"Nəyi xatırlayırsansa, sənindir, unutduqların sənin deyil".
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı adını ilk dəfə atamdan eşitmişəm. 1994-95-ci illər idi, 5-6 yaşım olardı. Torpaqlarımızın itirildiyi, yüz minlərlə soydaşımızın doğma yurd-yuvasından didərgin düşdüyü, siyasi qarmaqarışıqlığın yenicə durulmağa başladığı dönəmlər idi. Atam dəmiryolunda çalışdığından yanımıza gec-gec gələr, hər gələndə Bakıdan - qaynar hadisələr ocağından anama xəbərlər gətirərdi. Gəlişlərinin birində dəmiryolçu formalı çantasından bir kitab çıxarıb anama uzatdı və dedi:
- Bu kitabı elə yerə qoy ki, uşaqlar əl atıb cırmasın. Sabir Rüstəmxanlının kitabıdı, çox qiymətli kitabdı.
Hamımız maraqla kitaba baxırdıq. Anam kitabı götürüb, şkafın ən yuxarı gözünə yerləşdirdi. Atam mənim xüsusi marağımı görüb, gülümsəyərək dedi:
- Böyüyəndə oxuyarsan.
İllər keçdi, mən böyüdüm və o kitabı oxudum. Mən "Ömür kitabı"nı iki dəfə oxumuşam, bir beşinci sinifdə, bir də doqquzuncu sinifdə oxuyanda. İlk dəfə oxuduğumda yaxşı anlamamışdım, biz millət olaraq kimik, haradan gəlmişik, tariximiz, taleyimiz necə olub, başımıza hansı fəlakətlər gətirilib, beşinci sinif uşağının tam mənası ilə qavrayacağı bir şey deyildi. Doqquzuncu sinifdə isə artıq dərrakəli bir gənc idim və "Ömür kitabı"nı oxumağın əsl vaxtıydı.
Yadımdadır ki, əsər məndə çox ciddi emosional ovqat oyatdı, uzun müddət onun təsirindən çıxa bilmədim. Hətta məktəbimizin ümumi "Məktəbli" divar qəzetinə "Ömür kitabı"nın təəssüratı ilə bir məqalə də yazmışdım.
Çəkinmədən deyirəm ki, Sabir Rüstəmxanlı mənim kimi minlərlə gəncin yaddaşını oyadan, bizi tarixə boylandırıb, keçmişimizi, yaşadıqlarımızı göstərən və sabaha yönləndirən adamdır.
Bir millətin dünyadakı yeri, mövqeyi onun Sabir rüstəmxanlılarının sayı ilə ölçülür. Bir zaman Lev Qumilyovun irəli sürdüyü, dünyanın qəbul etdiyi passionarlıq nəzəriyyəsi də bunu təsdiq edir. Kəmiyyət deyil, keyfiyyət önəmlidir və passionar şəxsiyyətlər ümumi kütlə içərisindən ayrılan həmin tək-tük keyfiyyətli şəxslərdir ki, təmsil etdikləri toplumun yaşam və gələcəyini əslində, onlar müəyyənləşdirir. Bu mənada Sabir Rüstəmxanlı millətimizin passionar şəxsiyyətlərindən hesab oluna bilər.
Sabir müəllim həm də Azərbaycanın ilk müstəqil demokratik qəzeti olan "Azərbaycan"ın nəşrində misilsiz rol oynayıb. Yadımdadır, atam həmin qəzetin əlinə keçən nüsxələrini evimizə gətirirdi. Ağ-qara formatda, kiril əlifbası ilə çıxan qəzetin adında "j" (y) hərfinin üzərindəki nöqtənin yerinə alovlanan qırmızı məşəl təsviri o zamankı çap mətbuatında yenilik idi və Odlar Yurdunu simvolizə edirdi.
Sabir müəllim tariximizi canlandırıb bu günə daşıyan yazıçılardandı. Onun Azərbaycanda müasir tarixi roman janrının inkişafına təkan verən "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi" (Cavad xan), "Difai Fədailəri", "Sunami", "Şair və şər" kimi əsərləri tarixi gerçəkliyin bədii ifadəsi olaraq, bu gün üçün də dərs alacağımız ibrətlik yaşantıların təsviri baxımından çox qiymətlidir.
