“Nə gizlədim, görən kimi Bəxtiyara vuruldum...” – BDU-nun PROFESSORU

“Nə gizlədim, görən kimi Bəxtiyara vuruldum...” – BDU-nun professoru

Teleqraf.com-un suallarını filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru İfrat Əliyeva cavablandırıb.

Publika.az müsahibəni təqdim edir:

- İfrat xanım, 100 illik tarixi olan Bakı Dövlət Universitetinin qocaman müəllimlərindənsiniz, bir az keçmişə ekskursiya edək, universitetdə nə zaman çalışmağa başladınız?

- Bakı şəhərində dünyaya gəlmişəm, 132 saylı orta məktəbi bitirmişəm. Əslində həkim olmaq istəyirdim. Həyatda çox şeylər olur, yaxşısı da, pisi də...Ancaq hər zaman yaxşının tərəfində olmağa çalışmışam. Mən 8-ci sinifdə oxuyanda birdən qapı açıldı, sinfə hündür boylu, yaraşıqlı, səliqəli geyinmiş bir xanım daxil oldu. Salamlaşandan sonra dedi ki, sizə Azərbaycan ədəbiyyatı fənnini tədris edəcəyəm.

İlk kəlməsindən elə bildim ki, böyük bir aləmə düşmüşəm. Bu xanım rəvan dillə, sakit, aramla şifahi xalq ədəbiyyatı haqda danışmağa başladı. Bayatılar, laylalar, qoşmalar, dastanlar, sayaçı sözlər barədə tezis irəli sürüb fikrini izah edirdi. O xanımı görən gündən həkimlik fikrindən uzaqlaşdım, özümü ədəbiyyata bağladım.

- Həmin müəllim kim idi?

- Filologiya elmləri doktoru, ilk folklorşünas alimlərdən biri olan Məmmədhüseyn Təhmasibin həyat yoldaşı Bilqeyis xanım Məmmədova... Tale elə gətirdi ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum, Bilqeyis müəllimin şagirdi birinci kursda Məmmədhüseyn Təhmasibin tələbəsi oldu. O, bizə şifahi xalq ədəbiyyatından dərs deməyə başladı. Həyatdır, dönüb dolaşır. Təvazökarlıqdan kənar da olsa deyəcəyəm, universiteti əla qiymətlərlə bitirdiyimə görə məni Bakı Dövlət Universitetində işə götürdülər.

- Neçənci illər idi?

- 1960-cı illər idi. Filologiya fakültəsinə adicə laborant kimi işə başladım, ancaq nəinki respublikamızda, kənarda imzası, dəsti-xətti ilə tanınan elə şəxsiyyətlərlə tərəf-müqbili oldum ki... Mir Cəlal Paşayev, Cəfər Xəndan Hacıyev, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Hadı Mirzəzadə, Muxtar Seyidzadə kimi alimlər ordusundan dərs aldım, onların bulaqlarından damla-damla ala-ala həyatda formalaşmağa başladım.

Bu böyük şəxsiyyətlərin köməkliyi ilə aspiranturaya daxil oldum, ilk mövzum da “Bəxtiyar Vahabzadənin lirikası” adlanırdı.

Özün bir aləmsən, eşqin bir aləm,

Sən olan könüldə nə kədər, nə qəm!

Sənsiz bu dünyanın ən bədbəxtiyəm,

Səninlə dünyada bəxtiyaram mən

Bu misraları qələmə alan Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiq elədim. 1943-cü ildən müdafiə edənə qədər yazıb-pozdum. Əlbəttə, Bəxtiyar Vahabzadənin yaradıcılığını təhlil etmək o qədər də asan deyildi, orada sətiraltı ifadələr çox idi, onda hələ cavan idim, nə bacardımsa, elədim, filologiya elmləri namizədi alimlik dərəcəsi aldım.

- Niyə Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiq elədiniz? Seçim öz təşəbbüsünüz idi, yoxsa kimdənsə təklif gəlmişdi?

- Uşaqlıqdan poeziyanı çox sevmişəm, nəsri də xoşlayıram, amma poeziyasız dayana bilmirəm. Səmimi etiraf edim, 4-cü kursda oxuyanda Cəfər Xəndan Hacıyev Azərbaycan sovet ədəbiyyatını tədris edirdi. 2-3 dərsdən sonra Bəxtiyar Vahabzadə bizə xüsusi seminar fənnindən dərs deməyə başladı.

