“Hamı bilir ki, 37 yaşlı kişi 13 yaşlı qızı niyə alır” - Aktrisa üsyan etdi
Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Məlumata görə, qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Kübra Əliyeva od püskürüb. O, yeniyetmələri bu yaşda ailə qurmağa sövq edənləri qınaq atəşinə tutub: “Bu, qətiyyən düzgün deyil. Kim bunu alqışlayıb yaxşı münasibət göstərə bilər? Qızlarımız təhsil almalı, əllərində sənəti olmalıdır. Oğlanın 37 yaşı var, vaxtında evlənsə, o boyda qızı vardı. Ayıb deyilmi?! Belə şeylər eşidəndə adamın əti tökülür. Qızlar indi tez böyüyür deyə ərə gedib 14 yaşında uşaq doğmalıdır?! Bu nə yanaşmadır? O yaşda qızın bədəni də buna hazır deyil, həmin uşaq oxumalı, oynamalıdır. Mən bu cür halları heç yaxşı qarşılamıram. Yazıq o qıza, o heç vaxt xoşbəxt ola bilməz. O yaşda qız məktəbə getməlidir, valideynləri buna görə məsuliyyət daşıyırlar. Məktəb buna necə icazə verir? Məktəbdə soruşmurlar ki, bu uşaq niyə dərsə gəlmir? Məktəblər həyəcan təbili çalmalıdır. 13 yaşında uşağı ərə vermək olarmı?! Onun bədəni inkişaf etməyib. Bütün gün telefonla oynamaqla inkişaf olarmı? İndiki uşaqlar telefondan, “TikTok”dan yapışıblar”. Aktrisa bu izdivacın bioloji baxımdan da uyğun gəlmədiyini bildirib: “O uşağa yazığım gəlir. 13 yaşlı qızın 37 yaşlı kişi ilə birlikdə olması təcavüz sayılır, evlilik yox! Deyəcəklər ki, hələ ki, nişanlanıblar, evlənməyiblər ki... Amma bu da yanlışdır! Qız 17 yaşına çatanda kişinin 41 yaşı olacaq. Bu yenə təcavüz sayılır. Təsəvvür edin, 13 yaşlı uşaqla o boyda bir kişi yaxınlıq edir. Cinsi nöqteyi-nəzərdən bu, təcavüz sayılır. 13 yaşlı uşaq hələ heç özünü tanımır, anasından kömək alır. Onun geyiminə anası nəzarət edir, o yaşda hələ yeni-yeni qadınlıq hissiyyatı oyanır. O yaşda uşağın yanında anası olmalı, qadınla bağlı olan məsələləri başa salmalıdır, 37 yaşlı kişi ona nə başa salacaq?! O kişi uşağa heç nə başa salmayacaq, nə edəcəyini isə xalq yaxşı bilir! Ayıb olsun! Hamı bilir ki, o qızı niyə alır. Aralarında 24 yaş fərq var. Adam dəhşətə gəlir!”.