"Muğamı başa düşməyən eşşəkdir, uzunqulaqdır..."
Ölkə.Az keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidovla müsahibəni təqdim edir.
– İsgəndər bəy, sizin Bəxtiyar Vahabzadə bir şair kimi münasibətiniz necədir?
– Həmişə demişəm, yenə deyirəm və ömür boyu da deyəcəyəm: Bəxtiyar Vahabzadə məndən ötrü bir zirvədir. Sovet dövründə də, müstəqillik illərində də o, bir örnək olub.
– Hansı xüsusiyyətinə görə Bəxtiyar Vahabzadə sizin üçün zirvədir?
– Bizi 1989-cu ildə Türkiyəyə dəvət elədilər. Orada əsgi "Müsavat”çılar və başqa insanlar da vardı. Sual verdilər ki, siz bizim gizli buraxdığımız kitabları oxuyub inqilabçı olmsunuz. Bizim yoldaşların bir çoxu onlara xoş gəlməkdən ötrü razılaşdılar. Amma mən başqa cavab verdim. Dedim ki, mən Bəxtiyar Vahabzadənin əsərlərini oxuyub inqilabçı olmuşam. Buna görə Bəxtiyar müəllim mənim üçün örnəkdir.
Bəxtiyar Vahabzadə axıra qədər də mövqeyini dəyişmədi. Bəlkə türk dili məsələsində sözünü demədi? Bəlkə kiməsə yaltaqlandı, kiməsə yarındı?
– Heç kəsin qarşısında əyilmədi?
– Düzdür, ola bilər ki, yaşlandı və yaşlandığı üçün də bir qədər yumşaldı. Amma o, həmişə Bəxtiyar Vahabzadə olaraq qaldı. Simasını heç vaxt dəyişmədi. O insan yaranandan yandı, ölənə qədər yandı, öləndən sonra da yandı. Ona görə də Bəxtiyar Vahabzadə haqqında mən heç vaxt fikrimi dəyişməmişəm. Və digər tərəfdən, deməli, o nəhəngdir ki, biz bu gün onu yada saldıq. Adi bir misal çəkim. Bəxtiyar Vahabzadə həyətdə iki otaqlı evdə olurdu. Dörd uşağı, bir də özü. Universitetdə kafedra müdiri idi. Artıq mən orqanda işləyirdim.
– Bəli...
– Bir gün dedilər ki, Bəxtiyar Vahabzadə tələbələri ilə Şıxəli Qurbanovun qəbrinin üstünə gələcək və orda çıxış edəcək. Gecə saat birin yarısında Bəxtiyar Vahabzadənin evinə getdim. Dedim ki, səhər Şıxəli Qurbanovun qəbrinin üstünə gəlmə və tələbələri də gətirmə. Soruşdu ki, niyə? Dedim, tələbələrini döyəcəklər. Ona görə də o, tələbələrini gətirmədi, amma özü gəldi. Şıxəli Qurbanovun qəbrinin üstündə başsağlığı da verdi. Mən onda Bəxtiyar Vahabzadənin cəsarətini və güclü vətəndaşlıq mövqeyi gördüm.
– Yeri gəlmişən, Şıxəli Qurbanov da dəyərli və millətini sevən insan olub.
– Əlbəttə, çox böyük insan olub. O, Mərkəzi Komitədə Mədəniyyət şöbəsinin müdiri olanda Novruz bayramını dövlət səviyyəsinə qardırdı. Buna görə onu öldürdülər. Dişini çəkdirməyə getmişdi. Guya bunun dişinə navakayn vurdular, bu da şoka düşüb öldü.
Çox xatırlamaq istəmirəm. Şıxəli Qurbanovun uşaqları, nəvələri var. Ürəklərini kövrəltmək yaxşı deyil. Amma əfsuslar olsun ki, biz ölülərimizin üzərində özümüzə karyera qururuq. Bu, çox dəhşətdir.
– İsgəndər bəy, heç şeir yazmısınız?
– Yox… Şeiri şair yazar. Siyasətçi də şeir yazar?
– Axı şeir yazan siyasətçilərimiz də var. Məsələn, İsa Qəmbər…
– İsa bəy böyük adamdır, hərtərəfli adamdır. Ola bilər ki, şeir də yazır. Amma mən şeir yazmamışam, heç yazmaq fikrinə də düşməmişəm və hesab edirəm ki, heç vaxt da şeir yazmaq fikrinə düşməyəcəm.
– Şeir yazmağa qarşı bu qədər sərt sərhəd nəyə lazımdır ki? Hər halda şeir yazmaq insanlıq əlamətidir.
