17.06.2014.- “Həyat yoldaşım Fədayə ilə münasibətimi biləndə...” - Müsahibə

17.06.2014.- “Həyat yoldaşım Fədayə ilə münasibətimi biləndə...” - Müsahibə"Aramızda yaxın münasibət olub, amma onu sevməmişəm"

Müğənni Tacir Şahmalıoğlu açıqlamasında belə deyib. O, söhbətində bildirib ki, solo konsert vermək istəyir, amma bunun üçün sponsora ehtiyacı var. İfaçı ilə söhbətimizdə 6 il tərəf-müqabili olan Fədayə Laçınla bağlı da suallarımıza da cavab almağa çalışdıq.

- Tacir bəy, nə var, nə yox? Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Hazırda bu yaxınlarda işıq üzü görəcək yeni albomun üzərində işləyirəm. Albomda 11 mahnı olacaq. Bu mahnılardan 7-si artıq hazırdır. Albomum adını hələ ki, müəyyən etməmişik. Hazır olandan sonra mahnılardan ən yaxşı birinin adını verməyi düşünürəm.
- Solo konsert vermək fikriniz var?
- İndi konsert vermək çətindir. Bunun üçün gərək prodüser və sponsor olsun. Düzdür, bayağı oxuyanlara sponsor, pul tapılır. Mənim kimi peşəkar müğənnilərə isə yox. İfadəmə görə üzr istəyirəm, mən elə üzlü adam deyiləm. Bunun üçün gərək üzlü olasan. Bir nəfər var, söz verib. Sponsorluq etsə, konsert verəcəyəm. Sponsor olsa, 10-15 gün ərzində konsert verərəm. Məşqlərə başlayaram. Bunda çətin nə var ki?! Saat yarımlıq, iki saatlıq çıxışdır. Böyük şey deyil. Heydər Əliyev Sarayını tamaşaçı ilə doldura bilərəm. Amma ki, maddi tərəfdən çətinlik var.
- Bəlkə prodüserlə işləyəsiniz? Təşkilati işlərə sizə yardım etsin.
- Prodüserim olub. Baxmışam ki, mən istəyən kimi işləməyib. Ona görə də uzaqlaşmışam.
- Toy bazarında vəziyyət necədir?
- Əvvəlki kimi deyil, toyların sayı azalıb. Düzü, hazırda sırf sənət baxımından toylara gedirəm. O mənada ki, pul azdır. Amma sənətkar olduğum üçün toylara çağırırlar. Belə toylarla da yaşamaq olmaz. Şükür Allaha, məni “podderşka” eləyən yaxşı oğlanlar var. Allah hamısına cansağlığı versin. Məni qoymurlar ki, çətinliyim olsun. Bilirsiz, toy qonorarı xalqın maddi vəziyyəti ilə əlaqədar olan bir şeydir. Bəzən olur ki, toya gedirəm, danışdığımız pulu verə bilmirlər. Belə də ki, mən toylara elə də baha getmirəm. Elə adam olur ki, deyir, “mənim arzumdur, toyumda sən oxuyasan”. İmkanı azdır, “eybi yox”, deyib, oxuyuram. Bununla belə, 60-80 faiz istədiyim pulu alıram. Toya pulsuz getdiyim vaxtlar da çox olub. İmkansız insandır, gedib, toyunda oxuyuram. Allah xalqımıza versin, çünki bizi dolandırırlar.
- Deyirsiniz ki, indi bayağı oxuyanlar öndədir. Onlar qalmaqal dedi-qodu hesabına qabağa gedirlər. Belə çıxır ki, sizin qalmaqalla aranız yoxdur?
- Qalmaqalla aram yoxdur. Hazırda səhnəmizdə iki tip müğənnilər var. Səsi olanlar və səsi yox, şansı, naxışı olanlar. Ola bilməz ki, Allah insana hər şeyi kompleks şəkildə versin. Sənəti, səsi, görünüşü, bədən quruluşunu bir nəfərə versin. Allaha qurban olum, bir insana səs, yaraşıq verir, başqa tərəfədən isə siyasətini, gözə girmək bacarığını, şansını alır. Bəzən də birinə şans verir, onun da səsi olmur. Bayağı müğənnilərə gəlincə, oxumaq üçün insanda səs lazımdır. İndi bəzi müğənnilər səs oldu-olmadı efirə çıxıb oxuyurlar. Sənət, səs yoxdur, amma üzlüdürlər. Onlarda insanları hipnoz etmək bacarığı var. Belə baxanda, əsl sənətçilərə haqsızlıq edirlər. Atın qabağına ət qoyurlar, itinkinə isə ot... Qəribə bir vəziyyət yaranıb. İndi SMS-lə oxuyan yarışdırırlar. Hansı oxuyanın pulu bir az artıqdır, o, qabağa gedir. O insanın ki, pulu yoxdur, amma sənəti gözəldir, bax o, arxada qalır.
