“Babək” filminin Buğdayı- 20 ildən sonra Azərbaycana döndü - MÜSAHİBƏ

 “Babək” filminin Buğdayı- 20 ildən sonra Azərbaycana döndü - MÜSAHİBƏ

"Babək” filminin Buğdayı 20 ildən sonra Azərbaycana döndü: "Yaltaqlana bilməzdim...” - MÜSAHİBƏ

"Azadlığı sevdiyim üçün aktyor oldum”
 Uzun müddətdir Rusiya Federasiyasının Tver vilayətində yaşayan aktyor Məhəmməd Verdiyev 20 ildən sonra Azərbaycana qayıdıb. Aktyor Vətənə qayıtdıqdan sonra ilk müsahibəsini "Report"a verib
- Hər kəsin "Babək" filmində Buğday kimi tanıdığı Məhəmməd Verdiyev əslində kimdir?
- 1959-cu ildə Kəlbəcərdə doğulmuşam. Üç yaşımda ailəmizlə birlikdə Laçına, oradan Yardımlıya köçmüşük. Orta təhsilimi VIII sinifə qədər Yardımlıda aldım. Ancaq atamın işi ilə əlaqədar Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirdim. Sonradan çətinliklə incəsənət institutuna daxil oldum.
 
- Bəs niyə çətinliklə? İcazə vermirdilər?
- Atam narazı idi. Bizim nəslimizdə incəsənət adamı olmayıb. Atam uzun illər birinci katib vəzifəsində çalışıb. Ailədə 7 uşaq olmuşuq. Atamın fikrindən də keçməzdi ki, mən məhz bu sahəni, aktyorluğu seçəcəyəm. Orta məktəbi bitirdikdən sonra atamın arzusu ilə o zamanlar "narxoz" deyilən Xalq Təsərrüfatı İnsitutuna daxil oldum. Amma orada oxumaq istəyim yox idi. Sonra atam dedi ki, gəl, səni Hüquq fakültəsinə göndərək. Atamın xətrinə dəymədim, razılaşdım. Qulu Xəlilov atamın dostu idi. Məni imtahanlara hazırlaşdırmağa başladı. Atam məzuniyyətə getdi və mən dərslərdən "qaçdım". Fikrim aktyor olmaq, İnsəcənət İnstitutuna daxil olmaq idi. Atam gördü ki, onun istədiyi sahələrə marağım yoxdur. Mənə dedi ki, sən nə istəyirsən? Dedim ki, aktyor olmaq istəyirəm Atam da dedi ki, mən səndən əlimi üzdüm. Hara istəyirsən get. Sənədlərimi İncəsənət İnstitutuna verdim. İmtahanı Adil İsgəndərov götürürdü. Mənim səsimi bəyənmişdi. Xüsusi heç nə soruşmadı. Adil müəllimdən 5 aldım. Beləliklə, aktyor olmaq arzuma çatdım.
- Məhəmməd müəllim, imkanlı ailədə böyüyən gənc niyə çətin, keşməkeşli, pul-parası olmayan bir sənəti seçdi? Həyatınızı daha yaxşı qura bilərdiniz?
- Bilirsiniz niyə? Mən həmişə inqilabçı olmuşam (gülür). Bilirsiniz niyə inqilabçılar bu yolu seçirlər? Ona görə ki, azadlığı sevirlər.
- Aktyor azadlığı sevir?
- Əlbəttə. Aktyor azadlığı sevməsə, əsl aktyor ola bilməz.
- Axı, aktyorluq asılı sənətdir...
- Həmin asılılıqdan sən azad olmalısan. Mən azad olmaq üçün aktyorluğu seçdim. Həyatı dərindən başa düşmək üçün aktyorluqdan gözəl sənət yoxdur. Ona görə də mən sonralar müəllim kimi çalışdığım İncəsənət İnstitutundan öz ərizəmlə çıxdım.
- Sizin azadlığınıza məhdudiyyət qoyulurdu...
- Bəli. Mənə deyirdilər ki, get hamı kimi dərs keç. Mən isə hamı kimi işləyə bilməzdim. Mənə tək kömək edən Şəfiqə Məmmədova oldu. O zamanlar kafedra müdiri idi. Məni başa düşürdü. Amma o, nə edə bilərdi ki?
 
