Novruz bayramına sayılı günlər qalıb. Evlərdə artıq bayram hazırlıqları başlayıb, insanlar baharın gəlişinə xüsusi hazırlaşır. Əlbəttə, Novruzu Bahar qızı, Keçəl və Kosasız təsəvvür etmək mümkün deyil. Novruz personajları sənət adamları içərisindən seçilsəydi, Bahar qızı, Keçəl və Kosa kim olardı?
Musavat.com saytı sənət adamları və şou-biznes yazarları arasında sorğu keçirib. Onlardan şou-biznesin Bahar qızı, Keçəl və Kosası olaraq kimi gördüyünü soruşub.
Müğənni Samira Allahverdi Bahar qızı olaraq bir neçə xanım müğənninin adını açıqlayıb: “Bahar qızı xanım-xatın olmalıdır. Lalə Məmmədova, Zülfiyyə Xanbabayeva, Nura Suri ola bilər. Onlarda şarm var. Keçəl Arzu Rzayev olmalıdır, çünki illərdir ki, stilini dəyişmir. Kosanın isə saqqalı olmaldır, şou-biznes nümayəndələri arasında saqqalı bəylərimiz çoxdur”.
Teleaparıcı İlkin Həsəni Bahar qızı Aygün Kazımovanı hesab edir: “Bahar qızı olaraq illərlə yaddaşımızda Aygün Kazımova qalıb. Amma “Axırıncı yol” filminin Aybənizi – Nicat Rəhimov da Bahar qızı ola bilər. Keçəl isə “Bozbash picture” komandasının üzvü İlkin Misgərli olmalıdır”.
Müğənni Sevda Sanalıyeva Bahar qızı olaraq özünü gördüyünü açıqlayıb: “Şou-biznesin keçəli Elariz, kosası Zamiq, Bahar qızı özüm olum. Hazırda hamilə olduğum üçün kilo alsam da, Bahar qızı özümü görürəm”
Rəqqasə Fatimə Fətəliyeva isə özünü Novruz personajı olaraq təsəvvür etmir: ”Şou-biznesin Kosası Rüfət Axundov, Keçəli Arzu Rzayev, Bahar qızı Samira ola bilər”.
Şou yazarı Elvin Elxan Aygün Kazımova ilə Röyanı Keçəl və Kosa obrazında görür: “Şou-biznesin Bahar qızı, məncə, Zeynəb Xanlarova ola bilər. O xanım onun bir çox xüsusiyyətlərini özündə əks etdirir. Məsələn, Bahar qızı kimi ayağının sayalı olması, surətin məlahətli, xoşsimalı olması və s. Bahar qızı ildə bir dəfə göründüyü kimi Zeynəb Xanlarova da ildə bir dəfə görünür. Amma o Bahar qızından fərqli olaraq 31 dekabr tarixində AzTV-nin efirinə çıxır. Şou-biznesin Kosası Aygün Kazımova, Keçəli isə Röya Ayxandır. Niyə məhz xanımlar? Çünki, Kosa və Keçəlin mübarizəsini digər kişi sənətçilərdə görə bilmirəm. Kosa ilə Keçəl qışla yazın mübarizəsini həmişə aparırlar. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Onlar bir-birilərini sətiraltı tənqid edirlər”.
Lent.az saytının əməkdaşı Yalçın Süleymanov “Şou-biznesin Kosa və Keçəli” Coşqun Rəhimovla İlqar Xəyalı adlandırıb: “Bu il Bahar qızı Natavan Həbibi olmalıdır. Düşünürəm ki, Bahar qızı xaraktercə güclü, sülhsevər olmalıdır. Nata ilə də son zamanlar sülh bağlayırlar. Keçəl Arzu Rzayev yox, İlqar Xəyal ola bilər. Tük əkdirməsəydi, Elariz Məmmədoğlunu da bu siyahıya qatmaq olar. Amma İlqar tam uyğundur. Kosa da Coşqun Rəhimov olsun. Çünki Kosa obrazına tam uyğundur”.
Big.az saytının müxbiri Mirvari Nəcəf isə mövzuya fərqli prizmadan yanaşıb: “Məncə, Kosa Vasif Məhərrəmli olmalıdır. Vasif Məhərrəmli Kosa personajına tam uyğundur. Keçəl obrazında Nadir Qafarzadəni görürəm. Çünki, N.Qafarzadə bir müddət öncə verdiyi açıqlamasında bu personajları “düşük” adlandırmışdı. Hər kəs çörəyini bir yerdən qazanır. Bulvarda neçə Şaxta baba, Qar qız, yayda uşaqları əyləndirmək üçün maraqlı personajlar olursa, bayramlarda, toyda şən klounlar olur. Onda belə çıxır ki, bütün bu obrazlar düşükdür? İnsanları ruzi qazandığına görə “düşük” adlandırmaq olmaz. Buna görə də Nadir Qafarzadə Keçəl personajında olsa, bəlkə bu dediyindən peşman olar. İnsanları öz silahları ilə cəzalandırmaq daha doğru addımdır”.
AzerTaym.az