– Düzdür, insan həssas məqamlarda şeir yazır, orası elədir. Amma mənə elə gəlir ki, şeiri şair yazmalıldır, döyüşçü döyüşməlidir və siyasətçi də siyasətlə məşğul olmalıdır. Təəssüf ki, bizdə yeni bir elm də icad olunub: hərşeyşünaslıq. Məsələn, bir insan elə bilir ki, hər şeyi bilir. Amma hər şeyi bilmək olmaz ki… Böyük filosof Nitşenin bir sözü var. Deyir, savadlı adam savadsız adamdan ona görə seçilir ki, savadlı adam hansı qaynaqdan nəyi axtarmağı yaxşı bilir. Amma bizdə nədən danışırsan, deyirlər, bilirik. Halbuki heç nə də bilmirlər. Ona görə pis gündəyik.
– Maraqlıdır, bizə nə olub ki, deyirsiniz, pis gündəyik...
– Torpağımız işğal altındadır. Ta bundan böyük nə olacaq ki…
– Bayaqdan bir neçə dəfə Sucaəti xatırlamısınız…
– Sücaətin elə şeirləri var ki, adama ləzzət eləyir. Yaxud, Bəhmənin necə gözəl şeirləri var. Bunların Sovet dövründə yazdığı şeirləri kim yaza bilərdi?
– Bildiyimə görə Musa Yaqubdan da çoxlu şeirlər bilirsiniz.
– Musa Yaqubu mən çox istəyirəm. Musa Yaqub yaxşı insandır, yaxşı şairdir. Heyif, deyirlər, bir az xəstədir. Əgər Bakıdadırsa məmnuniyyətlə yanına gedəcəm.
– Bakıda deyil, İsmayıllıdadır.
– Lap İsmayıllıda olsun. Məmnuniyyətlə gedib görüşəcəm. Musa Yaqub çox qəribə və sadə insandır, elə bil bizim birimizdir. Yəni xasiyyət cəhətdən, oturub-durmaq cəhətdən deyirəm. Sadəcə, bizdən fərqi odur ki, onun talantı çoxdur. Doğrudan, həmişə Musa Yaqubu çox istəmişəm.
– İsgəndər bəy, Röyanın çox gözəl səsi var, görürəm ki, hamının onun səsindən xoşu gəlir, yəqin sizin də…
– Mən Röyanı çox istəyirəm. Röya yaxşı oxuyur, səsi çox xoşuma gəlir. Qəribədir ki, həm də o qadından bir cəsarət hiss eləyirəm. Bir neçə dəfə həqiqəti dediyini görmüşəm. Yəni necə var, özünü elə də aparır. O qadının maskası yoxdur. Qabağıma çıxsa bilmirəm, Röya məni tanıyar, yoxsa tanımaz. Və yaxud bilmirəm, mən onu tanıyaram, yoxsa yox… Nə olsun ki, mən muğamatı daha çox sevirəm, amma onun səsində qəribə bir məlahət var.
– Yəqin muğamatlara tez-tez qulaq asırsınız.
– Düzdür, klassik muğamata qulaq asmağı daha çox xoşlayıram. Amma sözsüz ki, yaxşı muğam oxuyan gənclərimiz də var.
– Bəzən muğamı tənqid də eləyirlər. Deyirlər, muğam başa düşülmür və yaxud muğam milli Azərbaycan musiqisi deyil.
– Muğamı tənqid eləyənlər əslində, özünün kim olduğunu biruzə verir. Muğamı başa düşməyən eşşəkdir, uzunqulaqdır. Uzunqulaq da belə deməlidir, başqa nə deyəcək ki?
– Vay dədə…
– Muğamı necə başa düşməmək olar ki? "Qarabağ şikəstə”sini, "Cahargahı”, "Rastı” necə başa düşməmək olar? Muğamı kim pisləyirsə, qoy pisləsin. Əksinə, ona bir az da geniş meydan vermək lazımdır ki, öz daxilini açsın. Başa düşmürəm, muğam pisdir, çırtma vurmaq yaxşıdır?
– Meyxana…
– Meyxana farsdan, Hindistandan gələn mirzo musiqisidir. O, necə muğamdan yaxşı ola bilər?
– Ancaq muğam, özü də Alim Qasımovun sehirli səsində?
– Mən Alim Qasımova 10 il bundan qabağa qədər qulaq asmışam.
– İndi xoşunuz gəlmir ki?
