QURBAN Yetirmişli: “Azərbaycan üçün ZƏLZƏLƏ QORXUSU yoxdur”
İrandakı güclü zəlzələ Azərbaycanda təlaş yaratdı. Noyabrın 12-də gecə saatlarında İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib. İran-İraq sərhədində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Belə ki, İrandakı zəlzələ sərhəd rayonlarında, Naxçıvan, Lerik, Lənkəranda 2-3 bala qədər hiss olunub. Bu isə əhalini təşvişə salıb. Əhali yenidən zəlzələ olacağından ehtiyat edir. Ümumiyyətlə insanlar arasında belə bir iddialar dolaşır ki, İran-İraq sərhədində baş verən zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilər. Modern.az xəbər verir ki, musavat.com-un əməkdaşı deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb. Q.Yetirmişli İran-İraq sərhədində baş verən güclü zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarının oyanmasına təsir edə bilməyəcəyini bildirdi: “Azərbaycan üçün zəlzələ qorxusu yoxdur. İnsanlar rahat ola bilərlər. İran İraq sərhədində baş verən zəlzələlər Azərbaycandakı heç bir zəlzələ ocağına təsir edə bilməz. Azərbaycanın zəlzələ ocaqlarında hazırda mühüm aktivlik müşahidə olunmur. Xırda və zəif hiss edilən zəlzələlər isə mütəmadi baş verir və bu normaldır. İranda isə hazırda zəlzələ ocağında proses davam edir və avtoşoklar bir müddət davam edəcək”. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bildirdi ki, zəlzələni öncədən yalnız heyvanat aləmi hiss edə bilər: “Zəlzələnin olacağını öncədən təxmin etmək mümkün deyil. Heç avadanlıqlar da zəlzələnin baş verəcəyini hiss eləmir. Avadanlıqlar ancaq 15-20 dəqiqə əvvəldən xəbər verməyə başlayır. İran İraq sərhədində baş verən zəlzələlər ölkəmizə toxunmayacaq. Çünki ora başqa zonadır, biz başqa zona. Biz şimala doğru gedirik, zəlzələ olan yer bizim bölgəyə aid deyil. Bizə Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları aiddir. Talış dağlarında zəlzələ baş verməyib ki, bizə də toxunsun. Türkiyənin də ancaq qərb hissəsində bu hiss olunub. Zəlzələnin təbii və ya süni, yəni tektonik silahlarda törədilmiş zəlzələ olduğunu heç kim bilə bilməz. Orada yaşayan alimlər, hətta sadə vətəndaşlar görsələr ki, it, pişik özünə yer tapa bilmir, olduğu yerdən həmişə qaçırsa, deməli, zəlzələ gözlənilir. Camaat həmin ərazini tərk etməlidir. Yox, əgər canlı aləm bunu hiss etmirsə, demək ki, bu süni zəlzələdir. Çünki zəlzələni heyvanat aləmi bir həftə əvvəldən hiss edir ki, nəsə hərəkətlilik olacaq. Bizimkilər deyir ki, zəlzələnin qarşısını ala biləcəyik, bunu öncədən hiss edən cihazlar icad olunur. Bu boş söhbətlərdir. Heç bir dövlətin gücü zəlzələnin qabağını almağa çatmaz”. Qeyd edək ki, zəlzələ olacağını düşündükdə insanın ağlına hər il tikilməkdə davam edən hündürmərtəbəli binaların taleyi ilə bağlı nigarançılıq gəlir. Mütəxəssislər zəlzələ olmayacağını desələr də, bu nə vaxtsa baş verə bilər. Bəs bu zaman son 10-15 ildə tikilən bu binaların taleyi necə olacaq? İçində minlərlə insanların yaşadığı bu binalar neçə bal gücünədək zəlzələyə dözümlüdür? Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov: “Azərbaycanda tikilən binalar 9 bal gücündə zəlzələyə hesablanaraq tikilib. Əsas zəlzələnin baş verməsi deyil, onun sirkələnmə müddətidir. Silkələnmə müddəti çox olarsa, istənilən binanı, tikilini dağıda bilər. Əgər silkələnmə müddəti az olarsa, bu binaya təsir edə də bilər, etməyə də. Azərbaycanda sovet dövründə hündürmərtəbəli binalar 8 bala hesablanırdı, müstəqillik dövründə isə 9 bala hesablanaraq tikilir. Bu tikililəri Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu 9 bal gücündə zəlzələyə davamlı olub-olmadığını yoxlayır və buna dair sənəd verir. Amma bu binalarla bağlı da bir məsələ var ki, zəlzələ baş verən zaman bina uçmasa belə pəncərələr qırıla, binanın üzlük astarı sökülə bilər. Amma binaların özünə əsaslı nəsə olacağına inanmıram. Ola bilər ki, 8 bal gücündə zəlzələ baş verərsə, bu binaların qırmızı kərpicdən tikilən hissələri, üzlük astarı, pəncərələri dağılsın. Amma bir məqam da var. Məsələn, 8-9 yox, 5-6 bal gücündə zəlzələ baş versin və bu beş dəqiqə davam etsin. Bu zaman bu binalar dağıla bilər. Yaxşı olar ki, 9 bal gücündə zəlzələ olsun, qısa müddət olsun, nəinki 6 bal gücündə uzun müddətli. Qısa müddət dedikdə bir dəqiqə və ondan az müddəti nəzərdə tuturuq”.