30 iyun rəsmi olaraq "Sevgililər günü" kimi qeyd olunsun - TƏKLİF
Bu gün (29 iyun 2017-ci il) İlham və Fərizənin 30 iyun evlilik gününə həsr olunan tədbir keçirilib. AzerTaym.az Metbuat.az-a istinadən xəbər verir ki, Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatında baş tutub. Tədbirin aparıcısı Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı olub.Görüşdə ictimaiyyət nümayəndələri, millət vəkilləri və tanınmış jurnalistlər iştirak edib.Tədbirin iştirakçıları hamılıqla 30 iyun tarixinin ölkəmizdə sevgi günü kimi keçirilməsinin vacib olduğunu qeyd ediblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov, məşhur şair Ramiz Rövşən, xeyriyyəçi jurnalist Hacı Nuran və başqaları öz çıxışları zamanı, belə bir tədbirin təşkilinin vacibliyini vurğulayıblar. Tədbirdə çıxış edən Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abas bildirib ki, bu günü cəmiyyətdə təbliğ etmək lazımdır: “Aşıqlar, bu barədə dastan qoşmalıdır, Bu günə qədər adı dillərə dastan olan sevgi dastanlarını, şairlər, yazıçırlar cəmiyyətə çatdırıblar. Bu gün İlham və Fərizənin də sevgisinin böyüklüyünü təbliğ etmək üçün dastanlar qoşulmalı, ədəbiyyatçılar bu barədə yazılar yazmalıdır... İlhamla Fərizə haqqında tutarlı və maraqlı məqalə, araşdırma, televiziya layihələri çox az hazırlanıb. Bu işdə mətbuatın da rolu böyükdür. " Ən çox səsləndirilən fikirlərdən biri bu oldu ki, "30 iyunu sevgililər günü kimi gənclər arasında təbliğ etməliyik. Çünki əksəriyyət bu gündən xəbərsizdir və onlar sevgililər gününü mahiyyətini tam dərk etmədikləri üçün 14 fevralda qeyd edirlər”.
Tədbirdə bir çox tanınmış jurnalistlər, Rey Kərimoğlu, İlham Tumas, Eldəniz Vəliyev və başqaları da iştirak edərək, İlham və Fərizə sevgisini dərən hörmət və heyranlıqlarını dilə gətiriblər.