi bildirərik. Sadəcə hədiyyəninin nəyə görə edilməsi maraqlıdır. Adama heç nəyi məqsədsiz vermirlər. Hədiyyə qəbul edəcəyimə inanmıram. 50, 100, lap 500 şabaş pulu verilə bilər. Amma lap bahalı hədiyyələr hansısa məqsəd güdülmədən verilmir”.






Fikirlər