30.01.2014. - Yevlaxda sosial yardım ala bilməyənlərin üsyanı (Fotolar)

30.01.2014. -  Yevlaxda sosial yardım ala bilməyənlərin üsyanı (Fotolar) Yevlaxda əlil Nizami Kərimovun özünü yandırmasından sonra Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rövşən Məhərrəmov işdən azad edilib.

Mərkəzin direktor əvəzi Natiq Məmmədov isə təcili Bakıya - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırılıb. Yevlax ƏSMM-nin əməkdaşları dedilər ki, direktor əvəzi yeni təyin olunub, o da paytaxta yola düşüb, vəziyyət gərgindir. Odur ki, idarədə ara qarışıb, məzhəb itib.

“Anam pensiya aldığı üçün mənə yardım vermirlər”

Mərkəzdə vətəndaşların qəbulu və idarəçilik ilə bağlı xaotik vəziyyət yaranıb. Yevlax ƏSMM-də isə əlilin özünü yandırmasından sonra süründürməçilik, qanunsuzluq halları davam etməkdədir.

Mərkəzin qarşısında şikayətini dinlədiyimiz yerli sakin Nəzər Məmmədovun dediklərindən: “Mən Xaldanın Quşçu kəndində yaşayıram. Füzulidə döyüşmüşəm, yaralanmışam və başımda qəlpə var. Üç yerdən əməliyyat olunmuşam və əmək qabiliyyətim yoxdur. Bu günə kim pensiya alırdım. Son artımdan sonra 128 manat pensiya alıram. Üç övladım var. Aldığım travmalardan sonra hələ indi gəzməyə başlayıram. Bu 20 ildə indi ayağa qalxmışam. Ona görə də gəlmişəm ki, mənə sosial yardım ayırsınlar”.

Mahmud Süleymanov adlı Köyük kənd sakini isə haqsızlıqla üzləşdiyini deyir: “Mənim 90 yaşlı anam var. Anama görə mənə sosial müavinət verməkdən imtina ediblər. Qardaşım Əli Süleymanov Füzulidə şəhid olub. Burada Rövşən Məhərrəmov məni get-gələ salıb. Deyir ki, sənə imtina düşür. Guya anamın pensiyası yaşayışıma bəs edir. Əvvəla 6 baş külfətim var. Anamın pensiyası bizə necə çata bilər? İkincisi də anamın pensiyasının mənə nə aidiyyatı var, axı..? Arvad o pensiyanı alırsa, mən sosial yardım ala bilmərəm? Hardansa bir qəpik gəlirimiz yoxdur. Rövşən müəllim haqsızlıq edir, bizə düşən müavinəti təyin etmir. Prezidentə, Mehriban xanıma məktublar yazmışam. Rövşən müəllim deyir ki, get, kimə istəyirsən, şikayət elə...”

“Göldə balıq saxlayanlara, bahalı maşını olanlara müavinət verilir”


Yevlaxın Nəmərli kəndindən ƏSMM-nə növbəti dəfə üz tutan Aynurə Xalqverdiyevanın həyat yoldaşı vəfat edib, üç övladı var. Hazırda 87 yaşlı atasının evində yaşayırlar.

“Atam uzun illər məktəbdə müəllim işləyib. Bizə də sosial yardım üçün imtina cavabı yazıblar. Qazımız, işığımız, gəlirimiz yoxdur. Bizə deyirlər ki, atamın varlığını gizlətmişik. Amma “sovetlik”dən aldığım sənəddə atamın bizimlə yaşadığı qeyd olunur. Sənədi də Sosial Müdafiə Mərkəzinə təqdim etmişik. Atam cəmi 120 manat pensiya alır. Deyirlər ki, guya onun pensiyasını yeyirik. Heç o pul atamın dərmanlarına, çörəyinə çatmır. Qışın günüdür, bax görürsüz, əynində qalın bir paltarı da yoxdur. Almağa imkanımız yoxdur, nə eləyək? Atam müəllim olub, canını bu millətin yolunda qoyub. Ona pensiyanı bizə görə kəsməyiblər, 33 il işlədiyinə görə verirlər. Mənə niyə sosial yardım düşməməlidir?” - deyə şikayətçi qəzəbli şəkildə sual edir.