– Deyim ki, 10 il bundan qabağa qədər bir muğam ustası, rəhmətlik Xan Əminin davamçısı Alim Qasımov vardı. İndi də çiynin-zadın oynadan Alim Qasımov var. Əfqanlardan oturub-durmaq götürüb.
– Amma səsi səsdir.
– Səsi əlbəttə ki, böyük səsdir. Amma nə olsun ki… Qulaq asmıram. O, öz həyatını yaşayır, biz öz həyatımızı. Məndən ötrü Yaqub Məmmədov var, Xan Əmi var, Cabbar Qaryağdıoğlu var, Arif Babayev var. Bunların hamısı karifeylərdir.
– Heç muğam gecələrinə gedirsiniz?
– Bəli, gedirəm. Düzdür, muğam müsabiqələrinə bizi dəvət eləmirlər. Amma tutalım, Elnur var. Qəşəng muğam oxuyur. Onun konsertlərinə tez-tez gedirəm. Düzdür, mənim muğam gecələrinə getməyim onları şərəfləndirməyə bilər, amma özüm gedib ordan ləzzət alıram. Heç mən də kiməsə xoş gəlmək üçün musiqi gecələrinə getmirəm. Sadəcə, yenə deyirəm, özümün xoşuma gəlir. Qarabağdan bizə bircə "Qarabağ şikəstəsi” qalıb, başqa nə var ki?
– Niyə ki? Axı "Qarabağ” kafesi, "Qarabağ” restoranı da var.
– Yox… Onların heç biri mənim üçün Qarabağı əvəz eləmir. Vətəndaşlarımızın həyatını qurban etdiyi torpağın adını kafeyə qoyub, sonra da orada şəngülüm-məngülüm mahnısı çaldırıb, camaata araq içirdəsən. Belələri o torpaqları sevməyən adamlardır. Onlar torpaqlara həsrəti olmayan oğlanlardır ki, öz şəxsi gəlirlərini torpaqdan üstün tuturlar.
– İsgəndər bəy, Kəlbəcər yadınıza düşəndə ovunmaq üçün nə edirsiniz?
– De ki, Kəlbəcər nə vaxt yadına düşmür ki? Sual belə olsaydı, daha asan cavab verərdim.
– Onda sualı dəyişirəm: Kəlbəcər nə vaxt yadına düşmür?
– Bizim evimiz Tərtərdədir. Amma 1963-cü ildən Bakıdayam. Mən yuxuda birdən Kəlbəcərdə elə yerlər görürəm, orada yaşayan Kəlbəcərlilərə zəng eləyirəm ki, İsti suda belə yerlər var. Deyirlər, var. Əgər mən bir an, bir dəqiqə, bir saat Ağdan, Kəlbəcər, Şuşa alınmayacaq, həmən günü ölərəm, yaşaya bilmərəm.
– Maraqlıdır, axırıncı dəfə nə vaxt kitab oxumusunuz?
– Dünən...
– Hansı kitab idi?
– Mən ən ağır və ən çətin günümdə Aleksandr Dümaya müraciət edirəm.
– Niyə məhz Dümya?
– Çünki o insanda bütün ağır vəziyyətləri bir yumor hissiylə, gülüşə yazmaq qabiliyyəti olub.
– Düma aydındır. Bəs sonra...
– Sonra bədbinliyə qapılanda Volter Skotu, Puşkini, Lermantovu, Bəhməni, Səməd Vurğunu, Sucayəti oxuyuram.
– Kitabxananız var?
– Əlbəttə... Mənim dünyada ən böyük varlığım və qazancım kitabxanamdır.
– Çağdaş ədəbi prosesdən necə, xəbəriniz varmı?
– Hə, izləyirəm.
– Kimlər xoşunuza gəlir?
– Bayaq dedim. Vaqif Bayatlı, Ramiz Rövşən…
– Cavanlardan deyirəm.
– Cavanlardan 4-5 nəfər var. Hansı ki, gəlib otururlar, fikir mübadiləsi yürüdürük. Onlar mənə öz ideyalarını təqdim eləyirlər, mən onlara öz fikirlərimi bildirirəm. İki nəfər gənc Kəlbəcərli şair var, onlarla çox ünsiyyətdə oluram.
– Yəqin biri Kəlbəcərli şair Ələmdar Cabbarlıdır.
– Sonra Ağdamdan bir-iki yaxşı şairimiz vardı.
– Bəs niyə adlarını çəkmirsiniz?
– Onları utandırmamaq istəmirəm.
– Niyə?
– Çünki indi məcbur olub tamadalıq eləyirlər.
