28.02.2014. - Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”

28.02.2014. -  Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”Məşhur kaman ustası, Azərbaycanın Xalq artisti Habil Əliyevlə indi oxuyacağınız müsahibənin sonunda ustad sənətkar gəldiyi bir qərarı bizə açdı: “Artıq bundan sonra media ilə bütün bağlarımı kəsirəm. Bu, verdiyim sonuncu müsahibədir. Daha müsahibə vermək barədə düşünmürəm...”

Ölənlərin siyahısında...

- Habil müəllim, özünüzü necə hiss edirsiniz?

- Hələ ki, Allaha şükürlər olsun, özümü ölənlərin siyahısında görmürəm. Əgər qəfil surprizlər olmasa, özümdə yaşamaq üçün xeyli enerjinin olduğunu görürəm. Şükürlər olsun, gümraham.

Gör o mənimçün nələr edib

- Gümrahlığınızı kamançaya borcluyuq, yoxsa gözəl həyat yoldaşınıza?

- Eh (gülür)... Kamançaya borcluyam. Kamança üçün heç nə etməmişəm, amma gör o mənimçün nələr edib. Kamança məni demək olar ki, bütün dünyada tanıdıb. O mənə ailə qurub, övladlarımı ailə sahibi edib. Bunları mən etməmişəm, kamança edib. Ona görə də mən kamançaya həmişə borcluyam. O məni ac qalmağa qoymayıb.

Xəcalət çəkirəm

- Bildiyim qədərilə bir zamanlar musiqiçi olduğunuz üçün peşmançılıq çəkmisiniz. Buna səbəb nə olub?

- Hərdən oturub özüm-özümə sual verirəm: “Ay Habil, gəldin bu dünyaya, yaşadın, bəs dünyada nə elədin?” Sonra fikirləşirəm ki, kamança çaldım. Elə bu an yenidən özümə sual verirəm: “Habil, elə kamança çalıb bu dünyadan köçəcəksən, bəs bu boyda dünyaya kamança çalmağa gəlmişdin?” Bax bunları düşünəndə xəcalət çəkirəm. Amma onu da deyim ki, mən təkcə kamança çalmamışam, bu alətlə bir əhvalat danışmışam. Əyləncə musiqisi boş musiqidir. Əsl musiqi gərək dinlənilən olsun. Əgər insanlar musiqinin nə demək istədiyini dərindən anlayırsa, o zaman musiqiçi də özünü xoşbəxt hiss edəcək. Bu həm də musiqiçidə məsuliyyət yaradır. Mən dinləyicilərimdən çox razıyam.

Yerlə işim qurtarıb

Hər insanın özünün duyğusu, özünəməxsus dünyagörüşü var. Bəzən sənətdə elə şeylər görürəm ki, onu başqa musiqiçilər görmür. Mən hər şeyin əslini görə bilirəm. Həyatın, dünyanın, yerdə baş verən hər şeyin. Hərdən mənə elə gəlir ki, artıq yerlə işim qurtarıb. İndi göydən öyrənmək istəyirəm. Yüksəklərə qalxmaq, orda baş verənləri görmək, öyrənmək istəyirəm. Yeni şeylər görmək istəyirəm.

Sözlərim sanki bitib, tükənib


- Yeni şeylər gördükdə sizi ancaq onlar düşündürəcək, yoxsa ara-sıra keçmişə də nəzər salacaqsınız?

- Keçmişimlə bağlı elə də çox düşünmürəm, amma hərdən danışıqlarıma görə peşiman oluram. İndi hiss edirəm ki, mən keçmişdə çox şeyi olduğu kimi ya hiss etməmişəm, ya da hər şey mənim bildiyim kimi olmayıb. İndi ağlımda elə bir məqam yoxdur ki, konkret olaraq onu misal çəkim, amma keçmişdə verdiyim müsahibələrə indi qulaq asanda görürəm ki, çox zəifdir, həyatım, təcrübəm, fəlsəfi düşüncələrimlə uyğun gəlmir. İstəyirəm elə bir söz deyəm ki, yeni olsun. Amma sözlərim sanki bitib, tükənib.

Hər şeyim var, amma nəsə çatışmır

- Nə qədər çox şeyə sahib olsaq da, hər kəsin həyatında müəyyən şeylər var ki, daim əskik olur. Sizdə əskik olan nədir?

