20.06.2014.- “Məleykə kimdir ki, icazə verməsin?”

20.06.2014.- “Məleykə kimdir ki, icazə verməsin?”Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artisti Naibə Allahverdiyeva
yeni müsahibəsində son günlər aktyorların bir-birinə qarşı ittihamlarına aydınlıq gətirib.



Müsahibənin oxucularımız üçün müəyyən maraq kəsb etdiyini nəzərə alaraq
"AzerTaym.az" olaraq biz də onu yayınlamaq qərarına gəldik.....


- Daha bir teatr mövsümü başa çatır. Bu mövsüm sizin üçün düşərli oldumu?
- Bu teatr mövsümü mənim üçün uğurlu oldu. İngilis rejissorunun Gənc Tamaşaçılar Teatrında hazırladığı “Konnemarada kəllə” tamaşasında oynadım. O tamaşada çox fərqli obraz yaratdım və obrazımı həqiqətən sevdim. Bu yaxınlarda “Sarıköynəklə Valehin nağılı” tamaşasında bir obraz yaratdım, sabah o tamaşanın premyerası olacaq. Oradakı obrazım da çox xoşuma gəlir. Bir mövsümdə tamam fərqli obrazlar yaratdığım üçün çox sevinirəm. Bu, bir aktrisa üçün çox önəmlidir.

-“Konnemarada bir kəllə”dəki yaşlı qadın obrazınız bizim tamaşaçılar tərəfindən necə qarşılandı?
-O əsərdə açıq-saçıqlıq daha çoxdur. Şəxsən, mən özüm buna pis baxmıram. Çünki teatr həyatın güzgüsüdür. Həyatda olan hadisələri teatrda canlandırırıq. Tamaşaya münasibət artıq insanın intellektual səviyyəsi, teatra yaxınlığı ilə əlaqədardır. Elə insanlar var idi ki, bu tamaşanı qəbul etmirdilər, amma əksər tamaşaçılar “Konnemarada bir kəllə”ni çox yaxşı qarşıladılar. Bununla tamaşaçılar yeni bir tamaşa gördülər. Bu biz aktyorlar üçün də fərqli iş biçimi oldu. Çünki ingilis rejissoru ilə çalışmaq həqiqətən maraqlı idi.

-İngilis rejissorun bizim rejissorlardan fərqli cəhəti nədən ibarət idi?
-Onun aktyorlara, pyesə öz yanaşma tərzi var idi. Mən deməzdim ki, bizim rejissorlar həmin rejissordan pisdir. Doğrudur, Azərbaycanda rejissor problemi var, amma yaxşı rejissorlarımız da az deyil. Sadəcə olaraq ingilis rejissor daha hövsələli, daha sakit və soyuqqanlı münasibət bəsləyirdi.

-Çoxdan arzusunda olduğunuz Kleopatra obrazını niyə yarada bilmədiniz?
-Bütün aktrisalar və aktyorların ürəklərində oynamaq istədikləri obrazları olur. Kleopatranı oynamaq da mənim arzularımdan biri olub. Hətta buna görə əməliyyata razılıq verdim. Əməliyyatdan qorxduğum üçün çox əziyyətlər çəkdim. Bu da onun üçün idi ki, yubileyimə tamaşaçıların qarşısına həm gözəl, həm də Kleopatra obrazı ilə çıxım”.
Ondan başqa daha bir neçə obraz var ki, onları səhnədə canlandırmaq istəyirəm. Sözün düzü, teatrda Kleopatranı oynaya bilməməyimin səbəbi işlərin çoxluğu ilə əlaqədardır. Çünki teatrda başqa işlər var idi. Rəhbərlik əvvəlcə bu rolu oynaya biləcəyimi mənə demişdi, amma sonra teatrın işlərinin çoxluğundan bu arzum baş tutmadı. Mənə elə gəlir ki, nə vaxtsa mən Kleopatranı oynayacam.

-Niyə bütün aktrisalar Kleopatranı oynamaq istəyir?
-Bu obraz tarixi şəxsiyyətdir, zəngin obrazdır: həm yaşadığı məhəbbət, həm xarakter baxımından bir qadın, bir aktrisa üçün lazım olan hər bir şey bu obrazda cəmləşib. Həm də Kleopatra gözəlllik simvoludur. Bütün qadınlar özünü Kleopatraya oxşatmaq istəyir. Deyirlər ki, Kleopatra o qədər də gözəl olmayıb, amma gözəl bir qadın görəndə onu Kleopatraya bənzədirlər. Yəqin buna görə hamı bu obrazı oynamaq istəyir. Və burda pis heç nə yoxdur.

-Son dövr Azərbaycan səhnəsində Kleopatranı Məleykə Əsədova canlandırıb. Bununla bağlı sizin polemikanız da düşmüşdü. Sizin belə bir ifadəniz var idi ki, guya Məleykə xanım bu obrazı oynamağa sizə icazə verməyib. Bu zarafatyanə deyilmiş söz idi, yoxsa...

-Necə? Kim icazə vermir? Məleykə xanım kimdir ki, icazə verməsin? O da aktrisadır, aktrisa kimi də bu rolu oynayıb. Məleykə xanımdan öncə bu rolu Hökumə Qurbanova oynayıb.

