“Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...”
Son zamanlar aktual problemlərdən biri də sosial şəbəkədə şəxsin şərəf və ləyaqətini alçaldan təhqiramiz ifadələrin işlədilməsidir. Təbii ki, hər kəsin fikir bildirməyə haqqı var. Lakin heç kim bundan sui-istifadə etməməlidir. Bəzən şahidi oluruq ki, açıq səhifə işlədən, yaxud tanınmış insanların paylaşımlarının altına onu şəxsən tanımayan, bir dəfə olsun kəlmə kəsməyən adamlar gəlib təhqiramiz şərhlər yazır, söyüş söyürlər. Məhz buna görə də TikTok kimi sosial şəbəkələrin istifadəsinin məhdudlaşdırılması tələb olunur. Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, insanların bu hərəkəti uzun müddət qəfəsdə qalan göyərçini xatırladır: “Necə ki, göyərçin uzun müddət qəfəsdə qalır, sonra da bir dəcəl uşaq gəlir onun qapısın açır, bu zaman göyərçin əməlli-başlı fırlanır, göylərə qalxmaq istəyir. Amma görür ki, göy buna aid deyil. Sonra yenidən aşağı enməyə başlayır. İnsanlar da bax belə cızığından çıxır. Elə bilirlər ki, hər şey onundu, necə istəyirsə, elə də davrana bilər. Mənim 60 yaşım var. Lakin bir dəfə belə olsun TikTok istifadəçisi olmamışam. Çünki mənə TikTok lazım deyil. Tiktok işlədən insanlar isə qanmırlar. Qanmırlar ona görə ki, TikToku düzgün işlədəcək qədər başları yoxdur. İnsanlar TikTokdan ancaq ədəbsizliyi təbliğ etmək məqsədilə istifadə edir. Onlar düşünürlər ki, bu yolla içimizdəki pisliyi insanlara sırıya bilərik". Jurnalist deyib ki, bəzi adamlar ancaq qalmaqal yaradıb gündəmə gəlmək, məşhurlaşmaq istəyirlər: "Ona qalsa, mən də çox şey istəyə bilərəm, lakin düşünürəm ki, mənim savad dərəcəm ora qədər çatmır. Savad dərəcəsi çatanlar da cızığından çıxır. Müasir zəmanədə sosial şəbəkələrdə, elektron KİV-lərdə tez-tez bir-birin satma hallarına rast gəlinir. Bu hal isə rəqabət hissindən doğur. Üçüncü qrup insanlar isə ortada qalanlardı. İndiki zamanda kişi-qadın söhbəti yoxdur. Sosial şəbəkədə bir də görürsən kişi qadın kimliyinə, qadın isə kişi kimliyinə bürünür. O vaxtlar bir veriliş var idi. Həmin verilişə görə küçəyə çıxan zaman insanlar mənə hər cür söz deyirdi, sual ünvanlayırdı. Biri də qayıdıb deyir ki, filankəsə yardım üçün niyə az, digərinə isə çox maddi gəlir yığıldı. Mən bunların cavabın verə bilməyəndə aciz qalırdım. Nəhayət, mən özümü Xəzər TV-də tapdım. Mənə ən uyğun yer elə ora imiş. Bir neçə il bundan öncə cəmiyyətin ən aparıcı sahələri müğənnilər və jurnalistlər idi. Elə ki, pandemiya düşdü o başıboş, özünü varlı adam kimi göstərən müğənnilərin hər biri başladı ağlamağa. Lakin jurnalistika son dövrlərdə olduqca inkişaf edib. Çox savadlı aparıcılarımız var. Mən uşaqlarıma hər zaman deyirəm ki, ali təhsil, düzdür, vacibdir. Amma indiki göz önündə olanların əksəriyyəti diplomsuzdur. Övladlarıma daim deyirəm ki, sən lap fəhlə də olsan diplom almalısan ki, səhər gedib kiminsə evində daş daşıyanda səni aldatmasınlar. O vaxtlar Flora Kərimova ilə debata çıxmışdım. Durub ona kənar söz deyən adamı məhkəməyə vermişdi. Mən qayıdıb ona dedim ki, kimsə yazıb ki, Flora xanım yeriyəndə ayaqqabısı ayağından çıxdı. Buna görə adamı məhkəməyə verərlər? O şəxs sizin sayənizdə öz nüfuzun artırmaq istəyir. Siz niyə belə edirsiniz, dedim. Camaat elə bilir ki, kitab, qəzet oxumaqla savadlı olmaq olar. Savadlı olmaq onu oxumaq deyil, oxuduğunu qavramaqdır. İndi abır-həya deyilən şey qalmayıb cəmiyyətdə. İnsanlar boşanmağı və dəfələrlə evlənməyi özünə şərəf bilir.”