- Rəhmətlik Bəxtiyar Vahabzadə həmişə deyirdi ki, hər şeyim var, amma nəsə çatmır. Mən bu cümləni çox gözəl anlayıram. Çünki insan dediyin daim yeni nəsə əldə etmək istəyir. Mənim də hər şeyim var, amma nəsə çatışmır. Lakin bu o demək deyil ki, dünya mən istəyən kimi olmalıdır. Həyatda yaşayan bütün canlıların xeyrinə olmalıdır. Həyat saat kimi işləyir. Hər biri də ömürdən gedir. İlahi, sənin mənə verdiyin ömür bu idi? Mən Allahın verdiyi ömrü xərcləyirəm, görək sonda ona nə ala biləcəyəm? Çox insan var ki, ömrünü dəyərləndirə bilmir. Gərək ömrə elə şeylər alaq ki, onu qoyub gedəndən sonra da bizdən sonrakılara gərəkli olsun.


Daha kamança çalmağa utanıram

- Bildiyim qədəri ilə artıq 10 ildən çoxdur ki, kamandan uzaqlaşmısınız. Hələ tez deyilmi?

- Bu qədər tez uzaqlaşmağımın səbəblərindən biri adətlərimizlə bağlıdır. Mən milli dəyərlərə qiymət verən adamam. İstəmirəm ki, nəticələrim gözlərini açıb, məni kamança çalan görsünlər. Onlar utanar ki, bu boyda kişi oturub kamança çalır. Daha kamança çalmağa utanıram. Gərək mən əzəldən musiqiçi olmayaydım. Çünki sənətlə yaşayıb, sonda sənətdən gedən vaxtda peşiman olmağın nə mənası var... Sənəti başa düşəndən sonra bu mənə çox kiçik gəldi. Bu sənət məni çox yaxşı yaşadıb. Hökümətimiz də məni yaxşı yaşadıb. Heç nədən korluq çəkməmişəm. Ancaq yenə deyirəm, dərk edəndən sonra bu sənət mənə çox kiçik gəldi, halbuki mən çox böyük bir işin ucundan tutub, onu inkişaf etdirə bilərdim. Bu yolu seçməyimin səbəbi bəlkə də tənbəlliyim olub.

O mənim sirrimi aləmə yayır

- Kamanla Habil Əliyev arasında heç kəsin görə bilmədiyi gizli bağ nədir?

- Bəli, bizim aramızda gizli, qırılmaz bağ var ki, hələ onu heç kim görməyib. Biz onunla bir-birimizi başa düşür, qəbul edirik. Onun nə dərdi oldu mənə danışır, mənim də nə dərdim oldu ona deyirəm. Nə sözüm oldu, birinci kamanıma deyirəm, o da mənim sirrimi aləmə yayır (gülür).

Musiqi o dünyadan gəlmə sənətdir

- Sizcə, gənclərimizdən bu sənəti davam etdirəcək namizədlər varmı?

- Gənclərə, orta yaş qruplarına qulaq asanda görürəm ki, nəsə əskikdir. Bilirsiniz, musiqini bu dünyada öyrənmirlər. Gərək onu o dünyadan gələrkən, özünlə gətirəsən. Musiqi o dünyadan gəlmə sənətdir. Bu istedad körpəlikdən verilən xəzinədir. İnsan böyüdükcə, o da onunla birlikdə inkişaf edir. Əsl musiqi budur. Bəzi çalğıçılar var ki, onlara özlərindən başqa heç kəs qulaq asmır.

Elə bilərlər bu ailənin yiyəsi olmayıb

- Habil bəy, çox vaxt görürsən, valideynin peşəsi nədirsə, övlad da o peşənin ardınca gedir. Bəs sizin ailədən musiqiçi çıxmamağına səbəb nə oldu?

- Bir ailədə bir musiqiçi bəs eləyər. İkincisi barədə düşünmək lazım deyil. Sonra elə bilərlər bu ailənin yiyəsi olmayıb (gülür). Hər əlində kaman tutan musiqiçi ola bilməz axı. Əgər bu sahədə varsansa, gərək əlindəki aləti başa düşəsən. Gərək onu xəcalətli buraxmayasan.

İtalyanın kamança görməyi

- Müəllim, səfərlərinizdən yadda qalan maraqlı bir şey...

- İtaliyada konsertdə idik, xeyli musiqiçilər var idi. Hiss etdim ki, onlar kamança ilə çox maraqlanır, ona diqqətlə baxırlar. Konsert zamanı bunu xeyli hiss etmişdim. Sonda konsert qurtardı və onlar səhnəyə yaxınlaşaraq tərcüməçini çağırdılar. Tərcüməçi məndən soruşdu ki, “bu aləti özün düzəltmisən?” (Gülür). Mən isə onlara kamançanı izah etdim. O qədər təəccüblənmişdilər ki, maraqlarını gizlədə bilmirdilər.

