“Təhminə”nin “Spartak”ı: 6 ay fəhlə işləmişəm — VİDEO
ARB TV-nin “Ömrün fəsilləri” verilişinə qonaq olan Əməkdar artist Füzuli Hüseynov maraqlı açıqlamalar verib. AzerTaym.az-ın məlumatına görə, “Təhminə” filmindəki “Spartak” obrazı ilə tanınan aktyor uşaqlığından və ailəsindən danışıb. “Aktyorluğa mənim yox, qardaşımın həvəsi olub. İndi qardaşım diş həkimidir. Ədəbiyyata daha çox meyilli olduğum üçün incəsənətə gəldim. Valideynlərim qarşıma şərt qoydular ki, oxumalısan. Oxumasan fəhlə işləyəcəksən. Hansı sahəni seçməyim önəmli deyildi, təki təhsil alım. Dəcəl uşaq olmuşam. Birinci ili imtahandan kəsildim. Qayıdıb rayonda fəhlə işləməyə başladım, 6 ay çalışdım. Atam imkanlı idi, məni universitetə düzəldə bilərdi. Amma cəza vermişdi. Universitetə daxil olanda atam dedi ki, sən fəhlə işləməsəydin, indi qəbul olmazdın. Fəhləlikdən bezib oxumağa qərar verdim. Tələbə biletimi alıb gətirib anamla atama verdim, onda mənə inandılar”,-deyə o bildirib. F.Hüseynov bildirib ki, universitetə daxil olması münasibətiylə atası ona avtomobilini verib: “Atam dedi ki, nə istəyir ürəyin de edim. Dedim maşının açarlarını və bir az pul ver. Verdi və 1 həftə evə gəlmədim, dostlarımla oldum. Evə gələndə isə dedi ki, belə davam etsən, universitetin birinci kursunu belə bitirməyəcəksən. Açarları aldı və aylıq pul göndərəcəyini dedi. Mən hətta küsdüm ki, bunlar üçün universitetə girmişəm, bunlar mənə gör nə edir”.