“NƏSİMİ”də çəkilən Əməkdar artist: “Mənə istədiyim rolu seçməyi TƏKLİFF ETDİLƏR” -MÜSAHİBƏ

"AzerTaym.az" bildirir ki,Modern.az saytında mədəniyyət və incəsənət sahəsini əhatə ed “Art Time” rubrikasının bu dəfəki qonağı Azərbaycanın kino aktrisası,“Nəsimi” filmində Fəzlullah Nəiminin qızı Fatma obrazının ifaçısı, Əməkdar artist Xalidə Quliyevadır. 

Olduqca maraqlı və ilginc məqamlarla keçən müsahibənin aktuallığını nəzərə alıb biz də onu oxucularımıza TƏQDİM edirik ...      

– Xalidə xanım, gəncliyinizdə bir sıra məhşur Azərbaycan filmlərində çəkilmisiniz və çoxunda da baş rolları oynamısınız. Necə oldu ki, gənc yaşlarınızda uğur qazandınız?

 

– Gəncliyimdə çəkildiyim hər bir filmlə fərəh duyuram. O filmlərdəki aktyor işlərim, bu gün də mənim üçün mənəvi qidadır. Gəncliyimdə çəkildiyim filmlərdəki rollarım bu gün yeni filmlərdə çəkilməyimə və yeni obrazlar yaratmağıma stimuldur. Uğur mənə görə nisbi anlayışdır. O zaman mən sənətə gələndə uğur fikirləşmirdim. Bu sənətə gəlməyimin kökündə sevgi-məhəbbət və fədakarlıq var idi.

– 1974-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmisiniz. O zamanlar bir çox atalar qızlarını aktrisa olmağa qoymurdular. Bəs sizin ailəniz bu qərarınızı necə qarşıladı?

 

– 8, 9, 10-cu siniflərdə oxuyanda məktəbimizdə dram dərnəyi açıldı. Ədəbiyyat müəllimimiz bu dərnəyin rəhbəri idi. Hazırlanan “Qorxulu yol” adlı tamaşada mən həkim rolunu oynadım. Bundan sonra müəllimim mənə bildirdi ki, sən mütləq aktrisa olmalısan. Məktəbi bitirəndə anladım ki, bu mənim alın yazımdır və valideyinlərim də bu seçimimi təbii qəbul etdilər.

– İlk çəkildiyiniz film hansı olub? Rejissor Tofiq Tağızadənin “Qızıl Qaz” filminə necə oldu ki, dəvət aldınız?

– İlk işim Fərəməz Məmmədovun diplom işi idi. Film “Qaralmayan Günəş” adlanırdı. Bu filmə mənim o zamankı kurs rəhbərim Xalq artisti Adil İskəndərov baxandan sonra dedi: “Xalidə sən əsl aktrisa imişsən ki”.

Tofiq Tağızadə “Qızıl qaz” filminin çəklişləri üçün kastinq elan edəndə, mən o kastinqə yollandım və mənzum bir hekayə oxudum. Tofiq bəy məndən o hekayənin müəllifini soruşanda söylədim ki,  müəllif Anardır. Əslində isə müəllif Anar deyildi. Anar o zaman məhşur olduğu üçün istədim ki, onun imicindən istifadə edim. Tofiq Tağızadə məni bəyəndi və “Qızıl qaz” filmində rol aldım.

“Nəsimi”də çəkilən Əməkdar artist: “Mənə istədiyim rolu seçməyi təklif etdilər” -MÜSAHİBƏ

– Bəs Həsən Seyidbəyli yaradıcılığı ilə yollarınız necə kəsişdi?

– “Qızıl Qaz” filminin təqdimatında Həsən bəy məni görüb aktrisalığımı bəyənmişdi. Bir gün ikinci rejissor Əşrəf Amayev auditoriyaya daxil olub dedi ki, “Həsən müəllim Xalidə xanımı görmək istəyir”. Kino İttifaqına yollandım, o zaman qurumun  sədri Həsən müəllim özü idi. Qiyabi olaraq Həsən Seyidbəylinin adını eşitsəm də, üzünü görməmişdim. Kabinetinə utana-utana daxil oldum, Həsən müəllim məni xoş bir aurayla qarşıladı. Ortaboylu, səmimi bir insan idi. “Qızıl qaz” filmindəki aktyor işimi bəyəndiyini və özünün “Nəsimi” filmində məni görmək istədiyini söylədi. Mənə filmin ssenarisini təqdim edərək söylədi ki, “bu ssenarini İsa Hüseynov yazıb. Oxu və hansı rolu bəyəndiyini söylə”.