- Siz konkret olaraq nə istəyirdiniz ki?
- Mən emalatxanamı yaratmaq istəyirdim. Mənə bir otaq lazım idi. Vəssəlam. Qalan xərcləri özüm çəkəcəkdim. Yeni fikirli tələbələr yetişdirmək istəyirdim. Maraqlı düşüncələrim var idi. Amma həmin dövrdə buna imkan vermirdilər. Daha doğrusu, məni başa düşmək istəmirdilər. Əslində, bu, yenilik deyildi. Dünya teatrları bu sistemlə işləyirdilər. Hələ sovet dövründə gürcülər yeni teatr prinsipləri ilə işlərini qururdular. Ona görə də sovet dövründə gürcü teatrı çox inkişaf etmişdi. Amma biz kiməsə baxmağı özümüzə sığışdırmırdıq. Biz quru bəylərik. Mən qarşısında oturduğumuz bax bu teatrda (Akademik Milli Dram Teatrı nəzərdə tutulur - "Report") iki tamaşanı bəyənmişəm və bu günə qədər də yadımdadır. Biri Mehdi Məmmədovun quruluş verdiyi "Dəli yığıncağı", ikincisi isə Tofiq Kazımovun quruluşunda "Şəhərin yay günləri". Baş rollarda Şəfiqə Məmmədova və Həsənağa Turabov oynayırdılar. Mən bu teatrda iki tamaşadan başqa tamaşa görmədim. Mehdi Məmmədovun böyüklüyünü o zaman anladım. Mehdi Məmmədov böyük məktəb idi. Aktyorla işləməyi bacaran iki rejissor var idi - Mehdi Məmmədov və Tofiq Kazımov. Gürcülər hər zaman bizə deyirdilər ki, sizə qibtə edirik. Sizdə necə gözəl aktyorlar var. Sizdə emosiya o qədərdir ki, yığışdırmaq olmur. Bizdə rejissor var, amma sizin aktyorlar kimi aktyor yoxdur. Sizdə isə rejissor yoxdur. Bu, gürcü sənət dostlarımın o vaxtlar dediyi fikirlərdir. Rejissor yetişməlidir. Kim yetişdirəcək? Harada yetişəcək?
- Məhəmməd müəllim, indi "Babək" filmindən danışaq. Deyəsən, bu filmə çəkilməyiniz təsadüfi olub...
- İlk olaraq deyim ki, "Babək" filmini Həsən Seyidbəyli çəkməliydi. Mən II kursda oxuyurdum. Bizim qrupu fotosınağa çağırmışdılar. Hamımız gedib şəkil çəkdirdik. Bir il keçdi. Heç bir xəbər çıxmadı. Sonra Həsən Seyidbəyli xəstələndi və filmi Eldar Quliyevə verdilər. Eldar Quliyev film üçün çəkilən fotosınağa baxır. Bizi yenidən çağırdılar. Film artıq çəkilirdi. Amma Babəkin oğlu roluna hələ aktyor təsdiq edilməmişdi. 26 namizədin içindən Buğday obrazına iki nəfəri seçirlər. Məni və rəhmətlik İlham Əsgərovu. İlham Əsgərov qrup yoldaşım idi. Mənim və İlhamın fotolarını ayrı-ayrılıqda Amaliya Pənahova və Rasim Balayevin qarşısına qoyurlar. Hər ikisi Buğday surətinə məni seçir. Beləliklə, filmin çəkilişləri başlandı. İndiki kimi yadımdadır. Aprelin 17-si mənim birinci çəkilişim oldu. Artıq III kurs tələbəsiydim.
- Bəs çəkilişlər necə gedirdi? Çətin idi?
- Çox. Gör, kimlərlə çəkilirdim. Rasim Balayev, Amaliya Pənahova, Şahmar Ələkbərov, Səməndər Rzayev, Həsənağa Turabov. Sizə maraqlı bir faktı deyim. Buğdayın ölüm səhnəsi çəkiləndə Həsənağa Turabov mənə elə baxmışdı ki, bir anlıq özümü itirdim. Əvvəl elə bildim qəsdən belə edib. Sonra gördüm ki, yox Həsənağa Turabov obrazdadır. Əsl sənətkar idi. Buğdayın ölüm səhnəsi gecə saat 01:00-da çəkilirdi. Rasim Balayevin böyüklüyünə baxın ki, həmin səhnə çəkiləndə mənə kömək oldu. Deməli, bizim səhnələri ayrı-ayrı çəkirdilər və sonradan montaj edilirdi. Buğdayın ölüm səhnəsi çəkilirdi. Filmdə iştirak edən yaradıcı heyət həmin səhnənin çəkilişinə baxmağa gəlmişdi. Eldar Quliyevdən icazə alıb, çəkiliş meydançasına toplaşmışdılar. Rasim Balayev mənə görə eyni saatda kinostudiyaya gəldi və kameranın yanında dayanıb mənimlə həmin səhnəni oynadı. Hər aktyor bunu eləmir. Xalq artisti olasan və gecə saat 01:00-da gəlib tələbə-aktyora kömək edəsən. Həmin səhnəni çəkib bitirəndə hamı əl çalıb, ağlayırdı. Rasim Balayev mənə çox kömək edirdi. Gənc idim, məsləhətlərini verirdi.