Müraciət etdiyi mövzulardan da göründüyü kimi, Sabir bəy tariximizə baş vuraraq, yaşadığımız şərəfli, ağrılı, keşməkeşli keçmişimizdən nəticələr çıxarmağa, dünənin gerçəkliyi ilə bu günümüzə və sabahımıza işıq salmağa çalışır.
Bu yaxında onun "Difai fədailəri" romanını oxudum. Əsər Azərbaycan tarixinin olduqca mürəkkəb, qalmaqallı bir dövrünü - 1904-07-ci illəri əhatə edir. Romanın baş qəhrəmanı xalqımızın böyük ziyalısı Əhməd bəy Ağaoğludur. Əsər Əhməd bəyin Parisdə ali hüquqşünaslıq təhsili aldıqdan sonra, vətənə - Şuşaya geri dönüşünün təsviri ilə başlayır. Şuşaya gedən dilicanda (furqon) əyləşən Əhməd bəy yol boyu məntiqli cavabları ilə ona atmacalı sözlər ünvanlayan Şuşadakı qonşusu erməni keşişi Nikolu susdurur. Gənc ziyalı doğma yurddan kənarda elm dalınca qoşarkən, onun atası, ardınca isə anası haqq dərgahına qovuşmuşdu. Əhməd bəy xaraba qalmış ata yurdunu qəlbindəki ağır hüznlə gəzib-dolaşır. Bütün yaşadıqları, uşaqlığı, anasının onu müctəhid deyil, Avropa təhsilli biri kimi görmək istəməsini, bu məqsədlə gizlicə pul toplamasını, atasının narazılığını, Şuşa Realnı Gimnaziyasında təhsil alarkən erməni müəllimlərin onun kimi azsaylı müsəlman uşaqları gözüm çıxdıya salmasını, yüzlərlə bu kimi xatirəni yaddaşında canlandırır.
Parisdə Ernest Renan, Ceyms Darmstater, Ten İppolit, Qaston Paris Delekrua kimi mütəfəkkirlərlə dostluq edən, altı dildə sərbəst danışmağı bacaran, Avropa elmi və təhsilinə mükəmməl yiyələnmiş Əhməd bəy Bakıya qayıdıb maarifçiliklə məşğul olmaq, öz silahdaşları Əlimərdan bəy Topçubaşı, Əli bəy Hüsyenzadə, Həsən bəy Zərdabi və bu kimi başqa ziyalılarla birləşib, milləti düşdüyü cəhalət girdabından xilas etmək, dünyəvi məktəblər açaraq, geridəqalmış avam xalqın balalarını oxutmaq istəyirdi. Kitabda Əhməd bəyin gerçəkdən bu kutsal işlərə başlaması, milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yardımı ilə "İrşad"qəzetini təsis etməsi və bu qəzetdə həmyerlilərini maarifləndirməyə xidmət edən məqalələr yazması təsvir edilir. Əhməd bəy Azərbaycan tarixinin nadir insanlarındandır ki, rus qəzetlərinə rusca, fransız qəzetlərinə fransızca, türk qəzetlərinə türkcə yazılar yazırdı. Məqalələrinin demək olar ki, hamısı Azərbaycan xalqının oyanışına, cəhalətdən xilasına, elm, maarifin vacibliyinə, Qafqazda etnik çoxluq olaraq, haqq və hüquqlarımızın tələbinə və digər milli problemlərə həsr edilirdi. Avropaya İslamı tanıtmağa getmiş Əhməd bəy, orada oxuduqları və gördüklərini beynində sistemləşdirərək, müsəlman ölkələri ilə müqayisə edir və haqlı olaraq, şərqin bütün bəlalarını modern dünyadan, elm və texnologiyadan uzaq düşməklə əlaqələndirir. Öncələr başlıca məqsədi islamda islahat aparmaq, müsəlmanlığı dünyaya yaxşı yöndən tanıtmaq fikri ilə yaşayan Ağaoğlu, Parisdən Azərbaycana qayıdanda ölkədə tüğyan edən hərc-mərcliyi, rus kazakları ilə birləşən ermənilərin qudurğan hərəkətlərini, xalqının elm, təhsil baxımından çox geridə qaldığını, həmvətənlərinin adicə rus dəftərxanasında problemini danışa, yaza bilməməsini görüb məqsədlərini və fəaliyyət planını dəyişməli olur. Qolunu çirməyib ölkənin azsaylı avropa təhsilli ziyalıları ilə maarifləndirmə işinə başlayır. "Kaspi", "Həyat", "İrşad" qəzetlərinə milli məsələləri işıqlandıran məqalələr yazır.
