“Övladlarım istəmir camaat bilsin ki, onların atasıyam”
Hacı müəllim, əhvalınız necədir?
- İş olanda özümü yaxşı hiss edirəm. Bekarçılıq adamı darıxdırır. 2014-cü il mənim üçün əlamətdar oldu. O mənada ki, keçən il 70 yaşım oldu, Teatr Xadimləri İttifaqının sədr müavini seçildim. Bundan başqa, Cəfər Cabbarlının bir çox əsərlərində oynamışam, ona görə keçən il “Cəfər Cabbarlı mükafatı”na layiq görüldüm. İndi həm Teatr Xadimləri İttifaqında, həm də Akademik Milli Dram Teatrında çalışıram.
- İlk mükafatınızı nə vaxt almısınız?
- 1977-ci ildə Rasim Ocaqovun “Ad günü” filminə çəkildim. O film mənim üçün çox uğurlu oldu. 1980-ci ildə “Ad günü” Dövlət Mükafatına layiq görüldü. Yadımdadır, yanvarın 26-da o vaxt respublikaya rəhbərlik edən Heydər Əliyev həmin mükafatı filarmoniyada şəxsən mənə təqdim etdi. Bu, mənim həyatımda sevincli, unudulmaz və bir ömrə bərabər gün idi. O sevinci mən indi də yaşayıram.
- Birinci mükafatı alanda keçirdiyiniz həyəcanı sonrakı mükafatlarda yenə yaşadınız, yoxsa belə şeylər getdikcə adiləşir?
- Yox, deməzdim adiləşir. Aktyorlar fəxri adları, mükafatları xoşlayır. Birinci mükafatımı alandan xeyli sonra əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adına layiq görüldüm. Böyük qardaşım sənətdə qazandığım uğurlara görə çox sevinirdi, yaradıcılığımı izləyirdi. Məsələn, şəhərdə kimsə məni tanıyanda, salam verəndə qardaşım qürur hissi keçirir, mənimlə fəxr edirdi. Təəssüf ki, xalq artisti adına layiq görülən gün qardaşım dünyasını dəyişdi. Yasa gələnlər bilmirdilər, məni təbrik etsinlər, yoxsa başsağlığı versinlər. Heyif ki, qardaşım həmin günü görə bilmədi.
- İstəyirəm, böyüdüyünüz ailə və mühit haqqında danışasınız...
- Mən İçərişəhərdə böyümüşəm. Atam dənizçi idi, 40 il gəmidə çalışıb. Anam bəy nəslindən olub, orta təhsili olmayan evdar qadın idi. Əslən Masallıdan, Mircavad bəy Talışxanovun nəslindədir. Mən Mircavad bəy Talışxanovun bacısının nəvəsiyəm. Bəylərə qarşı repressiya başlayanda Bakıya köçüblər, Suraxanıda və başqa yerlərdə məskunlaşıblar. Anam Bakıda atamla tanış olub, ailə qurublar və 1944-cü ildə mən dünyaya gəlmişəm. Ailəmiz o qədər də yaxşı yaşamırdı, atam maaşı ilə ailəni birtəhər dolandırırdı. Uşaqlıq, gənclik dövründə əynimdə plaşım, başımda papağım olmayıb. Tələbə vaxtı, hətta teatrda təzə-təzə işləyəndə cibimdə bəzən 3-5 qəpiyim olmurdu ki, trolleybusa verib evə gedim. Amma o çətinliklər məni sındırmayıb, əksinə, daha dözümlü, əzmkar olmuşam.
- Maddi sıxıntını necə yaşınızdan sonra özünüzdən uzaqlaşdırdınız?
- Çox gec. Düzdür, maaşla birtəhər dolanmaq olurdu, amma palto, kostyum, ayaqqabı almağa çox vaxt pul qalmırdı, qardaşımın paltarlarını geyinirdim. Bu evlənənə qədər olub. Subaylığın daşını atandan sonra vəziyyətim bir qədər düzəldi. Bəxtim onda gətirdi ki, məni kinoya çəkdilər, dublyaja cəlb etdilər. Sonralar lap yaxşı oldu. Prezident təqaüdləri təsis olunandan sonra maddi vəziyyətimiz bir qədər yaxşılaşıb. O mənada ki, arxayınlıqdır, əziyyət çəkmirik.
- Nə vaxtdan hiss etdiniz ki, tanınırsınız, küçədə adamlar sizi göstərib deyir ki, o gedən Hacı İsmayılovdur?
- (Gülür) Məktəbdə də, dərnəyə gedəndə də ürəyimdə bir hiss vardı ki, başqalarından seçilim. Öz-özümə fikirləşirdim, hansı sənəti seçim ki, məşhur olum. Ona görə aktyorluğa meyl etdim. Sonralar gördüm ki, seçimimdə düz etmişəm. Məni tanıyırdılar, hörmət edirdilər. Amma sonralar bu məni bezdirdi ki, bu nədir, hamı tanıyır, adam rahat ola bilmir. Peşəkar olandan, püxtələşəndən sonra isə sevinməyə başladım ki, insanların mənə münasibəti müsbətdir, sevirlər, hörmət edirlər. Məsələn, tanımadığın adam yolda sənə salam verirsə, bunu izah etmək çətindir. Deməli, həyatda nə isə edə bilmişəm.
