Aldadılaraq mülkiyyəti əlindən alınan Xalq artisti ilə bağlı ŞOK FAKTLAR
“Ayazlı-şaxtalı bir qış axşamı yeddi qardaş olub, yola düşdülər…” “Yeddi oğul istərəm”in başçısı, Sarı Şəmistanın sağ əli olan Bəxtiyarın - xalq artisti, sevilən aktyor Həsən Məmmədovun xatirə günüdür. Azərbaycan kinosunda Dədə Qorqud, Bəxtiyar, Qaraş, Murad, Abbasqulu Ağa Şadlinski və daha neçə belə yaddaqalan obrazlar yaradan sənətkarımızı tələbə yoldaşı, xalq artisti Rafiq Əzimovla birgə yad edəcəyik. Publika.az aktyorla müsahibəni təqdim edir. - Rafiq müəllim, gəlin biraz ondan danışaq, həm tələbə yoldaşı, həm də yaxın dostunuzdan… - Düzdür, Həsən mənim həm tələbə yoldaşım olub, həm də yaxın dostum. O birgə təhsil aldığımız Teatr İnstitutuna Universitetdən gəlmişdi. Riyaziyyat fakültəsinin birinci kursunu bitirən Həsən Məmmədov müəllim olmaq istəmədi. - Müəllim olmaq istəmirdisə, niyə həmin ali məktəbi seçmişdi? - Əslində, müəllim olmağını atası istəyirdi. Elə atasının istəyi ilə də sənədlərini həmin fakültəyə vermişdi. Amma sonradan ürəyinin səsinə qulaq asıb. Görüb ki, yox, onun daxili aləmi başqa söz deyir. Riyaziyyat onun daxili aləmini ifadə edə bilməzdi. Buna görə də qərarını dəyişib, aktyorluq peşəsinin ardınca Teatr İnstitutuna gəldi. Hətta buna görə bir müddət atası ilə küsülü də qaldılar. - Bəs, atası ilə necə barışdı? - Həsən tələbə vaxtı “Böyük dayaq” filmində Qaraş roluna çəkildi. Film bütün Azərbaycanda sevildi, hər kəs Qaraşdan danışırdı. Atası Qaraşa görə Həsəni bağışladı. - Həsən necə tələbə idi? - Əvvəllən, onu deyim ki, çox qəribəlikləri vardı. Kənd uşağı olsa da, qapalı idi, dinib-danışmazdı. Biz görkəmli rejissor Məhərrəm Haşımovun kursunda oxuyurduq. Özümüzü öldürürdük ki, onun rəğbətini qazanaq. Yadımdadır ki, Həsən bizim kimi canfəşanlıq etməzdi. Birinci kursun sonunda Məhərrəm müəllimin qarşısında etüd göstərməli idik, fikirləşirdik ki, ilboyu bir dəfə də olsun etüd hazırlamayan Həsən, görəsən, vəziyyətdən necə çıxacaq? Buna görə çox həyəcanlanırdıq. Qorxurduq ki, birdən imtahandan kəsilər. Biz bir neçə etüd göstərdik, növbə çatdı Həsənə. Həsən o vaxt çox məşhur olan Amerika filmi-“Qəlp pul”da kor bir dilənçi obrazını təqdim etdi. O qədər gözəl oynadı ki, təəccübdən gözümüz kəlləmizə çıxdı. Demək istəyirəm ki, bu adam hazırlıqsız-filansız, anadangəlmə istedad idi. - Tələbəlik illəri ilə bağlı xatirələriniz çox olar yəqin? - O qədər… Tələbəlik illərində Həsənlə mən pul qazanmaq üçün “Azdrama”da kütləvi səhnələrə çıxırdıq. Həm də özümüzü bir aktyor kimi sınamaq istəyirdik. Yadımdadır ki, hər çıxışımıza görə, bizə 80 qəpik qonorar ödəyirdilər. Tələbə təqaüdümüz də vardı, üstəgəl,bu qonorar. Həmin pula bəy kimi