Rasim Balayev “OD PÜSKÜRDÜ...” -“NƏ KİNO VAR, NƏ SƏNƏT!”

Xalq artisti Rasim Balayevi hər bir Azərbaycan tamaşaçısı çox yaxşı xatırlayır.  “Nəsimi”, “Babək”, “Dədə Qorqud” filmlərindəki oynadığı rollarla tamaşaçı sevgisi qazanıb.
 
Günümüzün bugünkü reallığında nədənsə xalq artistimizi görmürük. Azərbaycanın efir məkanında yerli serialların, filmlərin yer aldığı bir vaxtda görəsən, Rasim Balayev niyə peşəsindən uzaqda qalıb?!
 
Aktyorun çəkiliş meydançasından kənar dayanmasının səbəbi nədir?!
Sən demə, xalq artisitimiz obraz yaratmaq üçün çəkiliş meydançasına dəvət alır, amma bundan imtina edir.  
“Azərbaycanda çəkilən serial və filmlərə dəvət alsam da imtina edirəm. O filmlərdə çəkilmək istəmirəm. Çünki seriallar, da filmlər də çox zəifdir. Ssenari, rejissor  yoxdur.
Nə kino var, nə də sənət. Bunların hamısı əlavə qazancdır. Çəkilən filmlərdə kinoya aid heç nə görmürəm. Kim nə istəyir onu da danışır”.  
“Çəkilməkdən imtina etdiyiniz filmlərə baxırsınızmı?” sualına xalq artisti belə cavab verib.
“Adətən kimi dindirirsən deyir yeni seriallara baxmıram. Amma mən baxıram. Ətim tökülür və tez kanalı dəyişirəm. Sənətdən əlamət görmürəm.
Vaxtilə filmlərə çəkilmişəm. İşimi görüb oyundan çıxdım. İndi növbə onlarındır. Mənim zamanım artıq gedib. Mən belə film və serialları qəbul etmirəm. Ola bilsin ki, yeni aktyor komandası məni köhnəfikirli adam hesab edə bilər. Öz işləridir”.  
Rasim Balayev vaxtilə bir yerdə çalışdığı sənət dostlarının yeni filmlərdə çəkilməsinin səbəbləri barədə də danışıb.  
“Yeni seriallarda çəkilən aktyor dostlarıma heç nə  deyə bilmərəm. Əcəb edib çəkilirlər. Özləri bilər. Pula ehtiyacları var. Elə bilirsiz ki, köhnə aktyorlar yeni filmlərə çox maraqla, həvəslə sənət eşqi ilə  çəkilirlər?!
Əsla yox. Sadəcə ailəni saxlamaq üçün hardasa çalışmaq lazımdır. Günə 50-100 manat qazancları olur. Əslində, mənim də o pula ehtiyacım var. Sadəcə, ciddi həyat tərzi keçirirəm. Təqaüdlə birtəhər dolanıram”.
O, səhhətindən də söz açıb.  
“Əlbəttə, 20-30 il bundan qabaqkı Rasim Balayev deyiləm. Səhhətimdə müəyyən problemlər var. Şəkərim, təzyiqim olur. Artıq yaşlanmışıq. Dərmanlarla keçinirəm”.  (Modern.az)
 
 






Fikirlər