“Bizim evimizi yıxıblar” – Nailə Mirməmmədli

 

na`ile mirmemmedli 00 “Bizim evimizi yıxıblar” – Nailə Mirməmmədli

“MƏQSƏDİM ONLARI BİABIR ETMƏKDİR” 

Tanınmış bəstəkar Nailə Mirməmmədlinin adı son vaxtlar daha çox film və seriallardan eşidilir. O, Kənan M.M-in rejissorluq etdiyi bir neçə filmə mahnı yazıb. Amma onun seriallar üçün yazdığı mahnılar başqa bəstəkarlar tərəfindən oğurlanır. 

Bəstəkar mahnı oğurluğu və ümumiyyətlə musiqi aləmindəki mövcud problemlərlə bağlı AzNews.az-a verdiyi müsahibədə geniş söz açıb: 

- Mənim ilk mahnı yazdığım serial “Pərvanələrin rəqsi”dir. Həmin serialdakı mahnını hazırda “çevir tatı, vur tatu” eləyirlər. Müxtəlif mahnılara düzüb-qoşurlar, altına da öz imzalarını yazırlar.

-Bunu edənlər kimlərdir?

- Onlara nə müğənni deyərdim, nə də bəstəkar. Mənə dedilər ki, Elay adında biri var, əsasən Rusiyada konsertlər verir. Hər dəfə də mahnının altından yazır: “Mən milyonlar qazanıram”. Bu neyləyib? O, mənim “Pərvanələrin rəqsi” serialındakı mahnımın üstündə rep deyib. Görün, bu qədər də özbaşınalıq olar? Mən onu Müəllif Hüquqları Agentliyinin köməyi ilə tapdım. Buna görə onu məhkəməyə verdim. İndi onun məhkəməsinə hazırlıq işləri gedir. Ona dəfələrlə məktubla müraciət etdim. Telefon danışıqları oldu. Onu çağırdılar üzünə dedilər ki, sən belə bir hərəkət edibsən. 

-Bəs, o, nə dedi?

- Boynuna aldı ki, mahnını “Pərvanələrin rəqsi” serialından götürüb. Dedi ki, mənim səhvim o olub ki, mahnının altından Nailə xanımın adını yazmamışam. Bu, Nailə Mirməmmədli yaradıcılığında ilk hadisə deyil. Elə müğənnilər var ki, onların yaradıcılığını izləyirəm, mahnılarına qulaq asıram. Elələri də var, ki, heç tanımıram. Bəziləri də var ki, sadəcə qulağımı korlamaq istəmirəm. Bu yaxınlarda müğənni İzzət Bağırov “Ey dost” adlı bir mahnı oxudu. Gənc bəstəkar Zəfər Məmmədov yazıb. Mahnıya qulaq asanda elə bil “Pərvanələrin rəqsi” serialı təzəcə başlayır. İnan, əsəbimdən bilmədim nə edəm, Zəfəri tapdım danışdım. Dedim bu nədir? Mən hələ həyatdayam. Dedi ki, “vallah-billah mən bilmirəm, yəqin oranjimaçı edib…”. Dedim ki, lazım deyilsə niyə başqasının əməyini oğurlayırsan? Öz əziyyətinizi göstərin də. Öz rolunda çıxış et, niyə Nailənin əziyyətini oğurlayırsan? Sağ olsun, tamaşaçılar, bunu onlar mənə deyib. Mənə zəng edib deyirlər ki təzə mahnı yazmısan? Deyirəm yox. Deyirlər, axı İzzət üçün yazmısan. İzzətə deyirəm ki, bu sənə lazımdır? İndi bunları efirə çıxaracam, mətbuatla bir edəcəm ki, başqasının əməyini mənimsəməzlər. Düzdür, bu günə kimi belə şeylər etməmişəm. İndi haqqımı tələb etmək istəyirəm. Məqsədim onları biabır etməkdir. Bəlkə o zaman gecəni səhərə kimi işləyib, öz yolunu taparlar.

- İzzət Bağırov “Ey dost”u oxuyanda bilməyib ki, bu sizin “Pərvanələrin rəqsi” serialında səslənən mahnının üstündə yazılıb?

- Dedi ki, hiss etdim, nəsə oxşarlıq var, mən də baxmadım, bəstəkar verdi, mən də oxudum. Guya, Zəfər bunu “Şeron” qrupu üçün yazıb. Onlar əvvəl oxumaq istəyib, amma oxumayıb. 

