XALQ artistindən Nəsimi ilə bağlı SƏRT SÖZLƏR: "Ağlınızı başınıza yığın…"

Xalq artistindən Nəsimi ilə bağlı SƏRT SÖZLƏR: "Ağlınızı başınıza yığın…"

"Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın".

Bu sözləri Xalq artisti Flora Kərimova instaqram səhifəsində dahi şair İmadəddin Nəsiminin qəzəlini hind mahnıları tərzində ifa edən Afət Fərmanqızı haqqında yazıb. O, A.Fərmanqızının videosunu instaqramda paylaşaraq onun ünvanına kəskin ittihamlar səsləndirib:

"Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyəm var: Övladlarım, pis mahnıya ikinci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız".

Xatırladaq ki, adıçəkilən ifaçının Nəsiminin qəzəlini hindsayağı oxuması Xalq artisti Rasim Balayevi də özündən çıxartmışdı.

"Sənətdə başsızlıq tüğyan edir. Yaxşı ki çırtmayla Nəsimini oxumurlar, meyxanaya döndərmirlər. Hər kəs hər şey eləyə bilər artıq. Qoruq yox, qaytaq yox. Kim nə bilir, onu eləyir. Ağlına və ağzına gələni ortaya qoyur. Səviyyəsiz adamlar nə istəyirlər eləyirlər. Gərək bir qayda-qanun ola. Çox adamın ağlından çox fikir keçir. Amma bunu efirə buraxmamaq lazımdır. Hər şey efirə çıxmamalıdır. Bunlar isə ucuz, reytinqə işləyən nə olursa, buraxırlar efirə, milləti də bədbəxt edirlər. Belə şeyləri efirə buraxmaq olmaz axı. İndi deyirsiniz ki, hind mahnısı üzərində Nəsiminin qəzəlini oxuyublar. Vaxt gələcək çırtmayla da oxuyacaqlar, meyxanayla da. Açıq qapıdır, hərə bildiyini eləyir" , - deyə R.Balayev bu barədə bildirmişdi. /publika






Fikirlər