“Bu əsl hərbçi taleyidir və hərbçini ictimaiyyət tanımalı deyil, hərbçi ictimaiyyəti tanımalı və qorumalıdır. Polad deməli əsl hərbçi imiş. O, qırx beş illik keçdiyi ömürdə elə bir iz buraxdı ki, müstəqil Azərbaycanın tarixinə düşdü”
Bunu Moderator.az -a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. O, şəhid general-mayor Polad Həşimov haqqında kitabın çıxması üçün əlindən gələni edəcəyini bildirib:
“Əslində mən ço sevinirəm ki, biz Poladı şəhid olandan sonra tanıdıq. Bu əsl hərbçi taleyidir və hərbçini ictimaiyyət tanımalı deyil, hərbçi ictimaiyyəti tanımalı və qorumalıdır. Polad deməli əsl hərbçi imiş. O, qırx beş illik keçdiyi ömürdə elə bir iz buraxdı ki, müstəqil Azərbaycanın tarixinə düşdü. Hər şeydən, insanın sadəliyindən, peşəkarlığından və ən başlıcası vətənə məhəbbətindən başqa heç nə olmadığını xəbər verən o balkon bu gün artıq ziyarətgaha çevrilib. Yəni Poladı tanıtmaq üçün o balkonun fotosunu çəkib paylaşmaq lazımdır. Heç kimin ağlına gəlməzdi ki, o balkonun arxasında general ailəsi yaşayır. Biz, general deyəndə elə bildirik ki, onun mütləq qalası olmalıdır, amma onun qalası səngər, Azərbaycan Ordusu, torpaqları, əsgərləri idi. Polad haqqında nə etsək, azdır. İndi deyirlər ki, çətin günlərdə ziyalılar hara baxır. İndi mən bir sual verirəm, bəyəm Poladdan böyük ziyalımı var idi? Polad ictimaiyyətin tanımadığı ən böyük ziyalımız idi. Adamlar ziyalı deyəndə göz önündə olan adamları nəzərdə tutur. Amma gözdən-könüldən uzaq çox ziyalılarımız var və onlardan biri də Poladdır, onun polkovnik, əsgər dostlarıdır, Qarabağ və aprel döyüşlərində iştirak edən hərbçi yoldaşlarıdır. Polad Azərbaycan xalqın təzədən Qarabağa qaytardı. Şəxsən onun ölümüylə mən özümü Şuşada, nəşi gətiriləndə özümü Xankəndində hiss elədim. Onun eşqiylə orduya yazılmaq istəyənləri görəndə özümü Ağdamda hiss elədim. Mən qadınlarımızın cəbhəyə yazılmaq üçün ərizə verdiklərini gördüm və bütün bunlar Polad sevgisidir. Mən Poladın anasının simasını gördüm. Poladın ailəsi elə belə yaranmayıb, o bir polad sexində bişib. Poladın anasına baxanda görürsən ki, bu ana ancaq Polad kimi oğul doğa bilərdi. Əslində Poladdan da böyük ziyalı, qəhrəman və şəhid onun anasıdır. Mən onun anasından yazmaq istəyərdim. Polad haqqında kitabın çap edilməsiylə bağlı Azərbaycan Yazıçılar Birliyində məsələ qaldıracam ki, biz də öz töhvəmizi verək. “Ulduz” jurnalı olaraq da əlimdən gələn nə mümkündürsə, o, kişidən ötrü edəcəm. Çünki o, bizim hamımızın əlindən gəlməyən işi görüb”.
Qeyd edək şəhid general-mayor Polad Həşimov haqqında xatirələr kitabı çap edilməsi planlaşdırılır.
Fikirlər