“Nəsimi” filminin ssenarisini oxuduqca, çox pis oldum. Nəsiminin soyulmağı mənə çox pis təsir etdi. Səhərə kimi ağladım və səhər tezdən durub Kino İttifaqına yollandım. Həsən müəllim hansı rola çəkilmək istədiyimi soruşanda, ona bildirdim ki Fatma rolunu istəyirəm. O da gülərək söylədi ki, “səni elə bu rol üçün nəzərdə tutmuşdum və ona da çəkiləcəksən”. Fatma rolu üçün kastinq keçirilmədi. Birbaşa olaraq mən bu filmə çəkildim.

– Sizi bir çox insan məhz “Nəsimi” filminin Fatması  kimi xatırlayır. Fatmanın bu qədər sevilməsinin səbəbi nə idi? Ssenari, yoxsa özünüzü bu obrazda tapmağınız sizə onu sevdirdi?

– Bu filmdə təkcə Fatma sevilmədi. “Nəsimi” filmi mənim, Rasim Balayevin və bir çox aktyorların xalq tərəfindən sevilməsinə səbəb oldu. Adətən filmlər ənənəvi sonluqla bitir, yəni baş qəhrəman qalib gəlib öz amalına çatır. Lakin “Nəsimi” filmi onunla fərqlənirdi ki, baş qəhrəman öz ideyası uğrunda şəhid olurdu. Təbii ki, “Nəsimi” fiziki olaraq şəhid olsa da, ruhən qalib gəlirdi. Nəsiminin şəhid olması bu filmin sevilməsinin əsas səbəblərindən biridir. Xalq ona görə qəhrəmanını sevir ki, qəhrəmanın nə edə biləcəyini və nəyə qadir olduğunu duyur və görür. Nəsimi də məhz doğru bildiyi ideyası, amalı uğrunda canından keçdi. Fatmanın da sevilməyinin əsas səbəblərindən biri, mənim oynadığım Fatma obrazını sevməyim olmuşdu.

 – Xalq artisti, kinorejissor Həsən Seyidbəylinin aktyorla olan işi barəsində nə deyə bilərsiniz?

– Həsən müəllimin yaradıcılığı haqqında danışmaq üçün bizə əlavə bir zaman lazımdır. Onun yaradıcılığının Azərbaycan kino sənətinə nələr gətirdiyi özü böyük bir mövzudur. Qısa olaraq cavab verəcəyəm: Həsən Seyidbəyli Azərbaycan kinosuna ən böyük dəyər olan həyat gətirdi. Həmçinin, həyat həqiqətini gətirdi. “Nəsimi” filminin çəklişlərindən öncə biz 2-3 ay Kino İttifaqında bu filmi məşq etdik. Xırdalıqlarına qədər hər şey ölçülüb-biçilirdi. Həsən müəllimin aktyorlardan əsas tələbi sadəlik, səmimiyyət və təbii ifa tərzi idi. Bizdən həyata çox yaxın ifa tərzi tələb edirdi. Məhz biz də bunun şahidi olurduq ki, bütün tarixi filmlərdə aktyorlar təbii ifa tərzi oynayırlarsa, yəni pafosla oynamırlarsa, o film həmişə inandırıcı olur və uğur qazanır. Tamaşaçı da, o filmi hər zaman sevərək izləyir. Həsən Seyidbəyli rejissor işinə həmişə çox ciddi yanaşırdı. “Nəsimi” filminin çəklişinə çox böyük büdcə ayrıldığı üçün həm dövlət, həm də sifarişçilər tərəfindən nəzarət ciddi idi. Çəklişlər zamanı filmə aidiyyatı olmayan heç bir hal olmadı. Filmin çəklişi necə düşünülmüşdüsə, elə də oldu. Məşq əsnasında artıq filmi çəkmiş kimi idik, sadəcə onu lentə köçürmək qalmışdı. Ona görə də işimiz çox asan oldu.

“Nəsimi”də çəkilən Əməkdar artist: “Mənə istədiyim rolu seçməyi təklif etdilər” -MÜSAHİBƏ

– “Nəsimi” filminin nümayişindən sonra izləyicilərdə sizə qarşı hansı münasibəti hiss etdiniz? Yaxınlaşıb sizə fikir bildirənlər çox olurdu?