- Siz özünüzü şanslı sənətçi hesab etmirsiniz? - Şansımı bir tək gözəl səsimin olmasında görürəm. Qurban olum Allaha, mənə səs verib. Həyatda bundan böyük şans ola bilməz. Sadəcə, üzlü adam deyiləm. Hər zaman abır-həyamı qorumağa çalışmışam. Səsin nə qədər gözəl olur olsun, özünü gözə soxmaq fərasəti lazımdır. Bunsuz mümkün deyil.
- Sözünüzdən belə çıxır ki, səhnədə qeyri-professional müğənnilər çoxdur?
- Professional müğənnilər çox azdır. Birisi səsyazma studiyasında bir-iki mahnı yazdırır, sonra da sinəsinə döyür ki, mən estrada müğənnisiyəm. Bizim səhnədə oxuyanlara estrada müğənnisi deyə bilmərəm. Əksəriyyətinin isə səsi zəifdir, hətta yox dərəcəsindədir. Ümumiyyətlə, Azərbaycanda heç kim öz işi, peşəsiylə məşğul deyil. Hər kəs ağlına və ağzına gələni edir.
- Yeri gəlmişkən, bir müddət əvvəl şəxsi həyatınızla gündəmə gəldiniz. Tərəf-müqabiliniz olan Fədayə Laçınla 6 il qadın-kişi münasibətində yaşadığınızı bildirdiniz. Bu məsələyə həyat yoldaşınızın reaksiyası necə oldu?
- Təbii ki, ailədir. Qısqanclıq olur. Əsas şər qüvvələrdir, kənardan müdaxilə edirlər. Vaxt olub ki, evimə zəng ediblər, həyat yoldaşıma haqqımda qıcıqlandırıcı sözlər deyiblər. Amma bütün bunlara baxmayaraq, xanımım məni hər zaman başa düşüb. Yola verir, amma qısqanclıq da olur. Çünki istək var.
- Xanımınız çox qısqancdır?
- Həm də çox. Amma mən onu başa salıram ki, sənət adamıyam. Bəzən elə olub ki, həyat yoldaşımın yanında mənə zəng gəlib. Deyiblər ki, Tacir müəllim, sizi sevirəm. Mən də demişəm ki, yaxşı eləyirsən, sev! Xanımımı başa salıram ki, kimsə məni sevirsə, bunu normal qarşılamaq lazımdır. Mən sənətçiyəm, kobudluq edə bilmərəm.
- Bəs siz necə, qısqanc adamsız?
- Çox qısqancam. Amma ki, hər zaman yerində qısqanmışam. Yersiz qısqanmalara normal baxmıram. Qısqanmaq sevgi əlamətidir. Əgər sevgi varsa, qısqanclıq var. Sevgi yoxdursa, qısqanclıq da olmur.
- Neçə dəfə sevmisiniz?
- Neçə dəfə nədir? Mən bir dəfə sevmişəm. Bu da məktəb illərində olub. Amma indiki çirkin zəmanədə sevgi var ki?! Onu da deyim ki, insanın qəlbində sevgi olmalıdır. Sevgi müxtəlifdir, anaya-ataya, bacıya-qardaşa, övlada sevgi var.
- Doğrudan, Fədayə Laçını sevməmisiniz?
- Ona qarşı sevgim olmayıb. Fədayə sadəcə, mənim tərəf-müqabilim olub. Onunla bir yerdə işləmişik, yaratmışıq. Onu sevməmişəm. Bunlar hamısı şayiələrdir, yalan söhbətdir. Bəzən ayın otuz gününü bir yerdə - rayonlarda və Bakıda - toylarda iştirak etmişik. Belədə, Fədayəyə böyük hörmətim var. O, mənim tələbəmdir, yaxşı oxuyandır. Deyim ki, indi Fədayə kimi oxuyan yoxdur. Onun çox güclü səsi var. Aramızda yaxın münasibət olub, amma onu sevməmişəm. - Fədayə Laçın isə bunun əksini iddia edir... - Yalan deyir. Bəlkə də ona elə gəlib ki, onu sevirəm. Ona elə çatıb söhbət...
- Neçə ildir sənətdəsiniz?
- 40 ildir.
- Bildiyim qədərilə, fəxri adınız yoxdur. Amma kifayət qədər populyar və sevilən müğənnisiniz. Necə düşünürsünüz, sizin fəxri ada ehtiyacınız var?
- 80 milyonluq Türkiyədə fəxri adlar yoxdur. Onlarda sadəcə, ünlü sənətçi var. O bizdədir fəxri adlar....


Aysel Şirinzadə






Fikirlər