Tələbəsi ilə evlənən, xərçəngin qurbanı olan azərbaycanlı məşhur – FOTOLAR

Fərqli səs tembri, koloritli görünüş, üstəgəl də istedad - Bu xüsusiyyətlər onu milli kinomuzun sevilən aktyoruna çevirmişdi. Xalq artisti Şahmar Ələkbərovu deyirəm, bu gün onun doğum günüdür.

Publika.az xəbər verir ki, 1992-ci ildə cismani ömrü ilə vidalaşan aktyor bu gün yaradıcılıq ömrünü davam etdirir - saysız-hesabsız filmlərdə oynadığı rollarla.

 Şahmar Ələkbərov Adil İsgəndərovun sevimli tələbələrindən olub. Elə onun sayəsində aktyor hələ tələbə ikən filmlərə çəkilib. Ə.İsgəndərov kinostudiyadan işdən çıxarılandan sonra digər tələbələri kimi, onu da gözümçıxdıya salırlar. Aktyor çətinliklərlə üz-üzə qalır.

 Arzuları çox idi, filmlərdə oynamaqla yanaşı, həm də özünü rejissor kimi də sınamaq istəyirdi. Sınadı da. Baxmayaraq ki, ustadı Adil İsgəndərov onun rejissorluq qabiliyyətini qiymətləndirmirdi. Amma o, arzusunu ürəyində qoymadı, bir neçə film çəkdi. Ömrünün son illərində Əliağa Vahidin həyatından bəhs edən “Qəzəlxan” filmini böyük ekrandan seyr etməksə, ona nəsib olmadı.

 O, xoşbəxt ailə başçısı idi. Tələbəsi ilə ailə həyatı qurmuşdu. O, sevdiyi qızla ailə qurmaq üçün dörd il mübarizə aparmışdı. Qızdan rədd cavabı alsa da, bu sevdadan dönməmişdi.

 Ş.Ələkbərov sağalmaz xəstəliyə tutulmuşdu. Diş həkiminin dilini zədələməsi üzündən xəstəlik tapan, xərçəngə mübtəla olan aktyor yavaş-yavaş əriməyə başladı. Rusiyada müayinə olunan aktyorun dərdinin çarəsiz olduğunu dedilər. Bu çarəsiz dərdlə də bir gün bu həyatla vidalaşdı.

 Amma bu gün də aktyor oynadığı filmlərdə öz ömrünü yaşamaqda davam edir.

 

 * Fotoları təqdim edirik

 






Fikirlər