28.06.2014.- “Bəxtiyar Vahabzadə buna görə məndən incimişdi” – MÜSAHİBƏ

28.06.2014.- “Bəxtiyar Vahabzadə buna görə məndən incimişdi” – MÜSAHİBƏBu həftə xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibəti ilə təqdim etdiyi “Qadın oyunları” tamaşası teatr cameəsində ajiotaj yaratdı.
Tamaşa Amaliya Pənahovanın yalnız 10 il fasilədən sonra səhnəyə qayıdışının təntənəsi ilə deyil, həm də tamaşanın Azərbaycanla yaxından uzaqdan bağlantısı olan, neçə illərdir vətənimizə gələn tanınmış rejissor Kşiştof Zanussinin quruluşunda təqdim olunması ilə yadda qaldı. Tamaşa ilə bağlı keçirilən mətbuat konfransından sonra xalq artisti ilə həmsöhbət olduq. Söhbət zamanı yeni yaratdığı “Amalfilm” prodakşının yaranma səbəblərindən, son qalmaqala səbəb olan əməliyyatından, teatrın indiki durumundan danışdıq.


"AzerTaym.az" bir çox maraqlı məqamları və aktuallığını nəzərə alıb Amaliya Pənahova ilə olan müsahibəni oxucularına təqdim edir.

Görünməməyin səbəbi

Film və seriallardaçəkilməməyimin səbəbi ssenarilərin məni qane etməməsi idi. Vaxtilə məcbur olub özüm altı televiziya filmi çəkdim. Daha doğrusu, onlar televiziya tamaşaları idi, amma film kimi təqdim olundu. Yaratdığım “Amalfilm”in məqsədi odur ki, Azərbaycanda xarici şirkətlərlə işləməkdir. Hindistandan bir neçə sifariş almışıq. KşiştofZanussi ilə gələcəkdə iş birliyimiz ola bilər. “Mosfilm”lə sövdələşmələr gedir. Yəni, planlar çoxdur, o başqa söhbətdir ki, hansılar reallaşacaq, hansılar yox. Çünki bilirsiniz ki, bu işlərin hamısı maddi imkanlara bağlıdır və hər iki tərəfi qane etməlidir.

Səhnə

İllər əvvəlki səhnəyə çıxan Amaliya ilə indiki Amaliya arasında fərq var. İndi təcrübəm daha çoxdur. Bu gün mən sənəti daha çox başa düşüb anlayıram. Teatra olan sevgim isə eynidir, o tükənməyib. Eləcə də tamaşaçıların mənə münasibəti dəyişməyib. Bu gün mənim hər hansı çıxışıma münasibət bildirirlər. Bu, çox yaxşıdır. Söhbət bu çıxışın müsbət ya mənfi qarşılanmaması deyil, bu, başqa söhbətin mövzusudur. Bu günə kimi mənfi olmayıb, bəzi məqamları çıxmaq şərtilə. Mənim görkəmim xoşlarına gəlməyib. O da serialın çəkilişləri ilə əlaqədar idi ki, bunu heç cür başa sala bilmirdim. Bu qədər ajiotaja, qalmaqala səbəb ola biləcəyini də düşünmürdüm. Əlbəttə ki, bu mənə pis təsir edirdi. Bunu jurnalistlərimiz başa düşməlidirlər ki, mən sənətkaram və işim gərəyi bunu edə bilərəm. Baxın, Həsən Məmmədov, Həsən Əbluc böyük sənətkar idi, amma filmlərə görə çox erkən ağarmış saçlarını rəngləyirdilər. Bir gün Həsən müəllim çəkilişə gələndə saçının rəngini qara gördük, hamı təəccübləndi, bizdən başqa. O zaman “İstintaq” filminə çəkilirdi. Və o vaxt bu belə səs-küy yaratmadı. Çünki etika var idi. Bu hadisəni mətbuata çıxarmaq heç kimin ağlına gəlmədi. Amma mənim saçımın qısalığı, rənginin çaları böyük sensasiyaya səbəb oldu. Halbuki, bu gün müəllimlər də plastik əməliyyat etdirirlər. Putin kimi prezidentlər də bunu eləyir. Yəni Allah özü bunu aktyorlara bəxş eləyib ki, tamaşaçıda ikrah hissi oyatmayaq. Tamaşaçının sənə yazığı gəlməsin deyə bunu eləmək lazımdır. Mən axı elə böyük əməliyyat da etdirməmişəm. Baxın, mənim cizgilərim dəyişməyib. Bu yay saçımın rəngini dəyişmək qərarına gəldim. İstidir, dəyişiklik olsun istədim. Amma mən aktrisayam və roluma uyğun saçımın rəngini dəyişə bilərəm. Aktyor və aktrisalara bir az güzəştli yanaşmaq lazımdır. Amma yenə deyirəm, saçımla, əməliyyatla bu qədər qalmaqala səbəb olacağımı gözləmirdim. Əhali bu plastik əməliyyatlara o qədər alışıbmışdı ki...Düşünürdüm ki, məni də normal qəbul edəcəklər.