Bəxtiyar müəllim dərs demirdi, odsuz-alovsuz alışıb-yanırdı. Ona qulaq asanda adam özü-özünü tanımırdı. Ürəyi azad idi, heç nədən çəkinmədən sərbəst danışırdı.

- Nələr danışırdı?

- Həyatdan, zamandan, gedişatdan, yaşayışdan, insanlara münasibətdən, haqdan, nahaqdan danışırdı. Nahaqdan daha çox söz açırdı, deyirdi hanı bizim dilimiz, anamızın laylası, mən “bayu-bayu” eşitmək istəmirəm, anamın dediyi “balam lay-lay, a laylay, körpəm lay-lay, a laylay” ifadələri üçün dodağım göynəyir, o sözləri eşitmək istəyirəm.

Sözün düzünü deyim, bir anlıq ona - elminə, savadına vuruldum. Şeirindəki kimi özü bir aləm idi, sözü də bir aləm...

Rəhmətlik Mir Cəlal müəllim bir dəfə soruşdu ki, mövzun necə oldu? Dedim, poeziyadan istəyirəm. Elə özü təklif elədi ki, gəl, Bəxtiyar Vahabzadədən mövzu götür. Ürəyimcə oldu, qayıtdım ki, haradan bilirsiniz Bəxtiyardan yazmaq istəyirəm? Onda Bəxtiyar Vahabzadə hələ o qədər də dram əsərləri yazmamışdı, çoxlu poemaları, şeirləri vardı, “İnsan və zaman” kitabı çıxmışdı, ona görə də lirikasına müraciət elədim.

- Mir Cəlal Paşayev kafedra müdiri idi?

- Biz hələ tələbə olanda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri Cəfər Xəndan rəhmətə getdi. 1962-ci ildən Mir Cəlal Paşayev müdir oldu.

- Elmi rəhbəriniz kim idi?

- Elmi rəhbərim filologiya elmləri doktoru, gözəl alim, ədəbiyyatşünas, müəllimlər müəllimi professor Pənah Xəlilov idi. Onun xeyir-duası ilə deyəsən, pis də müdafiə eləmədim, 2 aya qədər Moskvadan təsdiqimi aldım. Onda Ali Attestasiya Komissiyası Moskvada idi.

- Tədqiqat işi ilə bağlı Bəxtiyar Vahabzadə nə dedi?

- Gəldi, təşəkkür elədi, dedi ki, məni indiyə qədər yada salan olmayıb, qəzetlər, jurnallar haqqımda yazıb, amma elm müstəvisində olmayıb. Mən də dedim ki, sizin yaradıcılığınızın qanadından da balacasına toxunmuşam. Müdafiə edəndən sonra xeyli müddət Bəxtiyar müəllimlə işlədik. Mir Cəlal müəllim dünyasını dəyişəndən sonra Bəxtiyar Vahabzadə bizim kafedranın müdiri oldu. Şair adam idi, çoxlu sənədlərə imza atmağı, iclaslarda iştirak etməyi sevmirdi, dedi, kafedra müdirliyi mənim yerim deyil, çantasını götürüb çıxdı.

Sonra Abbas Zamanov müdirimiz oldu. Ay-ayı, il-ili qovdu, kobud səslənsə də, yenə qurdum tərpəndi, dedim, bəlkə nə isə yazım, məndən soruşurdular ki, niyə ardını yazmırsan? Onda biz müəllimlərimizin yanında çox çəkinirdik, Mir Cəlalın yanında necə deyəydim ki, mənə mövzu verin, tərbiyəmiz ayrı cür idi. Allah Mir Cəlal müəllimə rəhmət eləsin, soruşdu ki, indi nədən yazmaq istəyirsən? Yenə də qayıtdım ki, poeziyadan, kimi istəsəniz təklif edin, amma təkrar olmasın.

Səməd Vurğundan, Süleyman Rüstəmdən çox yazmışdılar, Məmməd Rahimin yaradıcılıq yolu ilə bağlı mövzu təklif elədi. Dissertasiyanı müdafiə elədim. Nəhayət, müəllim, dosent, filologiya elmləri doktoru, professor, əməkdar müəllim oldum.

