Cəmiyyət nə üçün şouya bu qədər maraq göstərir?
İnsanların şouya bu qədər böyük maraq göstərməsi hər zaman düşündürücü olub. Çox maraqlıdır ki, gündəm nə olursa-olsun istənilən şou xəbəri bir anda trendə çevrilə bilir. Əlbəttə ki, bu, çox absurd bir haldır. Ölkədə və dünyada bu qədər mühüm proseslər gedərkən, hansısa müğənninin geyiminin müzakirə olunması məntiqə sığmır. Di gəl ki, insanlar buna üstünlük verir. Nə qədər qəribə də səslənsə, hər kəs şou xəbərlərini tənqid etsə də gedib onu oxuyur. İstənilən sayta daxil olduqda ən çox oxunmanın məhz şou xəbərlərində olduğunu görə bilərik. Hətta ona görə sponsorlar da reklam verərkən məhz həmin xəbərlərdə öz məhsullarını yerləşdirmək istəyirlər. Çünki bilirlər ki, insanlar mütləq onu oxuyacaq. Bir tərəfdə hansısa müğənninin ayaqqabısının qiyməti olan xəbər digər tərəfdəki çox böyük həyati əhəmiyyət kəsb edən elmi kəşfdən 5-10 min daha çox oxunur və IP gətirirsə, bu, artıq faciədir. Bəli, nə qədər acı olsa da reallıq budur. Ona görə bütün ciddi saytlar mütləq şəkildə şou/maqazin bölməsi də açırlar. Demək olar ki, reytinq və qazanc gətirən xəbərlər şoudan olduğu üçün bu addımı atmağa məcbur qalırlar. İnsanların tanınmaşların hər addımını, şəxsi həyatlarını, açıqlamalarını bu qədər yaxından izləməsinə səbəb nədir? sualı isə öz cavabını tapa bilmir. Üstəlik, bu, təkcə bizim ölkəyə aid bir xüsusiyyət deyil. Dünyaya nəzər salanda görürük ki, eyni tendensiya Türkiyə, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə də mövcuddur. Belə olan halda suallar yaranır? Şou xəbərləri çoxmu maraqlıdır? Birmənalı olaraq deyə bilərik ki, xeyr! Bəs sözügedən xəbərlər bizə nələrsə qatır? Təbii ki, xeyr! Bu sualları hədsiz sayda artırmaq olar. Amma sualların artması cavabı dəyişdirmir. Bizə heç bir faydası olmayan, bizim üçün heç bir əhəmiyyət kəsb etməyən xəbərləri niyə bu qədər maraqla izlədiyimiz böyük bir müəmmadır. Yaxşı olar ki, şou xəbərləri oxumaq yerinə maarifləndirici, maraqlı və bizə nələrsə qatacaq məlumatların olduğu xəbərləri oxuyaq. Deməyin ki, belə xəbərlər yoxdur. Əksinə, indiki internet dövründə belə məlumatları tapmaq çox sadədir. Üstəlik, məlumatın əlçatanlığı heç bu qədər asan olmamışdı. Bütün bunlara rəğmən insanların böyük bir əksəriyyəti hələ də şou xəbərləri oxumağa davam edirlər. Ümid edirik ki, bu "pis vərdiş" bir gün tarixə qovuşacaq...