- Sizi “Ad günü” filmi məşhur edib. Yəni məşhurluğa görə, məncə, teatra yox, daha çox kinoya minnətdar olmalısınız...
- O filmə qədər teatr tamaşaçıları məni tanıyırdılar. Amma, əlbəttə, daha böyük məşhurluq həmin filmdən sonra məni tapdı.
- Bəs insanlar sizi tanımayanda hansı hissləri keçirirsiniz?
- (Gülür) Bir az məəttəl qalıram ki, nə əcəb bu adam məni tanımır? Bu qabaqlar olmurdu, amma son zamanlar görürəm, cavanlar üzümə baxırlar, onlara tanış gəlsəm də, kim olduğumu tam aydınlaşdıra bilmirlər. Bu yaxınlarda həyətdə yeddinci-səkkizinci sinifdə oxuyan bir oğlan yaxınlaşdı ki, mənə tanış gəlirsiniz, siz bəstəkarsınız? Dedim, hə, oğlum, bəstəkaram (Gülür). Bir dəfə toya tələsirdim, yol polisi saxladı. Gördüm, bir az qabaqda polislərdən biri başqa maşını da saxlayıb. Tanınmış aktyoram, düşdüm maşından, “salam-əleyküm salam”dan sonra özümü təqdim elədim. Gördüm yox, bu adam mənə xam baxır. Dedim, tanımadın məni, dedi, yox. Məəttəl qaldım ki, necə yəni tanımırsan, kinoya, televiziyaya baxmırsan? Fikirləşdim ki, bu ya mənimlə zarafat edir, ya da tərs damarı tutub. Xeyli danışandan sonra qabaqdakı polis qayıdıb gəldi, mənimlə görüşdü, hal-əhval tutandan sonra qayıtdı ki, Hacı müəllim, buna fikir vermə, uzun müddət Özbəkistanda işləyib, indi gəlib Bakıya, ona görə sizi haradan tanısın?
- Deməli, polislərlə yola gedirsiniz...
- Yol polisləri mənə o qədər hörmət edib ki. Bəzən adam tələsdiyindən xətti tapdayır, qaydanı pozur, amma saxlayıb görəndə ki, mənəm, yola salırlar.
- Yol polis sonuncu dəfə sizə nə vaxt protokol tərtib edib?
- Haradasa, 15-20 il bundan qabaq. Tanımayıb, deyib, yazacağam, mən də demişəm, yazırsan, yaz! Bir-iki dəfə radara düşmüşəm, amma özləri deyib, heç nə lazım deyil, gedin.
- Hacı müəllim, yaşıdınız olan aktyorlardan kiminsə istedadına görə qibtə etdiyiniz olub?
- Məndə, ümumiyyətlə, qibtə hissi yoxdur, heç kimi də ideallaşdırmıram. Sadəcə, istedadlı aktyorlardan nələrsə götürürəm, öyrənirəm. Məsələn, Səməndər Rzayevdən, Yaşar Nuridən, Səyavuş Aslandan öyrəndiyim şeylər olub. Mənim öz yolum, sənət meyarım var.
- Sənətinizdən küsdüyünüz vaxtlar necə, olub?
- Küsdüyüm yox, həvəsdən düşdüyüm vaxtlar olub. Keçid dövründə çətinlik idi, amma heç vaxt ağlıma gətirməmişəm ki, teatrdan gedim. Bəzən sənət dostlarım arasında inciklik, anlaşılmazlıq olub. Ancaq bunlar heç vaxt mən tərəfdən olmayıb. Sadəcə, onların mənə münasibətində qeyri-müəyyənlik görmüşəm və fikirləşmişəm ki, bu adam mənə düzgün qiymət vermir. Son vaxtlar bəzi adamların münasibətini görəndə adam pis olur. Bir də xoşlamıram ki, kimsə məndən sui-istifadə etsin.
- Sizdən kim sui-istifadə edib?
- Olub, belə şeylər olub. Dostlar arasında da olub, ancaq onların adını çəkmək istəmirəm. Əvvəl elə bilirsən, doğrudan da səndən kömək istəyir, sonra başa düşürsən, yox, belə deyil, bu adam öz işinə görə səndən istifadə edir.
- Qohum-əqrəbanın xahişləri tez-tez olur?
- Əlbəttə! Ən çox yoldaşımın qohumları xahiş edir (Gülür). Qayınlarıma, onların uşaqlarına kömək etmişəm. Öz tərəfimin qohumlarından çox az olub. Məsələn, deyiblər, xeyir işimiz var, tanınmış adamsan, sən də iştirak et, köməkliyin dəyər. Kiminsə xahişini edəndə məmurlar da sözümü eşidirlər. Amma bir şey var: hər iş üçün məmur yanına getmək olmaz.