Bir vaxtlar bazarda badımcan satıb, özünü dolandırıb

- Habil müəllim, Nazim Ağayevlə aranızda baş verənlər medianın gündəmindən düşmək bilmirdi. Deyirlər, indi olduqca mehribansınız...

- Tamamilə yalan xəbərdir. Bilirsiniz, o hara, mən hara... O bizlərin tay-tuşu deyil axı. O nə işlə məşğuldur, hansı peşənin sahibidir, heç bilmirəm. Bir vaxtlar badımcan, xiyar gətirib bazarda satıb, özünü dolandırıb. Nazim müğənni kimi mənim siyahımda olmayıb, heç ola da bilməz. O nə vaxt oxuyub ki, hələ bir mənim siyahıma da düşə?! Mənim siyahımda Azərbaycanın ən tanınmış muğam ustadları dayanır. O onların siyahısına nə ilə düşə bilər? Badımcanla, xiyarla?! Onun heç mədəniyyəti də yoxdur. Nə sənəti var, nə də sənətkar kimi titulu. O, həmişə uşaqların siqaret almağa göndərdiyi birisi olub. Mənim onunla heç vaxt münasibətim olmayıb və heç vaxt ola da bilməz. Bu cür insanlar sənəti murdarlayırlar.


Gör kimlər gəlib soxulub da sənətə


- Söhbət qalmaqallardan düşmüşkən saytlardan birində Əlibaba Məmmədov sizin haqqınızda deyib ki, “kasıb uşaqlar idik, onu toylara aparırdım, məndən çox ona yaxşılıq edən olmayıb”. Bu fikirlə razısınız?

- O deyib? (gülür.) Mən ömrümdə bir dəfə də olsun, onunla bir toyda işkirak etməmişəm. O hara, toy hara, mən hara?.. Gör kimlər gəlib soxulub da sənətə. Mən heç özümlə onu toya aparmazdım axı...

Beləcə, illərim ötdü...

- Bu sənət sizdən nələri alıb-qopartdı?

- Hər şeyimi - gəncliyimi, cavanlığımı oğurladı bu sənət. Mən ən gözəl illərimi sənətimə həsr etdim. Ermənilərin Azərbaycan musiqisini oğurlamaq cəhdləri məni bir az da sənətimə bağladı. Çox möhkəm dayandım. Və beləcə illərim ötdü, qocaldım.

60 ilin yoldaşı...

Məşhur kaman ustası, Azərbaycanın Xalq artisti ilə görüşmüşkən onun həyat yoldaşı ilə də söhbətləşdik. Şərqiyyə xanım ömür-gün yoldaşını, həm də öz Xalq artistini olduqca gözəl və dəqiq anlatdı. Şərqiyyə xanıma ilk sualım belə oldu:

- Xalq artisti ilə eyni evdə yaşamaq, üstəlik onun həyat yoldaşı olmaq necə bir şeydir?

- O mənim həm həyat yoldaşım, həm də Xalq artistimdir. Mən onun vurğunuyam. Buna səbəb isə sadəcə, onun həyat yoldaşı olmağım deyil. Adicə efirdə ona aid veriliş gedəndə qeyri-ixtiyari televizorun səsini açıb, ekranın başına keçirəm. Mənim üçün o əvəzolunmaz sənətkardır.
Habil sənətdə çox tez tanınıb-sevildi. Bu evi bizə Prezident verdirdi. Ailə quranda heç nəyimiz olmayıb, hər şeyi zamanla əldə etmişik. Habillə ailə qurduğuma görə özümü xoşbəxt hiss edirəm. Hər ailə kimi bizim də çətinliklərimiz olub. Amma bunlar xoşbəxt çətinliklər idi. Biz bir-birimizə həmişə dəstək olmuşuq.


Həmişə ona inanmışam

Ona o qədər çox inanmışam ki, heç vaxt qısqanmamışam. Hərdən universitetdə qızlar mənə deyirdi ki, Habil heç sənə diqqət ayırmır. Burdan gedir, ordan gəlir. Amma mən həmişə ona inanmışam.

Həmişə özümə qarşı istilik hiss edirdim

Gözəl qız deyildim ki, özümə əmin olum. Amma onda həmişə özümə qarşı istilik hiss edirdim. Övladlarımızdan Rəvan demək olar ki, eynən Habilə bənzəyib. Hər həssas mövzuya kövrəlir. Habilin kövrəlməyi isə hələ gənclik illərindən var idi. O çox kövrək, rəhimli insandı. Nə yaxşı ki, onun həyat yoldaşıyam. Onunla qürur duyuram!


28.02.2014. -  Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”
28.02.2014. -  Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”
28.02.2014. -  Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”
28.02.2014. -  Ustadın son müsahibəsi: “Yerlə işim qurtarıb...”






Fikirlər