“MƏN HEÇ VAXT TƏK YATMAMIŞAM” - XUMAR

"Yaşlı müəllimimlə sevgiliydik, gözüm gəncləri görmürdü...”
 "AzerTaym.az" tanınmış müğənni Xumar Qədimovanın AzNews.az-a verdiyi müsahibəni oxuculara təqdim edir.  
– Xumar xanım, hər dəfə başqa cür gözəl, başqa cür maraqlı olursunuz...
– Düzü, fərqli üslubda görünməyi xoşlayıram, amma mənim üçün əsas daxilin gözəl və ürəyin rahat olmasıdır.
– Elə bil ötüb keçən bu illər sizə təsir eləmir.
– Bəlkə ildən-ilə ruhum təmizlənir, saflaşır, ona görə illərin necə gəlib, necə getdiyini hiss eləmirəm.
– Bir söz var: gözəllik ondur, doqquzu dondur, razısınız?
– Hə, məşhur məsəldir.
– Görəsən, sizin gözəlliyinizin neçəsi dondur? 
– Desəm, bəlkə bir az özündən razılıq kimi çıxar. Amma fikrimcə, mənim gözəlliyimin donu yoxdur. Məndə onu da özüdür. Heç vaxt özümə don geyindirməmişəm.
– Bəs paltarsız necə gəzirsiniz?
– Belə çox gözəldir. (gülür)
– Maraqlıdır, sizdən yaşınızı soruşan olanda əsəbiləşirsiniz? 
– Yox, niyə əsəbiləşim ki? 
– Axı deyirlər, qadından yaş soruşmazlar.
– Təxminən, 24-25 yaşım olardı. Özümü çox yaşlı hiss eləyirdim. İndi isə elə anım, elə günüm olur ki, özümü çox gənc görürəm. Ona görə ki, məni mənəvi dünyam idarə edir. Əslində, xarici görkəmim də mənəvi dünyamdan asılıdır. Beş dəqiqə sonra tamamilə başqa hala düşə bilərəm. Hər şeyi içim diktə edir. İçim hansı vəziyyətdə olacaqsa, görkəmim də o cür olacaq. Mən bir az göylərdə olan adamam, Kəramət, yerlə o qədər maraqlanmıram...
– Necə yəni?
– Məsələn, başqasının əli çıraqla axtardığı bir şeyi mən ataram, qəbul eləmərəm..
– Hər kəsin fikrində bir yaşam fəlsəfəsi olur. Bu məntiqlə siz neçə yaşınızdan sonra yaşamağa başlamısınız? 
– Mənim üçün yaşamaq an deməkdir. Elə gün olur ki, yaşayıram, elə gün də olur ki, yaşamıram. Hətta elə gün olur, fikirləşirəm ki, daha sondur... 
– Sizi yaşadan, xoşbəxt eləyən nədir?
– Mənim üçün sevmək başlamaq deməkdir, sevməyəndə yaşamıram. 
– Xumar xanım, məncə, siz digər sənətçilərimizlə müqayisədə şou-biznes aləmində daha ciddi görünürsünüz. Bunun xüsusi bir resepti varmı? 
– Vallah, dəqiq bilmirəm. Bəlkə özümü çox sevirəm, özümə hörmət edirəm, ona görədir? Hər halda rola girmirəm. Düzdür, hamının xırda-para nöqsanı ola bilər, amma mənə elə gəlir, insanı qoruyub-saxlayan mükəmməlliyidir. Bircə onu bilirəm ki, ən böyük siyasətim elə mahiyyətimdir, özüməm... Bu cür qalmaq isə çox çətindir. 
– Tez-tez dinlədiyiniz azərbaycanlı müğənnilər varmı? 
– Var - Xumar Qədimova... (gülür) 
– Yəqin zarafat eləyirsiniz...
– Rübabə Muradovanı da sevirəm. Onun yanğısı çox xoşuma gəlir. Özümü bir müğənni kimi kənara qoyuram, mən də insanam, qadınam, hissim, duyğum var, qulağım, zövqüm var... Düzdür?