- Və yəqin ki, belə şeylər sizi yorur...
- Hə, elədir. Daha çox kiməsə ağız açmaqdan utanıram. Adamdan bir dəfə xahiş etmək olar, adamın xahişini bir dəfə edərlər.
- Bir dəfə Rafiq Əzimovdan soruşdum ki, aktyorun rola dəvət alıb sınaqdan keçə bilməməsi necə hissdir, dedi, dəhşətli hissdir, bunu izah etmək çətindir. Sizdə necə, belə şeylər çox olub?
- Mənə bir şey təsəlli verir ki, çəkildiyim filmlərin əksəriyyətində belə olmayıb. Məsələn, “Papaq” filmində Hüseyn roluna məni dəvət etmişdilər, amma alınmadı, Kamil Məhərrəmovu çəkdilər. Sonra fikirləşdim ki, nə yaxşı məni yox, elə Kamil Məhərrəmovu çəkiblər. Bəzən rejissorun rol təklifini qəbul etməmişəm ki, mənə filan rolu verin, ancaq razı olmayıb. Kinoda hər rejissorun öz aktyoru var. Mənim bəxtim onda gətirib ki, rejissorların çoxu məni öz tamaşalarında görmək istəyiblər.
- Dram Teatrında imtina etdiyiniz tamaşalar olub?
- Bəzi tamaşaların məşq prosesində rolumdan imtina etmişəm. O tamaşaların heç adları da yadımda qalmayıb. Bu dava-dalaşla, incikliklə olmayıb, demişəm, təklifə görə sağ olun, bu rol mənlik deyil. Həmişə demişəm, mən bəxti gətirən aktyoram. Yəni rol sarıdan heç vaxt korluğum, əziyyətim olmayıb.
- Sualım qəribə səslənməsin: özünüzü böyük aktyor sayırsınız?
- Yox, nə danışırsınız, qətiyyən! Məni aktyor kimi Rasim Ocaqov kəşf edib. Bir az əvvəl dedim ki, məndən daha yüksək sənətə malik olan dostlarımdan çox şey öyrənmişəm. Özümü böyük aktyor saymağı heç ağlıma da gətirmirəm. Hər aktyorun öz tamaşaçısı var. Elələri var, məni, ümumiyyətlə, aktyor saymır. Bircə Çarli Çaplindir ki, onu hamı sevib.
- Deyirlər, Rasim Ocaqovla işləmək çətin olub...
- Onu kim deyir, bilmirəm, əksinə, Rasim Ocaqovla işləmək çox maraqlı olub. Həmişə deyirdim, kim Rasim Ocaqovun yanında ikinci rejissor işləyirsə, həmin adam növbəti filmini sərbəst çəkə bilər. Çünki o adam məktəb idi. Kaprizi ancaq o ola bilərdi ki, aktyorun məsuliyyətsizliyini bağışlamırdı. Sevmirdi aktyor mətni bilməsin, çəkilişə geciksin, şıltaqlıq eləsin. Lazım gələndə, bəli, aktyora ağır söz deyirdi.
- Konkret cavab verməyinizi xahiş edirəm: rol aldınız ən uğurlu və ən uğursuz üç filmin adını soruşsam, hansıları deyərsiniz?
- Uğurlu filmlərim şübhəsiz ki, “Ad günü”, “Həm ziyarət, həm ticarət” və “Yol əhvalatı”dır. Amma bura “Bəyin oğurlanması”nı da əlavə etmək istərdim. O ki qaldı uğursuz filmlərimə...
- Onda bəxti gətirməyən filmlər deyək...
- Məsələn, “Sarı gəlin” filmi çəkildi və mən istəyirdim, o, daha geniş yayılsın, amma aqibəti yaxşı olmadı.
- Bir dəfə kino adamları danışırdılar ki, “Sarı gəlin”dəki roluna görə Hacı İsmayılova ”Oskar” verilməlidir...
- Eşitməmişəm, vallah. “Oskar” istəmirəm, sadəcə, o filmi göstərsinlər, bəs edər. Əslində həmin rola Arif Quliyevi çəkmək istəyirdilər, amma nə isə alınmadı, onun əvəzinə məni çəkdilər.
- Övladlarınız sizin adınızdan və şöhrətinizdən istifadə edirlər?
- Yox, heç biri. Əksinə, övladlarım istəmir camaat bilsin ki, mən onların atasıyam (Gülür).
- Son vaxtlar filmlərə dəvət almırsınız...
- Nəsə dəvət etmirlər. Amma kinoya çəkilmək istərdim. Düzü, seriallara da dəvət almıram. Əslində seriala çəkilməyə o qədər də meylli deyiləm. Mənə elə gəlir, kinoda öhdəsindən gələ bilməyəcəyim iş yoxdur. Amma hələlik təklif yoxdur, mən də ümidimi üzmürəm.
APA