- Sovet vaxtı qəbul imtahanlarında iştirak edirsiniz?

- Sovet vaxtı harada işləməmişəm ki...Cavan vaxtı çox iti idim, camaat bir işi 2 saata görəndə, mən 10 dəqiqəyə həll edirdim. Seçki komissiyalarında çalışmışam, qəbul prosesi başa çatana qədər yazı və şifahi imtahan komissiyasında işləmişəm.

- İmtahanda qiymətini kəsdiyiniz tələbələr olub?

- Düzünü deyim, tələbəni kəsməyə ürəyim gəlmirdi. Baxırdım ki, savadı 2 ilə 3 qiyməti arasındadır, Rəsul Rza demişkən, insaf da yaxşı şeydir, deyirdim, bəlkə kəndli balasıdır, kimsəsizdir, qoy keçirim getsin.

O vaxt qayda beləydi ki, 6 səhv varsa, 3 qiyməti yazmaq olar. Mən 7-8 səhifə olanda “4” yazırdım, deyirdim, soruşsalar deyəcəm gözümdən qaçıb. Humanist adamam, düzdür, savadsızı sevmirəm. Hiss edirəmsə dəryada damladır, onun əlindən buraxmıram, millətdir, xalqdır, el-obadır, vətəndaşdır, bu torpağın övladıdır, qoy onun əlindən tutum. Əl tutmaq Əlidən qalıb, bəlkə də sabah o mənim əlimdən tutacaq, həyatdır da...

- Olubmu təsadüfən haqsızlıq baş versin...

- Haqla haqsızlıq bacı-qardaşdır. Heç kəs deməsin ki, haqlıyam. İşlədiyim müddətdə çalışmışam nahaqqa yol verməyim. 14 il dekan müavini, 2 il dekan əvəzi, 6 il yarım da prorektor olmuşam.

- Hansı rektorun dövründə prorektor işləmisiniz?

- Rəhmətlik Murtuz Ələsgərovun dövründə. İnanın, məni nə qədər vəzifəyə çəkiblər, xəbərim olmayıb. Bir dəfə dedilər ki, Murtuz müəllim sizi yanına çağırır. Məndən filologiya fakültəsindəki vəziyyət barədə xəbər aldı, özlüyümdə də düşünürəm ki, görəsən, nə olub, mən neyləmişəm... Dedi, bu gündən prorektor olacaqsan. Qayıtdım ki, ola bilmərəm, prorektor olmaq çətindir. Dedi, nə danışırsan, 14 il dekan müavini olmusan, 2 il də dekanı əvəz eləmisən, 560 nəfərlə çalışmısan, burada da 700 nəfər var, yola verməyəcəksən?

İşlədiyim müddətdə çalışmışam ki, müəllimləri haqq yola çəkim. Bir misal çəkəcəyəm, hava soyuq idi ki, quş quşluğu ilə başını çölə çıxara bilmirdi. Özü də bir xasiyyətim vardı, heç vaxt qapını bağlı qoymurdum, deyirdim, birdən hörmətli adam gələr, qapı arxasında qalar.

Belə qayda qoymuşdum ki, mənim qəbulumda gün və ya saat yoxdur, kim gəlsə, içəri girsin. Bir də gördüm bir oğlan içəri girdi, əynində bozarmış pencək vardı, qolu da qısaydı, ayaqqabısı köhnə idi, şikayət elədi ki, kəsirə görə imtahana gəlmişəm, müəllim deyir get, 5-ci gün gələrsən, axı mənim cəmi 3 manat pulum var, gecə harada qalım, Dəvəçiyə qayıtmalıyam.

Baxıb özlüyümdə dedim, müəllim nə sözdür deyib, onun əyin-başını, çöldəki qarı-soyuğu görmürmü? Dedim, otaqda əyləş, gözlə. Fakültəyə zəng elədim, dedim, bir qohumum gəlib, demisiniz get, həftənin 5-ci gün gələrsən... Ay qardaş, çöldəki qarı, onun əyin-başını görmədinmi, belə olmaz axı. Dedi, yalan deyir. Dedim, bilmirəm, onu sənin yanına göndərirəm, işini həll elə, 1 saata mənə gəlib cavab verəcək.