– Həmin dövrdə Azərbaycanda çəkilən digər filmlərdən fərqli olaraq, “Nəsimi”nin nümayişi çox genişmiqyaslı oldu. Yəni Azərbaycanın sərhədlərindən uzaqda – Orta Asiyada, Suriyada, İraqda, Hindistanda, həmçinin bütün SSRİ məkanında, İranda filmin nümayişləri keçirildi. “Nəsimi” filmi o zaman Moskvada keçirilən Beynəlxalq Film Festivalında nümayiş olundu və beləliklə biz də məhşurlaşmağa başladıq. Rasim Balayevi, Xalidə Quliyevanı tanımayan hər kəs filmin nümayişlərindən sonra bizi tanımağa başladı. Hətta yaxınlaşıb bizdən avtoqraf alan, şəkil çəkdirən və fikir bildirənlər də olurdu. Sevindirici hal burasındadır ki, “Nəsimi” filminə qarşı olan həmən münasibət və məhəbbət bu gün də yaşamaqdadır. Hər filmin qismətində olmur ki, bu qədər sevilsin. “Nəsimi” filmi bu sırada birinci yerdədir.

– Bu il Azərbaycan prezidentin sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan olundu. Nəsimi dedikdə ilk ağıla Nəsimi poeziyası gəlsə də, daha sonra “Nəsimi” filmi yada düşür. Filmin çəkimləri haqqında nə deyə bilərsiniz? Çəkilişdən ən yadda qalan məqamlar hansılar oldu?

– Bu ilin “Nəsimi ili” elan olunmasından çox şadam. Nəsimi dedikdə böyük şair, Azərbaycan poeziyasının ruhu və cəsarət simvolu yada düşür. Əlbəttə ki, “Nəsimi” filmi Nəsiminin keşməkeşli həyatını əyani və praktiki surətdə xalqımıza çatdırdı. Həmçinin,  xalqımıza Nəsimini bu filmin fonunda yenidən sevdirdi. Filmin çəkilişi haqqında saatlarla danışmaq olar.Filmdə zamanın ruhunu, poetikasını yaratmaq üçün bir neçə quruluşçu rəssam çalışırdı. Təsəvvür edin ki, üç dəqiqəlik çəkilişdən ötrü, üç ay hazırlıq gedirdi. Teymurləngin gəlişi səhnəsi Cəngidə çəkilib. Səhər tezdən 30-50 avtobus Kinostudiyanın qarşısına yığıldı. Yüzlərlə insan avtobuslarda əyləşdilər. Bunların hamısına paltar geyindirilmiş, xəncər verilmişdi. Biz Cəngiyə yola düşdük, hər 100 nəfərə 2-3 assistent nəzarət edirdi. Çəkilişə başlayanda məlum oldu ki, Teymurləngin papağı Kinostudiyada qalıb. Belə bir problem oldu. Minlərlə insan saatlarla Teymurləngin papağının gəlməsini gözlədi. Papaq gəldikdən sonra isə hava tutuldu və yağış yağmağa başladı. Yağış başladıqda isə vertalyotdan çəkiliş mümkün olmadı. Dağın başından çəkməyə başladılar, o zaman da məlum oldu ki, kimsə çəkiliş zamanı səhvən başına çətir tutub. Bu zaman da kadr keyfiyyətsiz oldu. Belə hallar hər bir çəkilişdə olur. “Nəsimi” filmi sözün əsl mənasında çox böyük zəhmət  nəticəsində çəkildi. Çətinliklərlə dolu olan bu kütləvi səhnə isə filmdə cəmi üç dəqiqə getdi. Naxçıvandakı Əlincə qalasında çəkiliş olanda, vaqonlarla pal-paltar və at Bakıdan aparılmışdı. Bu iş həqiqətən böyük bir əfsanə idi. Bu gün üçün isə belə bir film çəkə bilərikmi?
Bu sual altındadır. “Nəsimi” yeganə Azərbaycan filmidir ki, bu qədər ağır əziyyət və zəhmət hesabına başa gəldi.

“Nəsimi”də çəkilən Əməkdar artist: “Mənə istədiyim rolu seçməyi təklif etdilər” -MÜSAHİBƏ

– Bəs “Nəsimi” filminin çəkilişləri zamanı sırf sizinlə bağlı ən yaddaqalan məqamlar, problemlər nələr oldu? Çəkiliş zamanı hər hansı ekstremal bir vəziyyətlə qarşılaşdınız?

– O zaman mənim çox uzun saçlarım və qalın hörüklərim var idi. Filmdə isə Fatmanın saçı qısa olmalıydı. Çəkilişə hazırlıq zamanı qrimçi Volodya və Həsən müəllim qrim otağına daxil oldular. Volodya təklif etdi ki, saçlarım kəsilsin, bu zaman üzümdə dəhşətli bir ifadə yarandı, çünki mən saçlarımı çox sevirdim. Həsən müəllim dedi ki, Xalidənin saçları kəsilməsin, çalışın parikin altında gizlədin.