– Aha...
– Amma bir dinləyici kimi Azərbaycanda mənim arzularıma və tələblərimə cavab verən, məni dəli eləyən müğənni yoxdur. Yəni dinləyəndə məftun olmaq istəyirəm, onu dinləyəndə coşmaq, daşmaq, dəli olmaq istəyirəm... 
– Bəlkə, özünüz "dəli”siniz deyə sizi dəli eləmək olmur... 
– Ola bilər (gülür). O günü bacımla Ququşun bir mahnısını dinlədim, özü də canlı idi. Ay Allah, Ququş səhnədə neyləyir? Onun üçün işıq, dekor lazım deyil... Təkcə özü səhnəni doldururdu. Ququş oxuyanda mən onun tamaşaçısına həsəd aparıram. İstəyirəm ki, bizdə də elə tamaşaçılar olsun. 
– Demis Russonu da çox sevirdiniz. Artıq həyatda yoxdur... 
– Kəramət, inan Allaha ki, Demis öləndə çox pis oldum, ağladım. Hamı məni qınadı ki, niyə bu qədər ağlayırsan? Ona qulaq asmaqdan ötrü ölürəm. Mən sadiq adamam. O, həyatda olmasa da, Demisə sadiq qalacağam. 
– Demis oxuyanda sözlərini başa düşürsünüz ki?
– Yox... Mən onun səsinin heyranıyam.
– Sizcə, tanınmış xanım olmağın problemləri nədir?
– Ən böyük problem odur ki, tam sərbəst ola bilmirsən... 
– Söhbət hansı sərbəstlikdən gedir ki?
– Məsələn, şəhərdə gəzmək necə gözəldir... Çox istəyərdim.
– Adicə şəhər gəzintisinə niyə arzu kimi baxırsınız ki?
– Nə bilim. Çox gəzmirəm ki, hərə bir cür baxar. Amma bütün şəhəri piyada gəzərəm, yorulmaram. Yolu çox sevirəm.
– Piyada hara kimi gedə bilərsiniz?
– Çox, çox, çox...
– Qazaxa kimi? 
– Niyə getmirəm ki? Qazaxa piyada gedərəm. 
– Qazaxlılar ənənəyə sadiq adamlardır. Qohum-əqrəbanız arasında sizin sərbəstliyinizdən narazı olanlar varmı? 
– Mən əslində, özüm istədiyim kimi sərbəst həyat yaşamamışam və yaşamıram da. Ona görə də yaşadığımı çox gec hiss eləmişəm. Çünki həmişə qurban vermişəm. İstər-istəməz ailəmin qanunlarına baş əyməyə məcbur olmuşam.
– Amma baş əyən qadına oxşamırsınız...
– Doğrudan? Ailəmə də baş əyənə oxşamıram? 
– Məncə, heç özünüzə də baş əymirsiniz... 
– Yəqin elə qürurlu göründüyüm üçün daşım ağrıdı (gülür).
– Daş demişkən... Bostanınıza atılan daşlardan necə qorunursunuz?
– Vallah, bilmirəm. Amma həmişə hiss edirəm ki, məni hansısa gözəgörünməz bir qüvvə qoruyur. Məncə, o möcüzə Allahdır.
– Xumar xanım, həyatda üz-üzə dayandığınız, cavab verməyə isə aciz qaldığınız suallar çoxdumu? 
– İnan, mənim bütün həyatım suallarla üz-üzə keçib. Bütün ömrümü suallarla dalaşa-dalaşa yaşamışam. O qədər düşünürəm ki, hərdən ayağımın altını görmürəm, fikir vermirəm... 
– Məsələn, sizi ən çox narahat eləyən sual hansıdır?
– Dünya mənimdir, bəs niyə heç nəyim yoxdur? Ən çox bu sual barədə fikirləşirəm. 
– Gözəl səsiniz, mahnılarınız var... Bu qədər dostlarınız, sizi sevənlər yanınızdadır. Bəs fikirləşəndə ki, dünya fanidir, hansı hissləri keçirirsiniz?