- Neçə yaşınız var idi?
- 19
- Bu gün Rasim Balayev və Amaliya Pənahova ilə görüşəndə hansı hissləri keçirirsiniz?
- Amaliya xanımla tez-tez görüşürük. Amma Rasim Balayevi çoxdandır görmürəm. Sonuncu dəfə telefonla danışmışıq. Əlaqələrimiz yaxşıdır.
- Məhəmməd müəllim, "Babək" filmində çəkilən, amma filmə düşməyən səhnələr çox olub?
- Buğdayın bir neçə əsas səhnələri filmə daxil edilmədi. Yaxşı səhnələr var idi. Məsələn, bu gün də filmə baxan adamlar deyirlər ki, Buğday niyə qılıncı atır, niyə qorxaq və cəsarətsizdir? Əvvəlcə ondan başlayaq ki, Buğday kimin oğludur? Babəkin. Buğdayın anası oğlunu çox ərköyün böyüdüb. Filmdə belə bir səhnə var idi. Buğday müəllimi olan Əzrəklə qalada qılınc döyüşdürür. Babək də yuxarıdan dayanıb bunlara baxır. Babək görür ki, Əzrək Buğdayla çox ehtiyatla döyüşür. Bu səhnə Babəki çox əsəbləşdirir. Babək onlara yaxınlaşıb, hirslə qılıncı alır və oğluna deyir ki, döyüşdə düşmən səninlə belə rəftar etməyəcək. Babək öz oğlu ilə döyüşür. Oğluna vurduğu zərbə nəticəsində Buğday yerə yıxılır. Ətrafda dayanıb bu səhnəni seyr edənlər gülür. Onların gülüşü Buğdayı qəzəbləndirir. Atasına hücum edir. Maraqlı səhnə idi. Bu səhnə filmdən çıxarıldı. Sonra döyüşlərin birində Babəki arxadan vurmaq istəyirlər. Bunu görən Buğday tez özünü yetirib, həmin ərəbi öldürür. Babək onu minnətdarlıq baxışları ilə seyr edir. Həmin səhnə də filmə düşmədi. Məhz minnətdarlıq rəmzi kimi Babək 30 min qoşunu oğlu Buğdaya həvalə edir. Amma Həmədanda Buğdayın sərkərdəlik etdiyi 30 min qoşunun məğlub olması onun günahından olmur. Ərazinin əlverişsiz olması baxımından Həmədana getməyə hamı etiraz edir. Dağda döyüşməyə öyrənən orduya düzənlikdə döyüşmək çətindir. Həmədan döyüşündə Əzrək Buğdayı aradan çıxarır ki, onu öldürməsinlər. Sonra bir səhnə var idi. Naxçıvanda İlandağın ətəyində çəkilmişdi. Buğday Həmədan döyüşündən sonra atın üzərində gəlir və Bəzz qalasına baxır. Babəkin yanına necə gedəcəyini düşünür. Sonra filmə düşməyən səhnələrdən biri Babəkin yanına Romadan elçilərin gəlməsidir. Onlara bir insanın 22 il ərəb xilafətinə qarşı belə əzmkarlıqla necə döyüşə bildiyi çox maraqlı gəlir. Ərəb xilafətinin 5 sərkərdəsini yox edib, duruş gətirib. Əla səhnə olsa da, ancaq həmin səhnəni çıxartdılar. Ümumiyyətlə, film indi gördüyünüz kimi başlamırdı. Əslində, "Babək" filmi 18 yaşlı Babək və Pərvinin səhnəsi ilə başlayırdı. Ağsaqqallar tanrıya yalvarırlar ki, onları bu zülmdən qurtarsın. Mikayıl Mirzənin oynadığı yüzbaşı obrazı insanlara zülm verir. Həmin səhnədə 18 yaşlı gənc Babək ağsaqqala yaxınlaşıb deyir ki, bizi bu bəladan kim qurtaracaq? Ağsaqqal deyir ki, onu tanrı göndərəcək. Sonra yüzbaşının kəndə hücum səhnəsi var. Kəndin bütün adamlarını qılıncdan keçirilər. Babək Pərvinə deyir ki, qaç və özü də vuruşaraq qaçır. Babəkin dönüşü 18 ildən sonra baş tutur. İndi filmdə gördüyünüz səhnə Babəkin 18 ildən sonra qayıdışıdır. Amma əvvəldə olan səhnələr kəsilib atıldı.
 