Lakin zaman təkcə yazı-pozu zamanı deyildi, rus ordusunun sursatı ilə silahlanmış ermənilər İrəvan, Şuşa, Tərtər, Gəncə, Bakı boyunca hücuma keçir, onlara daim mehriban münasibət göstərmiş yerli türk əhalisinə qan uddururdular. 1904-07-ci illərin qırğınları barədə bütün sənəd və faktları tam olaraq cəmləşdirmək bir roman üçün çətin olsa da, əsərdə həmin dövrün, ictimai-siyasi mühitin siması bütün gərginliyi ilə təsvir edilmişdir.
Azərbaycanı cənginə almış erməni hücumlarına qarşı ciddi bir sipər, könüllülərdən ibarət müdafiə təşkilatı yaratmaq lazım idi və bu ideyanı ilk dəfə Əhməd bəy Ağaoğlu irəli sürür. Qafqaz müsəlmanlarının ilk müdafiə təşkilatı "Fədai" 1905-ci ildə Bakıda yaradılır.
İlk öncələr dinc mübarizə yolu seçmiş "Fədai", rus və erməni birliyinin Azərbaycandakı müsəlman əhaliyə tutduğu divanları gördükdən sonra, fəaliyyət istiqamətini dəyişərək, silahlı müdafiə birliyinə çevrilir. Gəncədə yeni proqramla fəaliyyətə başlayan partiyanın adı "Difai", fəal üzvləri isə rus-erməni zülmündən cana doymuş, bu qanlı münaqişələrdə əzizlərini itirmiş adamlar idi. "Difai"nin fəaliyyəti nəticəsində yerli əhaliyə zülm edən, onları insan yerinə saymayan bir neçə çar məmuru da öldürülür, kəndlər, məhəllələr erməni silahlılarından təmizlənir.
Ermənilərin terror təşkilatı olan "Daşnaksütyun"un zülmünə qarşı yönəlmiş müdafiə hərəkatı, antiterror partiyası olaraq, "Difai"nin bəyannaməsində deyilirdi:
"Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda, yəni silahlarla, hətta toplarla təchiz edilmiş Daşnak partiyası, bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökümətini özünə tabe ədib ən ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra onların torpaqlarını işğal etməkdir. Ermənilər məqsədlərinə nail olduqdan sonra fikirləri Qafqazda erməni xalqı üçün milli, müstəqil bir dövlət yaratmaqdır. Bizim Partiyamızın əsas məqsədi Qafqazda yaşayan bütün xalqlar arasında səmimi qardaşlıq və birlik yaratmaqdır. Hərgah Daşnak Partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətlərinin həqiqi proqramını aşkar söylərsə, əgər bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlıq və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz öz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".
"Difai"nin ideya generatoru Əhməd bəy olsa da, onun ciddi siyasi quruma çevrilməsində Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, Mirzə Cavad kimi şəxsiyyətlərin rolu böyük olmuşdur.
Kitabda obrazları canlandırılan "Difani"nin sadə, amma cəsur üzvlərindən olan Dəli Aslanın, Heydərin, Bilalın, Cəmilin, Mirəlinin faciəli taleləri həm də ibrətamiz həyat hekayətləridir.
Sabir Rüstəmxanlının "Difai fədailəri"ni oxuduqca "Ermənilərlə necə rəftar etməli?", "nə vaxtsa barışıq mümkündürmü?", "erməni-türk konflikti - iki xalqın biri-birinə etnik, milli və dini ayrılıqdan qaynaqlanan nifrətinin, yoxsa imperialist rus siyasətinin nəticəsidir?", "ermənilərin türk soyuna qarşı tarixi düşmənçiliyinin səbəbləri nədir?" kimi suallara obyektiv cavab tapacaqsınız. Tarixi sənədlər əsasında yazılmış romanı, bu mənada, hər kəs oxumalıdır.
Əminəm ki, erməniyə rəğbət bəsləyən və millətinin taleyinə etinasız yanaşan hər kəs tarixin qaranlıq səhifələrini işıqlandıran bu kitabı oxuduqdan sonra indiyədək bilmədiyi gerçəkləri öyrənəcək, gizlədilmiş, ört-basdır edilmiş tarixindən agah olacaq, yanlış düşüncələrinə doğru düzən verəcək.
Fikirlər