– Yəqin aşıqlarla da aranız sazdır.
– Aşıqlarla da tez-tez görüşürəm. Çox qəribədir ki, yaxınlarda təzə bir aşıq kəşf eləmişəm. Özü də gəncəlidir. Görən kimi tutuldum. Azərbaycanda iki nəfər sazı solaxay çalıb. Biri Aşıq Ələsgərdir, bir də bu Gəncəli aşıqdır. Sonra şeirlərini oxudum, gördüm ki, dəryadır. Əfsuslar olsun ki, adamsızdır. Adamın yoxdursa, çətin məsələdir. Əgər bir şairə şərait yaratsaydılar, o gedib tamadalıq eləməzdi ki, özünü bu qədər alçaltmazdı ki…
– Tamadalıq eləmək özünü alçaltmaqdır ki?
– Yəni demək istəyirəm ki, öz işi ilə məşğul olardı. Gedir, içki məclisidir, bir çıxarıb pul verir, deyir, şeir de! Başa düşmürəm, şeir pulnan gəlir? Sücaətlə Bəhmən şeir deyəndə adamın içalatı yanırdı.
– İsgəndər bəy, deyirsiniz ki, bu qədər kitab oxumuşam, amma…
– Mən hər gün iki-üç saat kitab oxumasam, yata bilmərəm.
– Cavan aktyorlarımız var: Elməddin, Fərda, Rafael, Coşqun… Onların tamaşalarından zövq ala bilirsiniz?
– Hərdən baxıram. Xoşuma gələni də var, gəlməyəndi də. Amma ağız, göz, qaş oynatmaqla adam güldürməyi qəbul eləmirəm. Halbuki Yaşar Nuri heç bir artıq hərəkət eləmirdi, amma üzünə baxan kimi adamı gülmək tuturdu. Mən Avropalı deyiləm, Asiyalı da deyiləm.
– Asiyalı da deyilsiniz, bəs nəs nəsiniz?
– Yenə deyirəm, mən türkəm və bir kişinin arvad paltarı geyinib rol aparmağını təsəvvür eləyə bilmirəm və eləmək də istəmirəm.
– Lap güldürsə belə?
– Bəli… Lap güldürsə belə qəbul eləmək istəmirəm.
– Axı ilk dəfə Leyli rolunu da kişi oynayıb: Ağdamski...
– Düzdür. Amma o vaxtı qadınlardan oxuyan olmayıb. Heç kəs qadınını səhnəyə buraxmayıb. O bir Ağdamkiydi, gəldi və getdi.
– Görəsən, İsgəndər Həmidov Murad Köhnəqalanın şeirlərini də oxuyub?
– Hə, oxumuşam.
– Maraqlı gəlib?
– Maraqlısı da var, maraqsızı da var. Mübahisəlisi də var. Amma Murad Köhnəqalanın özünəməxsus yazı üslubu var. Düzdür, özü ilə şəxsi tanışlığım yoxdur, amma deyim ki, onun şeirlərində özünəvurğunluq da hiss edirəm.
– Murad Köhnəqala da bizim dəli-dolu, vurub-tutan, döyən şairlərimizdəndir, yəqin bilirsiniz…
– Bilirəm...
– Düzü, heç bilməzdim ki, ədəbiyyatdan bu qədər məlumatınız var.
– Qəribədir, hamı elə bilir ki, mənim nə incəsəntdən xəbərim var, nə ədəbiyyatdan xəbərim var. Mən də normal insanam. Mənim də ürəyim var, mənim də ürəyim qanla işləyir. Bir dəfə bir şəhid anası yaxamdan tutub üzümə tüpürdü. Dedi ki, niyə sən ölməmisən, mənim oğlum ölüb?
– Həmin məqamda nə hiss keçidiniz?
– Sevindim.
– Niyə?
– Sevindim ki, bu millətin müqaviməti var. Düzdü, sonra o şəhid anası gəlib mənim üzümdən öpdü. Dedi, mən bilmədim sən İsgəndərsən.
– İsgəndər bəy, görəsən, siz Daxili İşlər Naziri olanda da belə sadə və səmimi idiniz?
– Kəramət, mənim həmişə bir sifətim olub. Yəqin o vaxtlar sən balaca uşaq olardın. Amma inan ki, həmişə indi gördüyüm kimi olmuşam.
Qeyd: Gənc yazıçı Kəramət Böyükçölün İsgəndər Həmidovdan aldığı bu müsahibə bir müddət öncə kult.az saytında yayımlanmışdır.