Fədakarlıq

Sözsüz ki, arıq qalmağa səy göstərirəm. Bir az kökələn kimi arıqlamağa çalışıram. Əgər istəyirəm ki, səhnədə danışmağa səsim, nəfəsim çatsın ona görə arıq olmalıyam.

Niyə “Kleopatra” yox, “Qadın oyunları”?

Birincisi, avropalı rejissorun öz əsərini hazırlamaq təklifi mənim üçün maraqlı idi. İkincisi isə əsər aktrisanın həyatından bəhs edirdi. “Qadın oyunları”nda aktrisanın ahıl yaşa çatması, gündəmdə olması, təhna qalmağı, deyingənliyi göstərilir. Bizdə belə sənətkarlar azdırmı? Üstəlik, bu əsər MarlenDitrixin həyatının bir parçasıdır. Ona görə mənə maraqlı idi. Vaxtilə aktrisanın həyatından bəhs edən bir tamaşa var idi, orda qəhrəman səhnədə oynadığı sevgini həyatda da reallaşdırmağa çalışırdı. Bu, səhnəni həyata, həyatı da səhnəyə gətirməkdir. Hərçənd ki, bu sualla mənə də müraciət edirlər: amma mən heç vaxt səhnəni həyata gətirməmişəm, həyatı da səhnəyə. Mənim oynadığım rollar başqa, mən tamam başqayam. 50 ildə 200-dən artıq teatrda rol oynamışam, daha doğrusu yaratmışam. Rolların əksəriyyəti Qızıl Fonddadır. İndi böyük mənada oynamaq istədiyim elə də xüsusi rol yoxdur. Bu gün Bələdiyyə Teatrının rəhbəriyəm. Rəhbərliyim altında neçə -neçə aktyorlar çalışır. O gəncləri çalışıram ki, ayrı-ayrı rollarda fərdi tamaşalarda inkişaf etdirim. Sözsüz, filmlərə çəkilmək istəyirəm. Amma öz rolumu gözləyirəm. Bu rol qadın taleyini, sevgisini, həyəcanını özündə əks etdirməlidir.

Həyat bir tamaşa

Deyə bilmərəm ki, həyatım maraqsız ya da çox maraqlı olub ki, o barədə yazım. Çətin həyatım olub: eyni vaxtda övladlarımın tərbiyəsi ilə məşğul olmuşam, ailə qayğıları bir tərəfdən, teatrda tamaşalar oynamışam, filmlərə çəkilmişəm, televiziyada rejissorluq etmişəm, bir az vaxt tapan kimi elmi işlərimlə məşğul olmuşam. Yəni 15 yaşımdan bir neçə işlərlə məşğul olmuşam. Bu gün də eyni gərgin rejimlə çalışıram. Təsəvvür edin ki, yeni tamaşam üçün bir gündə beş dəfə tamaşa oynadım, hamı yoruldu, getdi, aktyorlarla tək qaldım zalda. Tamaşanın məşqləri üçün Polşaya gedəndə deyirdilər ki, siz hazırlıqlı gəlmisiniz. Zanussi bizi görəndə heyrətlənmişdi. Biz tam hazırlıqlı onun yanına getmişdik. Bəs necə olmalı idi ki? Mən ora hazırlıqsız gedib öz sənətimi necə yerə çırpardım? Yaxud rejissorun yanında hıqqanardım. O ki qaldı, onunla işləmək qərarıma, düşünürdüm ki, dünyaca məşhur rejissordu, onunla çalışım, baxım görüm nə fərq var. Sənət sənətdir. O başqa söhbətdir ki, bizdə dəstək duranlar, gənclərə şərait yaradanlar azdır. Mən elə belə demirdim ki, gəncləri tərcübə toplamaq üçün xaricə göndərsinlər. Sovet vaxtı gənc rejissorları Moskvaya, Leninqrada təcrübə keçmək üçün göndərirdilər. Düzünü deyim ki, Bələdiyyə Teatrının da bunu etmək imkanı yoxdur. Amma məsələn, Polşaya bu səfərimizdə aktyorlar çox böyük təcrübə keçdilər. Moskvada tamaşalar nümayiş etdiririk, oranın mühiti ilə tanış olurlar. Mən aktyorlarımı boş buraxmıram. Əsas odur. Tələbimdən biri də odur ki, mütaliə etsinlər. İnternet vasitəsilə tamaşalara baxsınlar, pyeslər oxusunlar, məşqlərdə olsunlar, tamaşadan tamaşaya fərqi görsünlər. Aktyorlar daim oynamasalar da gündə məşqdədirlər. Hökmən deyil ki, onlar tamaşaçı qarşısına çıxsın. Kşiştof deyir ki, rejissor yalnız kino ilə məhdudlaşmalı deyil. O teatrda rejissorluq etməsə pas atacaq. Eyni sözü aktyorlara da aid etmək olar. Bu baxımdan teatrda tamaşalar üzərində məşqlər çox vacibdir.