Oğlanın işi həll olundu, gəlib təşəkkür elədi. İşçilərimdən birinə tapşırdım ki, onu avtovağzala apar, Dəvəçi avtobusuna mindirib yol pulunun ödənişini elə, yerdə qalan 50 manatı da cibinə qoy, yola sal, pulu mən verdiyimi demə.

Bu hadisənin üstündən 2 ay keçdi, gördüm həmin oğlan gəldi ki, müəllim, sizə nə edə bilərəm, xahiş edirəm, bu konfeti götürün. Mən də dedim nə olar, gətir, bir yerdə çay içək. Uşaqlara dedim paylayın, çayla için.

- 1960-cı ildən üzü bəri müxtəlif rektorların dövründə Bakı Dövlət Universitetində çalışmısınız, hansı yadınızsa daha çox qalıb?

- Hər ulduzun yeri var kəhkəşanlar içində...Hamısının sanbalı, dəyəri, elmi, zəkası, humanistliyi, vətənpərvərliyi var.

- Yəqin səhvləri də var...

- Qabil demişkən, səhv düşəndə yerimiz... Səhvsiz həyat yoxdur, heç vaxt kimdənsə narazı qalmamışam. Bəxtiyar demiş bircə ondan razıyam ki, özümdən narazıyam.

- Hərdən müəllimlər tələbələrdən şikayətlənir ki, fakültəyə, ixtisasa sevgi, mütaliə səviyyəsi əvvəlki kimi qənaətbəxş deyil. Sizin fikriniz necədir?

- Səviyyə özü böyük sözdür, hər adamda səviyyə eyni olmur, müəllimdə də, tələbədə də belədir. İndi deyə bilmərəm ki, tələbələrimiz səviyyəsizdir. Elə bir zamanda yaşayırıq ki, maşallah, Azərbaycan gündən-günə çiçəklənir, elmimiz inkişaf edir, məktəblərimiz, ali məktəblərimizin elmi səviyyəsi yüksəlir, tələbələrimizin dünyagörüşü çox genişdir. Dünyada gedən hadisələrə münasibətlərdindən görürəm ki, zamanla ayaqlaşırlar. Tələbələrimizdən razıyam.

Vaxtilə kitab bolluğu, internet yox idi, ancaq bununla belə ağır yükü çiynimizə götürüb daşıya bilirdik. Kitabxanalarımız genişdir, bir-birindən sanballı müəllimlərimiz var, təfəkkürlü tələbələrimiz də çoxdur.

- Bayaq dediniz ki, orta məktəbdə Bilqeyis xanıma, ali məktəbdə Bəxtiyar Vahabzadəyə heyran olub, impuls almısınız. Bəs sizin elm dalınca gedən tələbələriniz varmı?

- Tələbələrimizin əksəriyyəti doktorantura, dissertanturaya qəbul olurlar, bəziləri artıq müəllim kimi çalışır. Çünki onların intellekti, səviyyəsi var. Düzdür, hamı haqda bunu deyə bilmərəm. Bakı Dövlət Universitetinin gözəl cəhətlərindən biri ondan ibarətdir ki, yaxşı oxuyan tələbələri kənara atmırıq.

Yaxşı xatırlayıram, təzə işləməyə başlamışdım, rəhmətlik Mir Cəlal müəllim işçilərindən birini çağırıb dedi ki, burada yaxşı oğlan oxuyurdu, Firudin Hüseynovu nəzərdə tuturdu. Dedi, ona teleqram vurun gəlsin, burada çalışsın, o, burada müəllim olmalıdır. Mir Cəlal Paşayevin köməkliyi ilə Xalid Əlmirzəyev, Firudin Hüseynov, Abdulla Abbasov kimi məzunları minnətsiz, xahişsiz, zəngsiz işə qəbul elətdirdi. Eləcə də mənim özüm barəmdə də Mir Cəlal müəllim dedi ki, burada işləməlisən. Pisi yaxşıdan seçə bilirdilər. Biz dəryalardan dərs almışdıq. Rəsul Rzanın bir şeiri var, “bir körpənin barmağından qan alsalar, bir qıy vurram, göydə gedən quba qazlar qanad salar...” Cəfər Xəndan ağzını açıb danışanda göydə uçan quşlar da qanad salıb ona qulaq asırdılar. Biz belə alimlərin mətbəxindən çıxmışıq, o mətbəx də təmiz mətbəx olub, şirəsi çox olub, suyu olmayıb.