– Onda çox pis oluram... Ən çox da əzizlərimi fikirləşirəm, özümü yox. Dünyadan beş əlli yapışmaq niyyətim yoxdur. Ancaq hərdən fikirləşirəm ki, ölsəm, əzizlərim mənsiz neyləyəcəklər? Məsələn, təyyarədən qorxuram. Hər dəfə təyyarəyə minəndə Allaha yalvarıram ki, balamın, bacımın xətrinə sağ qalım. 
– Ancaq balanız və bacınız? 
– Vallah, tamaşaçılarımı da fikirləşirəm. Elə bilirəm mən ölsəm, pərəstişkarlarım darıxar, məndən ötrü ağlayar, mahnılarıma təkrar-təkrar qulaq asarlar... Mən həssas, duyğusal adamam. Bir az da qorxağam. Ağlımdan o qədər fikirlər keçir ki... Bəlkə də sadəlövh səslənir, amma mənə elə gəlir, etibarlı dinləyicilərim çoxdur. Heç onları tanımıram, amma məncə, dinləyicilərim doğal dinləyicilərdir. Mənim beş dinləyicim başqasının əlli min dinləyicisindən üstündür. Çünki beş nəfər daha savadlıdır, daha kamildir... Ona görə də həmişə özümü qalib və qəhrəman kimi hiss eləmişəm.
– Eşitdiyimə görə çox əsəbisiniz. Düzdür? 
– Əsəbi yox, çılğın adamam. Həddindən artıq emosionalam, mütləq hisslərimi çatdırmalıyam. Söhbət başqalarından yox, mənə yaxın olan adamlara münasibətimdən gedir. Lazım olanda isə əsəbiləşərəm, hətta fırtına da qopararam (gülür).
– Xumar çoxmu nazlıdır? 
– Lap çox! 
– Nazınızı çəkən varmı?
– Mənim nazımı çəkmək üstündə adamlar bir-biri ilə dava eləyir. O deyir Xumarın nazını mən çəkəcəyəm, bu deyir, mən çəkəcəyəm... 
– Bəs siz nə deyirsiniz?
– Deyirəm ki, dayanın, yalnız mən deyə bilərəm ki, nazımı kim çəksin...
– Özünüz kiminsə nazını çəkirsinizmi?
– Mən hamının nazını çəkirəm... Dəhşətli dərəcədə narahat adamam. Sadəcə, mənim enerjim çoxdur deyə bu boyda narahatçılığın qabağında belə rahat görünürəm. Kənarda bir az eqoist, soyuqqanlı görünə bilərəm, amma qarşımdakını bezdirəcək qədər qayğıkeşəm. 
– Axı hamının nazını çəkməyə böyük səbr lazımdır... 
– Mənim səbrim böyük deyil, ürəyim böyükdür... Hamıya görə narahat oluram. Beqavoyda bir saat qaçıram, bacım bir dəfə gəlib baxmır ki, Xumar bəlkə yıxıldı, bəlkə su istəyir... Amma o, qaçır, mən on dəfə gedib-gəlirəm, kalorisinə kimi baxıram... O, hamama girəndə iki dəqiqədən bir gedib yoxlayıram. Düzdür, bacım da məndən ötrü ölür, mənlə nəfəs alır, buna əminəm. Amma mən hamamda olanda özüm qəsdən vaxtı uzadıram, gözləyirəm ki, bacım gəlib yoxlasın. Amma gəlmir. Axırda özüm deyirəm ki, az, nə olar, gəl məni yoxla da, bəlkə yıxılmışam... (gülür) 
– Heç elə olub ki, efirə çıxıb gözəl görkəminizlə keçmiş sevgilinizə acıq vermisiniz?
– Vallah, mən təkcə efirdə yox, harda dayansam, elə bilirlər kiməsə acıq verirəm. Özümdən asılı deyil, heç acıq verib-verməməyimdən xəbərim də olmur. Hər şey Allahdan asılıdır. Kiməsə bilə-bilə acıq verməksə acizlikdir. Sən kiməsə acıq verirsənsə deməli, xoşbəxt deyilsən...