- Axı, niyə bu qədər səhnə filmdən çıxarıldı. Filmə düşməyən lentlərin aqibəti necə oldu?
- Bu qədər səhnənin çıxarılması filmin uzun alınması ilə bağlı idi. Bütün səhnələr filmdə toplansaydı, "Babək" 4-5 seriya olmalıydı. Amma mən kəsilib atılan lentlərin aqibətinin necə olmasını bilmərəm. Onu Eldar müəllim bilər. Amma inanmıram ki, həmin lentlər qalsın.
- Məhəmməd müəllim, Ənvər Məmmədxanlının yazdığı ssenaridə Buğday belə təsvir edilmişdi?
- Ssenari məndə qalır. Axtarsam, taparam. Buğday elə beləydi. Amma o zaman mən tələbə olduğumdan bəzi məqamlarda Eldar müəllimə heç nə deyə bilməzdim. O zaman da istədim bir inqilab edəm, dedilər ki, lazım deyil (gülür). Bilirsiniz, "Babək" filmi portret filmidir. Belə də çəkilməliydi. Yəni ön planda Babək olmalıdır. Çünki film ona həsr olunub.
- Bəs Buğday obrazını ürəyiniz istəyən kimi oynaya bildiniz?
- Yox, mən başqa cür oynayardım.
- Sizin təsəvvürünüzdə olan Buğday necə idi?
- Mən istəyirdim atam, yəni Babək məni başa düşsün.
- Başa düşmürdü? Bəlkə Buğday atasına layiq oğul ola bilmirdi, ona görə?
- Babək onu başa düşmür. Ona görə də Buğday özünü öldürür. O uşaqdır. Axı 18 yaşlı uşaq 30 minlik qoşuna başçılıq edə bilməz.
- Bildiyimə görə, "Babək" filmindən sonra sizi teatra dəvət edirlər, amma siz imtina edirsiniz...
- Mənim qrup yoldaşlarım Firəngiz Mütəllimova, Zemfira Nərimanova, İlham Əsgərov, o biri qrupda Bəsti Cəfərova olub. Tofiq Kazımov bizim kursun tamaşasına gəlib baxdıqdan sonra məni teatra dəvət elədi. Azdramaya. Amma mən bir aktrisanın yerinə gəlməliydim. Onun sınaq müddəti bitirdi. Mən həmin xanımın kimliyini biləndən sonra gəlmək, onu işsiz qoymaq istəmədim. İndi həmin xanım xalq artistidir. Sonradan işsiz qaldım. Amma başqa teatra getmədim.
- Akademik Milli Dram Teatrına bir aktrisanı işindən etməmək üçün gəlmədiniz, yoxsa başqa səbəb var idi?
- Həm o, həm də mən teatrın pərdəarxası dedi-qodusunu sevmirəm. Ümumiyyətlə, mənim söz-söhbətdən xoşum gəlmir. Mən sonralar kinostudiyada işlədim. Amma heç bir filmə çəkilmədim.
- Niyə sizi çəkmədilər?
- Mənə dedilər ki, filmə çəkilmək üçün gərək rejissora yaltaqlanasan. Mən yaltaqlana biməzdim. Məni heç dublyaja da çağırmırdılar.
- Bəs səbəb olaraq nəyi göstərirdilər?