- Söhbət əsnasında Rəsul Rzadan misal gətirdiniz, ondan nə isə yazmısınız?

- Məqalələrim olub. Rəsul Rzanı çox sevirəm, düşünən və düşündürən şairdir. Necə ki, Bəxtiyar Vahabzadə haqda deyirik ki, düşünür və düşündürür. Bəxtiyar müəllimin şeirinə baxırsan ki, məhəbbət mövzusundadır, amma xırdalayanda deyirsən yox, sevgidən başqa da nə isə deyir...

Nə yaman nə çətin günlərə qaldım

Sevginin düşməni min-min olurmuş.

Gümansız gümanlar qansız şübhələr

Sevənin qəlbində çin-çin olurmuş...

- Bəxtiyar Vahabzadənin neçə şeirini əzbər bilirsiniz?

- Nə bilim, bilirəm də... Beynimə batan, ürəyimə yatanları əzbərləşdim. Cavanlıqda əzbərləmişəm, Allah təala hələ beynimdən silib-süpürməyib.

- “Gülüstan” poemasını nə vaxt oxumuşdunuz?

- Yazığın o poemaya görə başı çox bəlalar çəkdi. Tələbə olanda oxumuşdum. Sovetin boynuna qalstuk taxıb sürümək hər igidin işi deyildi. Amma Bəxtiyar müəllim o qalstuku taxıb silib-süpürmüşdü ha. Bəxtiyar Vahabzadə qeyrətli kişiydi.

- Auditoriyada bu poemadan danışırdı?

- O, özünü nümunə göstərməzdi, onda “mən” kəlməsi yox idi. Tələbə yoldaşlarımızla ehtiyatlı danışırdıq ki, xəbəriniz varmı belə poema yazıb, qurd ürəyi yeyib. Cavan idik, tribunalardan danışa bilməzdik, öz aramızda deyirdik ki, yaman deyib.

- Müasir Azərbaycan ədəbiyyatı sizin sahənizdir, indi kimləri oxuyursunuz?

- Təkcə Azərbaycan ədəbiyyatı ilə kifayətlənmirəm, klassikləri, Balzakı, Mopassanı, Şekspiri oxuyuram, amma Cəlil Məmmədquluzadədən əl çəkə bilmirəm, Mirzə Ələkbər Sabirdən uzaqlaşa, Hadinin, Nəsimini kəlmələrini unuda bilmirəm.

Sonrakı şairləri də oxuyuram. Fikrət Sadıqı çox sevirəm. Mənimlə bir qrupda oxuyurdu, az danışan idi, hay-küyü yox idi. Heç kəsə deməzdi şeir yazıram, oturub yazardı. Çox təvazökar, aqil adamdı, saçı da ağappaq idi, özü də yaraşırdı ona.

- Bəs gənclərdən?

- Jurnalları, “Ədəbiyyat qəzeti”ni müntəzəm izləyirəm. Təkcə ağsaqqalları oxumuram, gənclərin də yazdıqlarını oxuyuram.

- Özünüz şeir yazmamısınız?

- Yox, Allah eləməsin... Şair olmaq çox çətindir. Dilim-dilçəyim olsa da, bacarmıram.

- Hələ də auditoriyaya daxil olursunuz, elə deyilmi?

- Bəli, hələ ki ayağım yer tutur, auditoriyaya girirəm.

Həkimlidən əl çəkməyinizə peşiman olmadınız?

- Yox, əslində tiblə bağlı çoxlu kitablarım vardı, meylimi ədəbiyyata saldım, gördüm ədəbiyyatla tibbin qonşuluğu var. Biri ürəkdən danışır, biri ürəyi müalicə edir. Poeziya yumşaldır, həkim gücləndirir. Həkimliklə müəllimlik tərəzidə yan-yana gedir. Biri müalicə edir, ruh, məhəbbət, yaşayır verir, biri də gələcək haqda səni düşüncələrə salır.

- Test üsulu ilə qəbulla bağlı fikirləriniz necədir?

