Xalq artistləri Türkiyədəki zəlzələdən şokda: "Sözün gücü çatmır izah etməyə"

Xalq artistləri Türkiyədəki zəlzələdən şokda:

Artıq 3 gündür ki, Türkiyə təbii fəlakətin gətirdiyi bəlalardan əziyyət çəkir. Ölkədə fövqəladə vəziyyət və matəm elan edilib.

Moderator.az-da qohumları Türkiyədə yaşayan sənətkarlarla həmsöhbət olub. Xalq artisti Naibə Allahverdiyeva saytımıza açıqlamasında bildirib ki, qohumları zəlzələ bölgəsinə yaxın ərazidə yaşayırlar.
 
“Bu bütün türk dünyası üçün matəmdir. Bir neçə gündür özümə gələ bilmirəm. Türklər bizə hər zaman “can Azərbaycan” deyirlər. Biz bir millətik, qanımız, canımız birdir. Elə bil bir ananın iki övladlarıyıq. Qardaşımıza, bacımıza bir şey olarsa, necə ola bilər insan?! Bax mən o haldayam. Bilirəm ki, bütün Azərbaycan xalqı da mənim vəziyyətimdədir. Mənim üçün çox ağır günlərdir. Çadırlarda qalan, balaları ölən, evlərini-eşiklərini itirən insanlar üçün çox ağır bir faciədir. Əlimiz çatmır, insan fikirləşir ki, görəsən nə edə bilərəm?! Kaşki mənim də əlim çataydı, kaşki mən də gedə biləydim, nəsə kömək edə biləydim?! Amma insanın bəzən əli çatmır, nə etmək olar?! Mənim qohumlarım da ordadır, bacımgili də ora yaxın ərazidə yaşayırlar. Bacımın yaşadığı bölgədə də bu zəlzələ hiss olunub. Çox həyəcanlıdırlar, təşvişdədirlər. Tez-tez əlaqə saxlayıram, maraqlanıram. Onlar da hündür binalarda yaşayırlar. Çox acı durumdadırlar. Biz kənardan baxıb dəhşəti hiss edə bilərik, amma onların yanında deyilik. Onlar qədər bunu heç kim hiss edə bilməz” deyə sənətkar bildirib.
 
Xalq artisti Gülyanaq Məmmədovanın qaynanası da İstanbuldadır.
 
“Qaynanam, qaynım Türkiyədə, İstanbuldadırlar. Şükür Allaha, salamatdırlar, amma çox kefsizdirlər. Bir neçə tanışları var ki, zəlzələdən əziyyət çəkiblər. Qohumumuz, doğmamız Fərid həkim də Adanadadır. Fərid orada yaşayır, orada təhsil alıb, işləyir. Həyat yoldaşım da onun sayəsində sağlamlığına qovuşub. Tez-tez əlaqə saxlayırıq, səsində titrəyiş, qorxu, həyəcan hiss olunur. Tanıyıb, bildiyimiz həkimlərlə, hətta Adanada olan taksi sürücümüzlə belə əlaqə saxlamışıq. Hamısı təlaş içindədir. Belə kadrları yalnız yuxularda, kinoda görmək mümkün olardı. Amma bu dəhşətdir! Sözün gücü çatmır ki, bu baş verənləri izah edim” deyə sənətkar bildirib.






Fikirlər