“O evdə ki, qadın “mən deyən olmalıdır” deyirsə, ondan AİLƏ OLMAZ..."

“O evdə ki, qadın “mən deyən olmalıdır” deyirsə, ondan ailə olmaz...

Bir neçə gündür ki, şəhid xəbərləri ilə səhərimizi açıb, gecəmizi bağlayırıq. İnanın, bir ana kimi bu xəbərlər məni çox sarsıdır. İndi görün şəhid analarına bu necə təsir edir. O şəhid analarında mən qürur, mübarizlik gördüm. Başqa cür ola da bilməz. Çünki həmin qəhrəman övladları dünyaya gətirən də məhz həmin analardır. Onların əllərindən öpürəm, şəhid balalarımızın qarşısında baş əyirəm”
 
 "AzerTaym.az" bildirir ki,bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib. O, daha sonra iki il öncə yaşadığı duyğuları hər il sentyabr ayında yaşadığını bildirib.
“2-ci Qarabağ müharibəsi başlayanda oğlum gəlib dedi ki, “ana, mən Qarabağa gedirəm”. Müharibənin artıq 15-ci günü idi. O dönəmlər hamımız üçün həssas vaxtlar idi. Artıq vaxt yaxınlaşdıqca o günləri yaşamağa başlayırıq. Hər kəsin balası mənim balamdır. Oğlum ona görə cəbhəyə getmək istəyirdi ki, övladlarımız orada döyüşür, yaralanır və Bakıya gətirəndə iş-işdən keçmiş olur. Ona görə də cəbhəyə könüllü həkim kimi getdi. Əşyalarını yığanda övladları onun arxasınca elə ağlayırdılar ki, indiyə qədər o mənzərə göz önümdən getmir. O balalarımız üçün əlindən gələni etdi. Bu onun məsləyinin borcudur. Fəxr edirəm ki, o bizim əsgər balalarımızı, hərbçilərimizi həyata qaytara bilib” deyə sənətkar bildirib.
 
Tanınmış xanəndə qadının ailədəki rolundan da danışıb.
 
“O evdə ki, qadın “mən deyən olmalıdır” deyirsə ondan ailə olmaz. Hər zaman tarixdə də deyilib ki, qadın zərif məxluqdur, amma zəif deyil. Həqiqətən də qadın böyük qüvvədir. Hər zaman hər bir qadın istəyir ki, onun arxasında güclü bir həyat yoldaşı olsun. Bu zaman özünü daha çox xoşbəxt hiss edə bilər. Mənim arxamda güc var. Bir xanım olaraq həm ailəni, həm sənəti əvvəldən qoruyub saxlamağı bacarmışam. Sənətdə çox çətinliklərim olub, onları heç açıqlamaq da istəmirəm. Çətinlik deyəndə bəziləri maddiyatı nəzərdə tutur. Amma o qədər mənəvi çətinliklər çəkmişəm ki. Hər bir insanın 40-cı otağı var, bunu açıb-ağartmaq olmaz. Bəziləri bunu medianın ixtiyarına verir. Bunu paylaşmağa ehtiyac yoxdur. Bu mənə aiddir” deyə sənətkar bildirib.






Fikirlər