- Test üsulu ilə qəbulun pis və yaxşı cəhətləri var. Bəzən yüksək bal toplayan tələbəyə baxırsan səviyyəsi o qədər də yüksək deyil. Testin bir yaxşı cəhəti odur ki, şagirdi özünə qarşı tələbkar edir. Düzdür, kənarda repetitorla çalışırlar, amma savadlı tələbələr çoxdur. Demirəm, 50 tələbənin hamısı əladır, onun içərisində 10 nəfər yaxşı varsa, kifayətdir.

İldə hər fakültədən şöbələr üzrə heç olmazsa 3 tələbə yetişdiririksə, 17 kafedrada hər il bir tələbə işçi kimi saxlanılırsa, deməli, oxuyan, düşünən, elmə can atanlar var.

- Elmlər doktoru, professorsunuz, AMEA-da akademikliyə niyə iddialı deyilsiniz?

- Yox, bu haqda heç düşünməmişəm, özümü elə yerlərə hazır bilmirəm. Filologiya elmləri doktoru, professoram, əməkdar müəlliməm, kifayətdir. Allah təala qismət edər, onu deyə bilmərəm.

- Ədəbiyyatşünaslıq elminin səviyyəsindən razısınızmı?

- Əlbəttə, razıyam. Qalaq-qalaq kitablar çıxır, özü də müasir dövrün tələblərinə cavab verən əsərlərdir. Yaxşı romanlar, şeirlər yazılır. Demirəm, hamısı əla səviyyədədir. Elmin də əsas dayağı bədii ədəbiyyatdır. Bədii ədəbiyyat olmasa elm ola bilərmi? Elmi araşdırmalar ədəbiyyatdan, texnikadan, biologiyadan və digər sahələrdən gəlir. Elmlə bədii ədəbiyyat qoşa qanaddır.

- Keçmişdən iş yoldaşlarınızdan, müəllimlərinizdən kimləri xatırlayırsınız?

- İbtidai sinif müəllimim Humay xanımdan tutmuş bütün universitet müəllimlərinədək hamısını xatırlayıram. Bayaq adlarını sadaladım, doğrudan da xoşbəxt adamlar olmuşuq, görün kimlərin nəfəsindən nələr udmuşuq, Əli Sultanlı Mopassandan danışanda elə həvəslə, maraqla dinləyərdik ki. Onun bacısı oğlu Kamal Abdullaya baxın, görün necə savadlı, təfəkkürlüdür, müxtəlif vəzifələrdə çalışıb, böyük universitetə rəhbərlik edir, esselərini izləyirəm, çox gözəl dilçi alimdir.

- Azərbaycan poeziyasında ictimai-siyasi mövzuya da toxunmusunuz. İctimai-siyasi ədəbiyyata sizdə haradan maraq yarandı?

- Zaman elə zaman idi ki, dərs vəsaiti və ya proqram çıxarmaq tələbi qoyulmuşdu. Elə indi də ictimai-siyasi mövzularda yazırıq. Mən də Azərbaycan poeziyasında ictimai-siyasi mövzulara müraciət elədim, Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Rahim, Osman Sarıvəllidən yazdım, düzdür, onların bəzilərində bu mövzular çox olmasa da, çalışdım ki, ictimai-siyasi həyatda baş verənləri poetik cəhətdən işıqlandırım. Elə də böyük kitab deyildi, amma bəyənildi.

- Siyasətlə aranız necədir? Ailə üzvlərinizdən, səhv etmirəmsə, qardaşınızın qızı siyasətçidir...

- Siyasi prosesləri izləyirəm. Bəli, Jalə Əliyeva qardaşım qızıdır, filologiya elmləri doktoru, universitetmizin aparıcı müəllimlərindən biridir, Türk xalqları ədəbiyyatı kafedrasının professorudur. Onunla ədəbiyyatdan, şeirdən, hərdən ictimai-siyasi mövzularda danışırıq. Onun anası Nurəngiz Gün çox gözəl şairə idi. Jalə özü çox çalışqan, əliqələmlidir, xalqına, elinə bağlıdır, seçicilərin arzularını yerinə yetirməyə çalışır.

Millət vəkili xalqın dərdini dinləməlidir, Jalə Əliyeva heç vaxt kabinetə qapanmır, insanları dinləyir, onlara kömək etməyə çalışır.






Fikirlər