– Xumar xanım, dəli elədiyiniz kişilər çox olub, bu barədə danışmısınız, bəs ağıllandırdığınız kişi də olubmu?
– O qədər... Buna görə mənə təşəkkür ediblər. Deyiblər ki, biz səni tanıyandan sonra başqa adam olduq. Bir nəfər var, mənə deyir ki, ömrümün axırına kimi sənə borcluyam, sən mənə əsl məktəb oldun. Bu barədə çox şanslı qadınam. Görünür, mənə təslim olublar ki, onları ağıllandıra bilmişəm.
– Yəqin sözünüzə qulaq asmayanlar, təslim olmayanlar da olub...
– Təbii... Mənim sözümü eşitməyib səhvlər eləyənlər də var. Amma təsirimə saldığım, nəticədə isə xoşbəxt elədiklərim daha çoxdur. 
– Bəs bədbəxt elədiyiniz necə? 
– Əlbəttə, bədbəxt elədiyim də olub (gülür).
– Yazığı bədbəxt eləyib, sonra da gülürsünüz? 
– Sualın bir az gülməli çıxdı, ona görə güldüm. Ələ salmadım ki... Əksinə, gülüşümün özündə bir kədər vardı. Yazığa ürəyim ağrıyır. Onun halına heç vaxt ciddidən gülmərəm. 
– Hansısa sevgilinizə görə ağlayıb, amma zaman keçəndən sonra göz yaşlarınıza güldüyünüz olubmu?
– Oy-oy-oy... Əlbəttə. Öz halıma, göz yaşlarıma o qədər gülmüşəm. Həmin an ölə bilərdim. Təsəvvür elə, çox yaxın bir rəfiqəm var, götürüb ona zəng eləyib vəziyyətimi demişəm. Rəfiqəm mənə təsəlli verib ki, ay qız, narahat olma, o da səni düşünür, sənin üçün ölür, uzağı on beş dəqiqə gözlə, özü axtaracaq... 
– Axtardı?
– Hə... Rəfiqəm falçı kimi bir şeydir (gülür). Onunla danışandan cəmi on beş dəqiqə sonra həmin adam özü mənə zəng elədi. İnan Allaha ki, ölürdüm. Allahdan kömək istəyirdim. O halımı ifadə eləmək çox çətindir. 
– Maraqlıdır, sevgi qarşısında niyə bu qədər acizsiniz? 
– Bu mənim yaşamımdır. Sevgisiz mümkün deyil. Sevgi məni müşayiət eləyir. Sevgi hissi adamı heç vaxt terrorçu eləməz, sevən adam heç kimi incitməz... Sevmək gözəl şeydir. Sevməkdən ötrü ölürəm. Bunun nəyi pisdir ki... Təki hamımızın içində sevgi olsun. 
– Uzaq, yaşıl bir adada sevgilinizlə ömrün axırına kimi yaşamaq istərdinizmi? 
– Yarla yaşamaq gözəldir, amma adada darıxaram...
– Yanında darıxmayacağınız elə bir adam yoxdumu?
– Axı mən təkcə özümü düşünən adam deyiləm. Əzizlərim var... Onlardan ötrü darıxmağın qarşısında çox acizəm. 
– Xumar xanım, tək yatıb tək durmaq sizi yormur? Hiss eləmirsiniz ki, artıq çarpayınız da bezib.
– Vallah, mən heç vaxt yataqda tək yatmamışam. Bir də görürsən ki, bacımı çağırıb onunla bir yerdə yuxuya gedirəm. (gülür) 
– Sizcə, bir ömrü yalnız bir kişiylə yaşamaq qadını yormur ki? 
– Yorulmaq deməzdim, bəlkə adiləşir deyərdim... 
– İstərdinizmi əbədi bir ailə həyatınız olsun?
– Yox... 
– Bəs niyə ərə getmisiniz? Bir oğlunuz da var.