dolanırdıq. Qismət elə gətirdi ki, ikimizi də eyni vaxtda təyanatla “Azdrama”ya göndərdilər. - Aktyorluq fəaliyyətinə teatrda başlasa da, daha çox filmlərdə çəkilib, özü də baş rollarda… - İlk dəfə onu “Böyük dayaq” filminə rejissor Həbib İsmayılov dəvət etmişdi. Həsən üçüncü kursda oxuyanda “Toy” komediyasında Şeyda rolunda oynayırdı. O vaxt həmin tamaşa Azərbaycan televiziyasında da nümayiş olundu. Həbib müəllim həmin ərəfədə, sən demə, Qaraş roluna aktyor axtarırmış. Həsəni görən kimi, axtardığını tapdığını düşünüb. Həmin vaxt bir neçə tanınmış aktyor da sınaq çəkilişlərində iştirak etmişdi. Amma Həsəni seçmişdilər. - Sağlığında mənə verdiyi müsahibələrinin birində ən çox Qaraş rolunu sevdiyini demişdi… - Qaraşı çox sevirdi – həm özü kənddə böyümüşdü, həm də Qaraş onun kinodakı ilk rolu idi. Amma mən hesab edirəm ki, Həsənin yaratdığı Abbasqulu ağa Şadlinski, Bəxtiyar və digər rolları da kinomuzda iz buraxan mükəmməl obrazlardır. - Həmişə onu baş rollara çəkiblər. Bu mənada onu şanslı aktyor saymaq olar. Rejissorların diqqətini, sizcə, daha çox nəylə cəlb edirdi? - Həm daxili aləmi, həm də xarici görkəmi ilə. Hündürboylu, həm də çox xarizmatik adam idi. Çox qəribə gözləri vardı... İnsanı özünə cəlb edir, daim diqqət mərkəzində olurdu. Həm də təbii oynayırdı. Rejissorlar bilirdilər ki, o filmdə Həsən çəkiləcəksə, film uğur qazanacaq. - Bildiyimizə görə, sevənləri də çox olub? Aktrisa Nuriyyə Əhmədova deyir ki, “Həm ziyarət, həm ticarət” filminin çəkilişləri zamanı Türkiyədə hamı elə bilirmiş Həsən Məmmədov Hollivud aktyorudur… - Yaraşıqlı kişi idi. Cavanlıqda xanımlar onun arxasınca düşürdülər. - Doğrudurmu ki, Həsən Məmmədov “Gün keçdi” filmində açıq-saçıq sevgi səhnəsinə görə rejissora etirazını bildirib, rejissor da onunla razılaşıb… - Hansı səhnəyə görə? - Oqtay Əsməri otağa dəvət edib, sevgi səhnəsi qurulacaqmış, Həsən də etiraz edib ki, başqasının arvadını evə gətirib, sevişmək Azərbaycan kişisinə yaraşmaz… - Ola bilər. Çünki Həsən mentaliteti nəzərə alan adam idi. - Bayaq dediniz ki, qəribəlikləri vardı, nə idi o qəribəliklər? - Özünəməxsus həyat tərzi vardı. Poluxin küçəsində birotaqlı ev kirayələmişdi. Haçan gedirdim, görürdüm ki, təkcə oturub, qabağında çayı, radioda xarici mahnılara qulaq asır. Bundan zövq alırdı. Qaradinməz idi, amma gözlənilmədən zarafatlar edirdi. Yadımdadır ki, tələbə vaxtı müəllimlərimiz ona deyirdilər ki, ay Həsən, niyə bu qədər qaradinməzsən, sən də uşaqlarla de,gül, zarafat elə. Bir xatirə yadıma düşdü. Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva da bizimlə eyni kursda oxuyurdu. Tələbə vaxtı ailə qurmuşdular, hamilə vəziyyətdə dərsə gəlirdi. Artıq sonuncu həftələri idi. Uşağın doğulmasına az qalmışdə. Solmaz dərsə gəldi. Qapının ağzında stul qoyduq ki, otursun. Həsən qəfildən o stulu çəkdi, Solmaz gupultu ilə yerə yıxıldı. Dəli olduq ki, bu neyləyir? Su dalınca qaçdıq, onu özünə gətirməyə çalışırıq, Həsənsə qəşş edib gülür. Yaxınlaşdım ki, Həsən, belə zarafat olar? Heç vecinə də olmadı, əksinə, bizdən incidi ki, noolub, başqa vaxt deyirsiniz qaradinməzəm, zarafat da başa düşmürsünüz. “Flaminqo” filminin çəkilişləri vaxtı da belə zarafatlardan birini etdi. O filmə mənim 7 yaşlı oğlumu da çəkirdilər. Bir gün çəkiliş zamanı rejisor Tofiq Tağızadə nə illah elədisə, uşaq rolunu oynamaq istəmədi. Mənim də sözümə fikir vermədi. Tofiq müəllim axırda əsəbiləşdi ki, gedin başqa uşaq tapın, bunun da paltarlarını əynindən çıxarıb ona geiyndirin, mənim uşağın nazıyla oynamaq fikrim yoxdur. Həsənlə də Şahmar Ələkbərov qıraqdan oturub sakitcə bizə baxırdılar. Uşağın əynini dəyişəndə gördüm Həsən qımışır. Yaxınlaşdım ki, Həsən, noolub, uşağa nə demisiniz? Sonradan bəlli oldu ki, Həsənlə Şahmar uşağı öyrədiblər ki, biz sənə deməyənə qədər çəkilmə. Sən demə, həmin filmin qonorarını ləngitdikləri üçün Həsəngil Tofiq Tağızadəni hirsləndirmək istəyiblərmiş. Bax, belə qəribə insan idi. - Özü necə, zarafat götürürdü? - Əhvalından asılı idi. Onu da deyim ki, Həsənin filmlərinin uğurlu alınmasının bir sirri də vardı. O çəkilişlər başlayandan ta filmin axırına qədər rolun təsiri altında yaşayırdı. Bəxtiyarı oynayırdısa, Həsən adi həyatda da dönüb Bəxtiyar olurdu. Onunla zarafat etmək olmurdu, əsəbiləşirdi. Oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı, bu adam rolu ilə yaşayırdı, nəfəs alırdı. Tarzən tarı kökləyən kimi o da özünü rola kökləyirdi. - Heç xəstəlikdən şikayətlənirdi, çünki ölümü qəfil oldu? - Qətiyyən. “QAZ 24” markalı maşını vardı. Bir gün gördüm ki, pörtüb, soruşdum ki, təzyiqin var? Təəccübləndi ki, nə təzyiq? Apardım həkimə, təzyiqini ölçdülər, gördülər ki, təzyiq 240-dır. Tibb bacısının gözü hədəqəsindən çıxdı. Onu bir neçə dəfə həkimə aparmışdım. Özünə fikir vermirdi. Axırda da ürəyi ona naxələf çıxdı. - Problemləri çox idi? - Çox abırlı adam idi. Kimsəyə ağız açmağı xoşlamazdı. Dərdini içində çəkidi. Ulu öndərimiz Heydər Əliyev onu bir aktyor kimi çox istəyirdi, dəfələrlə tamaşalarına da gəlib baxmışdı. Ulu öndərin sərəncamı ilə Həsənə ev də verilmişdi. Sonralar bəzi məmurlar evin əvəzinə ona torpaq sahəsi verdilər. Amma orda ev tikdirə bilmirdi. Bir neçə dəfə aldadıb, torpağını əlindən almışdılar. Heç kiçik oğlunu da evləndirə bilmirdi. Axır vaxtlar kinoya çəkilmirdi, işçiz idi. Polad Bülbüloğlunun köməyi ilə “Azdrama”ya işə qayıtmışdı. * Fotoları təqdim edirik