- Nə bilim, deyirdilər ki, Məmmədin heç nəyə ehtiyacı yoxdur. Onun imkanı var. Bir dəfə rəhmətlik Şahmar Ələkbərov hirsləndi ki, imkanı var nə deməkdir? Bu adam aktyordur, çəkilməlidir. Sənətlə məşğul olmalıdır. Bir dəfə Cəmil Əlibəyov məni yanına çağırdı. Həmin vaxt kinostudiyanın direktoru idi. Mənə dedi ki, aktyor gərək bir az ... Dedim ki, nə yaltaq ola? Dedi ki, yox... demirəm ey yaltaq, amma bir az başqa cür olar. Mən onların dediyi kimi ola bilməzdim. Ona görə də belə alındı. Sonralar müəllim kimi fəaliyyət göstərdim. Tədris Teatrında da işlədim. Cəfər Cabbarlının "Aydın" tamaşasını hazırladıq. Vaqif Azəryar Aydını, mən Dövlət bəyi oynadım. Mehdi Məmmədovun tələbəsi olan Elmira Məlikova adında rejissor hazırlamışdı. Yeni "Aydın" idi. 
- Və günlərin birində Vətəni tərk edib getdiniz...
- Mənim Azərbaycandan gedişim çətin illərə təsadüf etdi. Artıq kino, teatr, sənətlə maraqlanan az idi. Belə illərdə getməyə məcbur oldum. 20 il Azərbaycandan kənarda yaşadım. Ağır günlərim çox oldu. Amma ailəmi, balalarımı saxlamalıydım. Ona görə də getməliydim. İki qızım var. Şükür Allaha, bu gün hər şey yaxşıdır. Qızlarım böyüyüb, ailə qurublar, nəvəm var. Vətəndən uzaqda, sənə yad olan adamların arasında yaşamaq, karyera qurmaq çox çətindir. 20 il Rusiyanın Tver vilayətində yaşadım. Son illərdə Rusiyada bir neçə serialda çəkildim. Amma günlərin birində bezdim və qayıtmaq qərarına gəldim. Həmişəlik gəldim.
- Bəs burada nə edəcəksiniz? Teatra qayıtmaq fikriniz yoxdur?
- Hələ bilmirəm. Ola bilər.
- Peşman deyilsiniz ki?
- Nəyə?
- Aktyor olmağınıza, bu sənəti seçməyinizə?
- Belə peşmançılıqlar bəzən olub. Amma hər zaman düşünmüşəm ki, bu, gözəl sənətdir. Mən niyə peşman olmalıyam? Məni niyə peşman edirlər demək daha doğru olar. Mənim gözəl sənətim var. Adamın özünü azad hiss elədiyi ikinci elə bir sənət yoxdur.
- Məhəmməd müəllim, teatra qayıtmaq fikriniz olsa, hansı obrazı oynamaq istəyərsiniz?
- Mənim fikrimdə bir ssenari var. Onu həyata keçirmək istəyərdim. Boz, mənasız həyat tərzi keçirən adamın həyatını göstərmək, yaratmaq istəyərdim. Robot kimi həyat yaşayan bir adam günlərin birində dəyişir, pambıq kimi insana çevrilir. Onu nə dəyişir? Bax, bunu göstərmək istəyərdim.
- Bəs dünya klassikasından nə oynamaq istəyərdiniz? Ürəyinizdə qalan bir rol var?
- "Müfəttiş" də Xlestakovu oynamaq istəyərdim. Amma onun vaxtı keçdi.
- Bəs bu yaşınızda? Kral Lir oynamaq ürəyinizdən keçmir?
- Hə, Kral Lir oynayaram. Amma həmin tamaşanın rejissoru Bəxtiyar Xanızadə olsa. Bəxtiyar Xanızadə ilə işləmək istəyərdim. O, məni başa düşər. Bu arzudur. Amma həyata keçsə, yaxşı olar.
 


 
 

 






Fikirlər