Teatrın taleyi

23 ildir ki, fəaliyyət göstərən teatrın səhnəsi yoxdur. Mən nazirə müraciət etmişəm ki, ayda iki dəfə teatrların səhnəsində oynamaq üçün bizə şərait yaradılsın. Əgər bu baş tutsa biz tamaşalarımızı nümayiş etdirəcəyik. Əks təqdirdə bölgələrə və xarici dövlətlərə üz tutacağıq. Bütün bu çətinliklərə rəğmən biz yeni tamaşalar hazırlayırıq. Elə bu yaxınlarda Musiqili Teatrda Elçinin “Diaqnoz D” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını təqdim etdik. Çox yüksək səviyyədə keçdi hər şey: aktyorların ifası, tamaşaçıların reaksiyası hər şey gözəl idi. Biz teatrlara müraciət edirik, hamısı deyir ki, teatr məşqdədir, səhnəmiz boş deyil. Mən bir yandan onlara haqq verirəm, amma ikinci bir tərəfdən hesab edirəm ki, bu paxıllıqdır. Çünki tamaşaların səviyyəsi bizdə çox yüksəkdir. Bəlkə də tamaşaçı marağının, alqışlarının qısqanclığını çəkirlər. Axı gündə teatr tamaşa nümayiş etdirmir, deməli, vermək istəmirlər.

Rövşən Almuradlı

Teatrda tamaşa hazırlayan bütün rejissorları özüm seçirəm. Bələdiyyə Teatrının öz yaradıcılıq yolu, üslubu var. Onunla ayaqlaşanlar tamaşa hazırlaya bilirlər. Bizdə Bəhram Osmanov, Oruc Qurbanov, Hafiz Fətullayev, Rövşən Almuradlı kimi rejissorlar tamaşa hazırlayıblar, eləcə də bir çox dramaturqların əsərləri səhnələşdirilib. Rəngarəng amma teatrın yozumuna uyğun olaraq tamaşalar hazırlanır. Rövşən Almuradlı istedadlı rejissordur. Mən onun “Cavad xan” filmində də oynamışam. Filmləri, tamaşaları çox gözəl, peşəkar hazırlayır. O teatrımızda dörd tamaşa hazırlayıb. Yəni izimlə işləyib və bundan sonra da ona müraciət edəcəyik. Biz gündə tamaşa hazırlaya bilmərik. Bu maddiyyatla bağlıdır. Oruc Qurbanov yeni tamaşanı təhvil verdi, yenə gəlib ki, yeni tamaşa hazırlayım, deyirəm bir az gözlə. Dövlət sifarişi ilə tamaşa hazırlamırıq, çünki Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı bizə müraciət etməyib. Bir sözlə, hələ dövlət sifarişi almamışıq.

Başqa teatrlardan təkliflər

Başqa teatrlardan hər zaman təkliflər olub. Hələ rəhmətlik Bəxtiyar Vahabzadə buna görə məndən incimişdi. Akademik Dram Teatrından bir neçə dəfə təklif almışam. Hesab edirəm ki, mənim öz teatrım var, oynamaq lazımdırsa onun səhnəsində oynayaram. Əgər dramaturq istəyirsə ki, mən onun tamaşasında oynayım, gəlsin həmin əsəri mənim teatrıma təqdim etsin. Mən də bunu Bəxtiyar müəllimə demişdim, incimişdi. Bizim teatrda hazırlanan “Tomris”, “Nadir şah”, “Vətənə igidlər gərəkdir” tamaşaları İstanbulda digər ölkələrdə uğurla nümayiş olunur. Və mən gedib başqa teatrın səhnəsində oynayım. Bu mən tərəfdən satqınlıq olar. Belə çıxır ki, mən öz teatrımı, öz aktyorlarımı bəyənmirəm. Və mən sizə deyim ki, öz aktyorlarıma da icazə vermirəm ki, başqa teatrın səhnəsində oynasınlar. Getmək istəyirlərsə birdəfəlik getsinlər. Azaddırlar. Amma batırlar, inkişaf edə bilmirlər. Geriyə qayıda da bilməzlər, çünki qəbul etmirəm. Mənim də belə tərsliyim var: bir dəfə xəyanət edən ikinci dəfə də edər. Getdilər, bununla üç-dörd tamaşam dəyişdi, elə bildilər bununla teatr bağlanacaq. Amma bağlanmadı. Çoxları qalırlar, əziyyətə dözürlər. Gedənlər isə peşman olurlar. Neçə dəfə soraq göndərirlər, amma qəbul etmirəm. Qalanlar isə qazananlardır.


Nərmin Muradova






Fikirlər