14.01.2014. - Daha bir Qarabağ veteranı özünü yandıracaq!

14.01.2014. -  Daha bir Qarabağ veteranı özünü yandıracaq!Daha bir Qarabağ veteranı özünü yandıracağını deyib.
Siyəzən rayonu, T.İsmayılov, 47, ev 25 ”a”-nın sakini Qarabağ müharibəsi veteranı Dadaşov Yunus Bayram oğlu AzerTaym.az-a rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və onun komandasının əlindən bezdyinə görə, elə oradaca özünə qəsd edəcəyini deyib.


O, bildirib ki, 1993-1994-cü illərdə Qarabağda ərazimizin bütövlüyü uğrunda, ermənilərə qarşı vuruşub.Qarabağ müharibəsi veteranıdır: “2002-ci ildə T.İsmayılov, 47, ev 25 ”a” ünvanında 2 otaqlı, geniş dəhlizli, kürsülü ev tikdim. 2012-ci ildə isə həmin ərazidə parkın salınması ilə bağlı söküntü işləri aparıldı.
Rayon icra başçısı Arif Qasımov mənə söz verdi ki, sənə torpaq sahəsi ayrılacaq və evin tikintisində yardım ediləcək. Həqiqətən də mənə rayonin Gənclik mikrorayonundan 5 sot torpaq sahəsi ayrıldı. Lakin onun 2 sotunu mənə 600-700 manata satdılar. Deyirlər ki, gətir pulu ver. 3 sotunu bağışladılar. İcra hakimiyyətinə çox ayaq döydükdən sonar 20 kisə sement verdilər ki, get evini tik. Bununla da işlərini bitmiş hesab etdilər. Düz bir ildən çoxdur ki, mən icra hakimiyyətinin məsulları tərəfindən qəbul edilmirəm. Yalnız quru vədlər eşidirəm. Hətta təhqir olunmuşam. Şikayət edəcəyimi bildirdikdə “istəyirsən get prezidentə de” deyiblər. Mənə çıxış yolu kimi “get torpağının yarısını sat, evini tik” deyirlər. 2010-cu ildə ürəyimdən əməliyyat olunduğumdan səhhətim mən imkan vermir ki, onlarla qanun çərçivəsində mübarizə aparam. Bir az əsəbləşən kimi üstümə təcili tibbi yardım gəlir. Hazırda 4 nəfərlə oğlumun 2 otaqlı mənzilinə sığınmışıq. Oğlumun ailəsi də 4 nəfərdən ibarətdir. İki otaqda 8 nəfərin qalması dözülməzdir. Lakin bu halımız icra hakimiyyətində oturanları maraqlandırmır.
Evimdən sökülən materialların salamat hissəsini saxlamışam ki, onlardan istifadə edəm. Amma nə daş, nə çınqıl almağa pulum belə yoxdur. 30 min manatlıq evim sökülüb, amma 100 manat belə kompensasiya almamışam. Halbuki bütün kommunal xərcləri dövlətə ödəmişəm. 11 il hesablansa bu az pul deyil.
Mən qəpik-qəpik, boğazımdan kəsib o boyda ev tikdim ki, gəlib bir saata dağıdıb məni qapılarda qoysunlar? Mülkiyyət hüququmu niyə pozurlar, budurmu Qarabağ müharibəsi veteranına hörmət, qayğı?.
Mən də özümə qəsd etməyi planlaşdırıram. Artıq bezmişəm”.






Fikirlər