27.01.2014. - Beyləqanda Ünvanlı Yardımlar ünvandan kənar paylanır?!

27.01.2014. -  Beyləqanda Ünvanlı Yardımlar ünvandan kənar paylanır?!
27.01.2014. -  Beyləqanda Ünvanlı Yardımlar ünvandan kənar paylanır?!




İlham Quliyev rayon Əhalisinin Sosial Müdafiəsinə ayrılan vəsaiti öz şəxsi biznesinə yönəldib

Ünvanlı dövlət sosial yardımı haqqında qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud, ölmüş hesab edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

Lakin yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş məmurların öz səlahiyyətlərindən sui-istifadə etmələri Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan radikalları sevindirir, necə deyərlər, onların «ağızlarına dil atır». Bədxahlara, destruktiv təbliğat üçün bəhanə verən bürokratlardan biri də Beyləqan Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru İlham Quliyevdir. Bu məmurun rəhbərlik etdiyi idarədə korrupsiya motivli hüquq pozmalardan bəhs edən tənqidi məqalələr də ölkə mətbuatında dərc olunmuşdur. Həmin yazılarda söhbət Mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölünməsindən gedirdi. Nəticə isə belə alınır ki, yardıma həqiqi ehtiyacı olan yoxsulların çoxunun tələb olunan kağızları toplamağa, bürokratik karuseldə yıxılmadan dövrə vurmağa gücü çatmır. Yardımdan yararlananlar isə əslində buna ehtiyacı olmayanlar olur. Bu sahədə ədalət prinsiplərinin pozulması səbəbindəndir ki, Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir.

Hərçənd, İlham Quliyevin təpədən-dırnağadək rüşvətxor olmasına inanmaq üçün elə də dərin müşahidəyə ehtiyac yoxdur. Onun rayonda «yağışdan sonra çıxan göbələklər» kimi bir-birinin ardınca peyda olan obyektləri, göz qabağında biznes şəbəkəsini yaratması özü-özlüyündə hər şeyi deyir. Əgər İlham bəydən gəlir deklorasiyası tələb olunsa, onun bütün bu ölçüsü metrə, qiyməti əndazəyə gəlməyən varidata əsla maaş hesabına yiyələnmədiyini asanlıqla ifşa etmək olar. Və əgər bütün bunlar Beyləqanda uşaqdan böyüyədək hamıya məlumdursa, əlbəttə ki, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə də məlumdur. Daha doğrusu, Quliyevin bu kapitalı cənab Abdullayevin gözləri önündə formalaşıb. Belə ki, İlham Quliyev də Beyləqana Vaqif Abdullayev başçı təyinatı alandan sonra rəhbər vəzifəyə gələn kadrlardandır. Bütün bunlar rayon başçısının ƏSMM direktorunun kəsdiyi yardım paylarına şərik olduğu barədə dolaşan xəbərlərin doğruluğuna dəlalət edir. Vətəndaşların I.Quliyev barədə RİH-nə ünvanladıqları şikayətlərə baxılmaması da bu səbəblə əlaqələndirilir.

Xatırladaq ki, İlham Quliyev Beyləqandan əvvəl paytaxtın Binəqədi rayonunda sosial xidmət strukturunda nisbətən aşağı vəzifədə çalışıb. Onun karyerada irəliləyişi «yuxarı»dan dəstəyinin olduğunu deyənlərin sözünə qüvvət verir.






Fikirlər