Bu cür hallar mənim həm yaradıcılığıma, həm də ümumiyyətlə əhvalıma çox pis təsir edir. Yəni, məcburdurlar ki, kiminsə mahnılarını oğurlasınlar? Adını çəkməyəcəm, o vaxt bir qadın bəstəkar vardı, özünü tanıtmaq üçün mənim mahnılarımın kopyasını çıxarırdı. Mən məcbur olub özümə başqa bir yol seçdim. “Arzu” mahnım var, təsəvvür edin ki, onun estradada balaları yarandı, amma bəstəkarı başqaları idi. Bir kişi bəstəkar var, eynən mənim yolumla yazır. Bilmirəm nədir bu? Heç kim tərpənmək istəmir, heç kim də özünə əziyyət vermək istəmir. Sadəcə sözləri dəyişirlər, musiqinin əsas ürəyini oğurlayırlar. Baxın da İzzət Bağırovun oxuduğu “Ey dost”a, elə bil mənim mahnımdı. Dəhşətdir ey, deyirsən, deyir “eybi yox, oldu da, bir dənədir də”. Bir dənə deyil axı. Mənim bütün mahnılarımın kimlər tərəfindən kopyalanmasını dinləyici bilir. İnanın ki, bunu mənə camaat zəng edib deyir. İstəyirəm ki, onlar da sürünməklə deyil, əziyyət çəkib sənətin zirvəsinə dirmaşsınlar. Altına nə qoyursansa qoy, dağı dırmaşmaq lazım. Tarix ələyib çıxaracaq, zaman hər şeyi yoluna qoyacaq.

- Bir vaxtlar müğənnilərin repertuarında gözəl, duyğulu mahnılar var idi, bir-birindən mükəmməl əsərlər meydan çıxırdı. İndi sankı durğunluq yaranıb. Bunun səbəbi nədir?

- İlk növbədə ona görə ki, aidiyyəti qurumların bizə münasibəti düzgün deyil. Əslində bəstəkar hamıdan yaxşı yaşamalıdır. Düzdür, bu, mənim sənətimdir, hər kəs əziyyətinin bəhrəsini görür. Mən də hamı kimi əziyyətimin qarşılığını alıram. Amma çox istəyirdim ki, bizə münasibət, qayğı başqa cür qurulsun. Bəstəkarların elə yaşayış tərzi olsun ki, fikri-zikri ancaq sənətdə olsun, problem ardınca qaçmaqda yox. Yəni, nəhayət, mən opera yazmaq haqqında düşünüm; Hikmət Mirməmmədlinin yarımçıq qoyub getdiyi baleti də işləyim, problemləri düşünmədən ürəyimdə olan Azərbaycan mədəniyyətini bir az da zənginləşdirim. İndiki dövr çox yaxşıdır, hər şey var. Amma mənim bəstəkar kimi missiyam yoxdur. Elə məvacib alım ki, ona görə ürəyim istədiyi adama mahnı verə bilim. Arxivə baxsan, mahnılarım yatır qalır. Onların bəzilərinin ifaçıları da yoxdur. Gərək, onların ifaçılarını tapam. Evdə o qədər problem var ki, bilmirəm mahnı yazam, ya onun ifaçısını tapam. Təkəm, bütün ailəni dolandırıram. Aldığım da ancaq maaş və fəxri ada görə məvacib, vəssalam. Ondan artıq mənim gəlir yerim yoxdur. 

Bu saat heç kim öyrənmək istəmir. Hamı düşünür ki, kəsə yoldan irəli getsin. İncəsənətin dəyəri gözdən düşüb. Elə səviyyəyə gəlib çıxmışıq ki, yaşamaq üçün hər kəs hər kəsin əməyini oğurlamağa çalışır. Buna məcbur olanlar var. Musiqi peşəkarın əlindən çıxmalıdır. Bu olmasa, zövqlər korlanacaq. Bunu bir müəllim kimi deyirəm. Tək əldən səs çıxmır, bütün efirlər buna söykənməlidir. Heç kimin vecinə deyil. Bütün efirlərin bədii şurası olmalıdır. Normal adamlar orada yer alıb, normal musiqilər efirdə təbliğ olumalıdır. Belə olmasa, normal tamaşaçı cəlb edə bilməcəyik. Zövqlər korlanmaqda davam edəcək.

- Hesab edirsiniz ki, Bədii şuralar yaransa, təkcə efirlər qaydaya salınsa bu problemləri aradan qaldırmaq olacaq?

- Bu məsələlər çox vacibdir. Bədii Şura yaradılmalıdır. Peşəkarlar evlərindən çıxardılıb şurada otuzdurulmalıdır. Klassik musiqiyə yer verilməlidir. Elə möhtəşəm əsərləri var ki, efir üzü görməyib. Nəyə görə? Çünki ara mahnılar aranı qatıb, evimizi yıxıblar, Azərbaycan musiqisi yox olub gedib. Çox acınacaqlı vəziyyət yaranıb.






Fikirlər