Onun sözlərinə görə, qəbula gedirkən, deyirlər ki, imtina kağızı yazmışıq, hara istəyirsən, şikayət elə: “O kağız parçasını qazana atıb, qaynadıb, yemək olmur, axı..? Düz bir ildir ki, bu idarəyə ayaq döyürəm. Onlara verdiyim sənədləri geri tələb edirəm ki, aparıb, Bakıda göstərim. Qoy, orda desinlər ki, sənə sosial yardım düşmür. Heç sənədlərimi də vermirlər. Uşaqlarım qışın günündə “şəpit”də gəzirlər. Bu rayonda 10 hektarlarla göldə balıq saxlayanlara, qara bahalı maşını olanlara, qalstuklulara, kostyumlulara yardım düşür, amma bizim kimilərə yox... Məcburam ki, mən də özümü onların bahalı maşınlarının altına atım, bəlkə onda dövlət ayılar”.
A.Xalqverdiyeva bildirir ki, həyat yoldaşı Horadizdə ən qızğın döyüşlərdə iştirak edib: “Batalyondan cəmi 7 nəfər sağ qalmışdı. Sənədləri də elə orda qaldı. Hökumət onun müharibə iştirakçısı olmaslna görə, bir qəpik də bizə yardım vermir. Sabah müharibə olsa, elə bilirsiz, burda oturanları döyüşə çağıracaqlar ölməyə..? Xeyr, yenə bizi, ac-yalavac yaşayanları çağıracaqlar. Elə vəziyyətə salıblar ki, Azərbaycan vətəndaşı olmaqdan utanırıq. Bu qədər neft-qazın içərisində yaşadığımız günə bax...”

Aynurə xanımın yaşlı atası Rövşən Xalqverdiyev də bildirir ki, kürəkəni rəhmətə gedib, ona görə də qızını və nəvələrini öz evinə gətirib: “Bir daxmam var, ora yığışmışıq. Onları qovmayacağam ki..? Oturublar, yanımda... 87 yaşımda nə işlə məşğul olum, nə edim ki, bu yetimləri saxlayım? Mənim pensiyamı bəhanə edib, sosial yardım ayırmırlar. Belə qanun olmaz”.

Başçının sübutu var, “psix” deməyə..?

Yevlaxda özünü yandıran əlil Nizami Kərimovun vəziyyəti ağırlaşıb. Hazırda 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsində müalicə alan əlilə baş çəkən interpress.az-ın əməkdaşına verilən məlumata görə, onun yanına heç kəs, hətta həyat yoldaşı belə buraxılmır.

Xəstəxananın yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov Modern.az-a xəstənin vəziyyəti haqqında məlumat verib: “Xəstənin vəziyyəti ağırdır. Bədəninin yuxarı hissəsinin təxminən 65-70 faizi yanıb. Hər iki yuxarı ətraflar tamamilə 3-cü dərəcəli yanıq xəsarəti alıb”.

Özünü yandıran əlilin xanımı Zülfiyyə Kərimova isə saytın əməkdaşına deyib ki, 2013-cü ilin son aylarından etibarən sosial yardım ala bilməyiblər: “4 ay idi ki, sosial yardım bağlanmışdı. Bütün ailə gözünü dövlətin verdiyi sosial yardıma dikib. Bir-iki ay səsimizi çıxartmadıq. Nəhayət, yoldaşım qərara gəldi ki, rayon mərkəzində yerləşən sosial yardım şöbəsinə müraciət etsin. Yoldaşım ora gedərkən ona orada deyiblər ki, “Gərək sosial yardımın 6 ayını biz alaq, 6 ayını da siz...”

Z.Kərimova sosial durumlarının çox ağır olduğunu vurğulayıb: “3 uşağımız var. Böyük qızım ailəlidir. Yerdə qalan ikisi məktəblidir. Uşaqlarım hər dəqiqə zəng edib, atalarını soruşurlar. Həqiqəti deyə bilmirəm. Uşaqlarım evdə gözüyaşlı qalıb. Yoldaşımın vəziyyəti yaxşı deyil, yanıq onun sifətini pis hala salıb. Amma ümid edirəm ki, sağalacaq. Bu oyunu bizim başımıza açanlardan əl çəkən deyiləm”.

O, icra başçısına da cavab verib: “Məni yandıran əsas məsələ Yevlax rayonu İcra Hakimiyyəti başçısının yoldaşıma “psix” damğasını vurmasıdır. Bu sözü hansı əsasla deyib? Sübutu var, o sözü işlətməyə..? İcra başçısının yoldaşıma “psix” deməsi bütün qohumlarımızı ayağa qaldırıb. Onun ayağı əlildir, başı isə əlil deyil. Ona deyiblər ki, “Kişi deyilsən, özünü yandırmasan”. Yoldaşımı özündən çıxarıblar. Haqqını tələb edəndə adam “psix” olur, bəyəm..?"

30.01.2014. -  Yevlaxda sosial yardım ala bilməyənlərin üsyanı (Fotolar)
30.01.2014. -  Yevlaxda sosial yardım ala bilməyənlərin üsyanı (Fotolar)






Fikirlər