20.08.2014- Milli qəhrəman oğlu: “Ali təhsilim var, saatı 1 manatdan fəhlə işləyirəm” - video

20.08.2014- Milli qəhrəman oğlu: “Ali təhsilim var, saatı 1 manatdan fəhlə işləyirəm” - videoŞəhid ailələri tez-tez son instansiya kimi redaksiyamıza üz tutur, sosial durumları ilə bağlı şikayət edirlər.

Milli qəhrəman Pəhlivan Fərzəliyevin ailəsi də onlardan biridir.

Bu ailə 20 ilə yaxındır ki, uşaq bağçasının uçuq-sökük binasında yaşayır.

Milli qəhrəmanın ailəsi Bakının Nizami rayonunda E.Süleymanov küçəsindəki 122 saylı uşaq bağçasında məskunlaşıb. Binanın künc-bucağı qopub tökülür, kərpicdən tikilmiş divarları artıq sıradan çıxıb.

Milli qəhrəmanın böyük oğlu Xaliq Fərzəliyev ali təhsilli iqtisadçıdır. Onun sözlərinə görə, onlara ev veriləcəyi barəsində söz verilib, amma hələ də verilən söz tutulmayıb: “97-ci ildən bu bağçada məskunlaşmışıq. Həmin illərdə söz verdilər ki, bizə ev veriləcək. Amma üstündən bu qədər vaxt keçməyinə baxmayaraq, hələ də nəticə yoxdur. Mənim atam vətən uğrunda şəhid olub. Bu gün müharibə olsa mən döyüşə gedənlər arasında ilk sırada olacağam. Müharibədən, şəhid olmaqdan qorxmuram. Qorxum mənim ailəmin də bu vəziyyətdə yaşayacağındandır. Qorxuram ki, mənim də ailəm hansısa daxmada, bağçada yaşamalı olacaq”.

Ali təhsilli şəhid oğlu saatı 1 manatdan fəhlə işləyir

Xaliq Fərzəliyev deyir ki, ali təhsilli olmasına baxmayaraq fəhlə işləyir: “27 yaşım olanda Türkiyəyə getmişdim. Orada biləndə ki, mən şəhid milli qəhrəmanın oğluyam, məndən yaşadığım şəraiti soruşdular. Mən də yalandan dedim ki, dövlət bizə ev, iş, maşın verib. Dilim gəlmədi deyəm ki, uçuq vəziyyətdə olan bir bağçada məskunlaşmışıq. Bir neçə ay bundan qabaq atamın adını daşıyan böyük oğlumu yatdığı yerdə sıçovul dişləmişdi. Biz, bu şəraitdə yaşayırıq. Mənim atama Heydər Əliyev tərəfindən qızıl orden verilib. İlham Əliyev tərəfindən təqaüd ayrılıb. Amma bu orden və təqaüd heç nəyi dəyişmir. 7 nəfərdən ibarət bir ailəni o təqaüdlə saxlamaq olmur. Mənim ali təhsilim var. Amma bu ölkədə mənə iş yoxdur. Saatı 1 manatdan fəhlə işləyirəm”.

“Mənə qaraçı, dilənçi kimi baxırlar”

X.Fərzəliyev bildirdi ki, elə bir şərait yaranıb, milli qəhrəman oğlu olmaqdan utanır: “Şikayət ərizəsi yazmadığım dövlət qurumu qalmayıb. Hamısı da eyni cavabı verir: “Bizim səlahiyyətimizdə deyil”. Artıq hansısa bir yerə şikayət üçün gedəndə utanıram. Şəhid ailəsiyəm, milli qəhrəman oğluyam, amma mənə qaraçı, dilənçi kimi baxırlar. Bu mənə çox pis təsir edir. Əslində qürur duymalıyam ki, mən milli qəhrəman oğluyam. Amma bunu edə bilmirəm. Atam haqda kitablar yazılıb, məqalələr dərc edilib. Hər kəsə təşəkkür edirəm. Amma bizə ev lazımdır. Uşaqlarım bu şəraitdə yaşamalı deyil. Məmurların elə bir imkanları var ki, bizə bir ev vermək onlar üçün problem yaşatmamalıdır. Azərbaycan dövlətinin milli qəhrəman ailəsinə ikiotaqlı ev verəcək qədər gücü yoxdur? Nizami rayonu ərazisində atamın adını daşıyan bir qəsəbə var. Qəsəbədə atamın abidəsi qoyulub, amma indi ora elə bir vəziyyətdədir ki, mən ora getməyə utanıram. Elə bir imkanım da yoxdur ki, gedib oranı təmir elətdirim. Qəsəbə Balaxanı zibilxanasını xatırladır”.

Milli qəhrəman Pəhlivan Fərzəliyevin həyat yoldaşı Sona Fərzəliyeva deyir ki, o, öz həyat yoldaşı ilə fəxr edir: Biz Qazaxıstanda yaşayırdıq. Yoldaşım 20 Yanvar hadisələrindən sonra dedi ki, “Mən burada qala bilmərəm. Vətənə qayıtmalıyıq”. Biz də gəldik Azərbaycana. Qarabağ müharibəsində iştirak etdi. 1992-ci ildə şəhid oldu. Ona milli qəhrəman adı verildi. Mən öz yoldaşımla fəxr edirəm. Amma özüm şəhid ailəsi olduğum üçün utanıram. Yaşadığım şəraitdən utanıram. Mən bu şəraitdə iki oğlumu böyütmüşəm, indi də nəvələrimi böyüdürəm. Bu nə vaxta qədər davam edəcək? Prezidentdən xahiş edirəm ki, bizi bir evlə təmin etsin”.

Sonda öyrəndik ki, adı çəkilən bağçada ümumilikdə 9 ailə yaşayır. Daha dəqiq desək, yaşamağa çalışırlar. Bu o deməkdir ki, daha 8 ailə eyni problemlərdən əziyyət çəkir. Ümid edək ki, qısa müddətdə ailələrin problemləri həll ediləcək.

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi hər ay şəhərin müxtəlif nahiyələrində məskunlaşdırma işləri aparır. Qoy bu ailəni də siyahıya salsın.







Fikirlər