-Bu ifadə sizin dilinizdən deyilib axı.
-Axı Məleykə xanım elə bir şey edə bilməz. Mən elə bir söz deməmişəm ki, Məleykə xanım qoymur. Məleykə xanım rejissor deyil, teatrın direktoru deyil, nazir deyil, o, aktrisalardan biridir. Mənə elə gəlir ki, Məleykə xanım heç vaxt belə bir qadağa qoya bilməz. O düşüncəli və ağıllı bir qadındır. O bu sözü desə çox gülməli çıxar. Sadəcə olaraq mənə sual vermişdilər ki, Məleykə xanım bu obrazı oynayıb və siz də oynasanız, qısqanclıqla yanaşmazmı? Mən də dedim ki, belə çıxır ki, mənim oynadığım rolları sabah kimsə oynasa, mən də onlara qısqanclıqla yanaşmalıyam. Məleykə xanım gəlsin mənim “Pəri Cadu”da Şamama rolunu oynasın. Hansı rolu istəyir, qurbandır ona, gəlsin oynasın. Məncə, o heç vaxt belə qadağa qoya bilməz və düşünər ki, bunu eləsə, hamı ona gülər.

-Serialların zəifliyindən söhbət açılanda siz qəti şəkildə rejissorları və operatorları qınayırsınız.
-Bəli, mən elə düşünürəm. Hesab edirəm ki, rejissorların aktyor seçimi çox zəifdir. Serialların, kinonun öz dili var. Ləhcələrdən istifadə etmək mümkündür. Əgər obraz həqiqətən bunu tələb edirsə. Eşitməmişəm ki, bizim hansısa serialımız insanları cəzb etsin. Həyatımızda olan hadisələr bizim seriallarda yoxdur. Aktyorlar seçimi yoxdur, tanınan simalar demək olar ki, azdır. Bizim dövrümüzdə normal kastinq olurdu. Bu gün isə haradan gəldi, necə gəldi kastinq edirlər.

-Siz rejissorları qınayırsınız, amma həmkarlarınız aktyorlarımızın zəif oynamağından şikayətlənir. Məsələn, bu yaxınlarda aktyor Kamran Yunis belə bir ifadə işlətdi ki, aktyorlarımızdan naftalin iyi gəlir.
-Saqqallı oğlanı demirsiniz? O ağzına nə gəldi danışır. Mən onun normal obrazını görməmişəm. Elə özündən naftalin iyi gəlir. Azərbaycanda çox gözəl aktyorlar var. Sadəcə olaraq bizim əsərlər, ssenarilər, rejissorlar zəifdir. Serial çəkilişinə az maliyyə ayrılır. İstedadlı aktyorlarımız var, sadəcə istifadə edə bilmirik. Serial çəkmək bəyən asandır? Hər yerindən duran serial çəkir.

-Kaprizli aktrisasınız?
-Yox kaprizli deyiləm. Amma getdiyim hər çəkilişə, dəvət aldığım hər yerdə abu-hava ilə tanış oluram. Son zamanlar bir neçə seriala dəvət etdilər, razılaşdım, amma sonra yarımçıq qaldı. Bəzi seriallarda isə elə abu-hava gördüm ki, uzaqlaşdım. Razılıq verdiklərimin də səbəbi var. Hara gedirəm deyirlər ki, niyə yoxsunuz, niyə çəkilmirsiniz. Bunu tamaşaçı məndən tələb edir. Bir də ki, bizim rejissorlarda belə bir fikir var: bu komediya aktrisasıdırsa ancaq komediya oynamalıdır. Mən belə fikri qəbul etmirəm. Aktrisa ümumiyyətlə plastilin olmalıdır. Mən ömür boyu teatrda dramatik rollar ifa etmişəm. Dramatik roluma görə də Əməkdar artist adına layiq görülmüşəm. Bizdə aktyorları ştamplamaq doğru deyil. Bunların hamısı savadsızlıqdan irəli gəlir.

-Müğənnilik fəaliyyətinizdə nə yenilik var?
-Deyirəm çəkilmirəm heç olmasa, oxuyum. Məni sevən insanlar öz məclislərinə çağırırlar. “Əli xınalı gəlin” mahnımı indiki qızlar, gəlinlər çox bəyənir. İndi bəzi insanlar deyəcək ki, bu da başlayıb oxumağa. Bunu demək ayıbdır. Çünki mən nə bozbaş bişirəm olmuşam, nə də saç ustası işləmişəm. Mən incəsənət adamıyam və aktrisayam. Dünya təcrübəsində də var ki, aktrisalar oxuyur, müğənnilər filmlərə çəkilir. Amma bizdə birmənalı münasibət yoxdur. Aktrisa oxumalıdır da, saç ustası oxumayacaq ki? Mən universitetə girəndə vokaldan imtahan vermişəm, dörd il vokaldan dərs keçmişəm. Amma çox qəribədir ki, müğənnilərin seriala çəkilməyinə pis baxmırlar.

-İndiyə qədər neçə mahnı yazdırmısınız?
-Yalnız bir mahnı yazdırmışam. O da “Əli xinalı gəlin”dir. Başqa müğənnilərin də mahnılarını oxuyuram, tez-tez türk mahnılarına müraciət edirəm.


Nərmin Muradova






Fikirlər