– Təbii ki, qanunlara boyun əyməyə məcbur olmuşam. 
– Toyunuz yadınıza gəlir?
– Hə... Amma toy günümü heç vaxt xoş xatırlamamışam.
– Gəlinlik geyinmişdiniz?
– Bəli...
– Onda hələ Xumar Qədimova deyildiniz, eləmi? 
– Hər halda adi bir qız da deyildim... Həmişə seçilirdim. 
– Tələbəlik illərinizi necə xatırlayırsınız? 
– Tələbəliyim çox gözəl olub. Universitetdə də həmişə fərqlənmişəm. 
– Tələbəlik sevginiz də olubmu? 
– Olub. Yadıma gəlir, universitetdə müəllimimə vurulmuşdum. 
– Tanınmış adamdır? 
– Tanınmışdır, amma adını deməyəcəyəm. (gülür) 
– O da sevirdimi? 
– Hə, o da mənə vurulmuşdu. Amma təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi. 
– Sevgili müəlliminizin dərslərini yaxşı oxuyurdunuz?
– Əlbəttə... Hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. (gülür) 
– Yaşca böyük idi?
– Çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım...
– Maraqlıdır, hamının rayona getdiyi bir vaxtda sizin müəlliminizlə bir şəhərdə qalmaqda planınız, məqsədiniz nə idi ki?
– Vallah, bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim.
– Xumar xanım, cənnətə, cəhənnəmə inanırsınız?
– Bu barədə heç düşünməmişəm...
– Cənnəti bu dünyada axtardığınız olubmu? 
– Mən xoşbəxt olanda özümü cənnətdə hiss edirəm...
– Oğlunuzun neçə yaşı var?
– İyirmi yaşındadır. Hələ uşaqdır. 
– Özünüzü qaynana kimi təsəvvür eləmisiniz?
– Yox... Ana kimi təsəvvür eləmişəm. Yəni gəlinimin də anası olacağam. 
– Bəs nənə kimi necə? Ay Xumar nənə! 
– Qətiyyən! Mən nəvəmin də anası olacağam. 
– Oğlunuzla necə yola gedirsiniz?
– Bir-birimizi anlayırıq. Oğlum deyir, elə qadınla evlənəcəyəm ki, sənə oxşasın. Oxşamasa almayacağam. (gülür) 
– Sizi qısqanır? 
– Əlbəttə! 
– Bəs onun qısqanclığına necə cavab verirsiniz?
– Oğlum məni qadın kimi qısqanmır ki... Çünki inanır. Sadəcə, sənət camiəsinə qısqanır. Mənə yaraşdırmadığı şeylər var. Məsələn, bir verilişə gedirəm, qoymur, deyir, ayıbdır...
– Onun fikirləri ilə hesablaşırsınız?
– Hesablaşıram, çünki balam çox ağıllıdır.
– Xumar xanım, Mikayıl Mirzə yadınıza düşür? 
– Ay can, ay can! 
– Onu çox istəyirdiniz? 
– Mikayıl Mirzə çox böyük insan idi. Həyatda insanı yandıran ayrılıqlar var. Məsələn, mən atamı itirmişəm, qardaşımı itirmişəm. Bu ayrılıqlardan biri də mənim üçün Mikayıl Mirzədir. Onda ürək vardı, iç vardı... Mənim ruhuma çox yaxın adam idi. Onun bir şeirini çox sevirəm. Bu şeirə mahnı da bəstələmişəm.
Dərd var, onu bölmək olmur, 
Ölüm var ki, ölmək olmur, 
Yerdən yeri görmək olmur,
Göylərdən seyr edək, göylərdən! 
– Nə gözəl zümzümə elədiniz...
– Mən Mikayıl Mirzəyə bir sual vermək istəyirəm. O, göylərdədir. Görəsən, yer ona necə görünür? 
– Son sualım...
– Buyur...
– Allah eləməsin, səsiniz batsa nə edərsiniz?
– Ürəyimlə oxuyaram... Ürəyi olanlar da məni dinləyər






Fikirlər