Növbəti bir problem ondan ibarət oldu ki, Qobustanda çəkilişdə müridlərlə atam Nəimini axtaranda onlara sürətim çatmadı. Ritmdə çatmaq çox çətin oldu və bu zaman məni kaskadyorlar əvəz etdilər. Bu hal, yəni fiziki cəhətdən zəif olmağım, mənə çox pis təsir etmişdi. Avtobusa gəldikdə, xeyli ağlamışdım. “Nəsimi” tarixi motivlər əsasında, müxtəlif ərazilərdə çəkilən film olduğu üçün çəkiliş zamanı ekstremal vəziyyətlərlə qarşılaşmağımız da gözlənilən idi. Filmdə Nəiminin edamı zamanı çəkilən epizodda məni onun yanına getməyə qoymurdular. Mən təpənin üstünə dırmaşanda, əlimə isti nə isə dəydi. Elə bildim ki, torpaq yaşdır və əlimi açıb tulladım.Çəkilişdən sonra hamı yaxınlaşıb əlimi yoxlayaraq soruşdular ki, Xalidə yaxşısan? Dedim bəli, nə olub ki? Dedilər əlinlə tulladığın əqrəb idi. Çəkiliş zamanı qaşılaşdığımız problemlərdən biri də, günvurmalar idi. İsti aylarda qalın libasların içində durmaq aktyorlara heç də asan olmurdu. Çəkilişarası fasilələrdə bizə isti ayranlar içirirdilər. Xüsusilə Naxçıvanda çəkiliş zamanı yerli əhali bizə xeyli kömək etmişdi. Bizə su, samovar çayı və yuxa gətirib paylayırdılar. Ümumiyyətlə isə çəkilişlərdə xalqımızdan xeyli dəstək gördük və nəticəsi də uğurlu oldu.

– “Nəsimi” filminin çəkilişləri əsasən hansı ərazilərdə keçirildi?

– Çəkilişlərimiz Bakıda – Şirvanşahlar sarayının ətrafında, Qobustanda, həmçinin Naxçıvanda- Əlincə qalasının ətrafında aparıldı. Suriyanın Hələb şəhərində çəkilişlər oldu – dəyirman səhnəsi məhz orada çəkilmişdi. Xivədə çəkilişlərimiz olub –Nəsiminin edamı orada çəkilmişdi.

– Müsahibələrinizdən birində qeyd etmisiniz ki, rejissor Rasim Ocaqov sizi məhz “Nəsimi” filmində görüb və “Tütək səsi” filminə dəvət edib. Bu filmin çəkilişləri haqqında nə deyə bilərsiniz?

– Bu təbii haldır ki, bir rejissor hansısa filmə baxır və bəyəndiyi aktyoru öz filminə dəvət edir. Mən fəxr edirəm ki, Rasim Ocaqov kimi bir rejissorla işləmişəm. Onun iki filmində çəkilmişəm: “Tütək səsi” və “Bağlı qapı arxasında”. “Tütək səsi” filmində Milli obrazına dəvət olunmağımın əsas səbəbi də məhz “Nəsimi” filmindəki uğurlu ifam oldu. Rasim Ocaqov “Tütək səsi” filminin ssenarisini mənə təqdim edəndə bildirdi ki, müəllif İsa Hüseynovdur. Mən İsa Hüseynov yaradıcılığına artıq “Nəsimi” filmindən bələd idim və onun qələmini çox sevirdim. Milli obrazı mənim yaradıcılıq bioqrafiyamda çox mühüm yer tutur. Milli obrazının adı da maraqlıdır. Bu ad təbii ki, təsadüfü seçilməmişdi, bizim milliliyimizə, soy-kökümüzə bağlılığımıza istinad edirdi. Bu filimdən, bu ssenaridən ulu babalarımızın ətri, nəfəsi gəlir. Bu gün ən böyük dəyər verdiyim məqam Millinin məhz milli əxlaqi xüsusiyyətlərin daşıyıcısı olmasıdır.

Milli bir obraz kimi fədakar və təşəbbüskar fonda təsvir olunub. Filmdə Böyük Vətən Müharibəsi zamanı gənc qız olan Milli öz təşəbbüsünü ortaya qoyur. Milli qara məktubları insanlara paylamırdı ki, onlarda olan mübarizə əzmi və milli ruh ölməsin. İnsanlar həmişə ümidlə yaşasınlar. Bunu etməklə o,  faktiki olaraq öz milli ruhunu və qələbə əzmini öldürmürdü.
“Tütək səsi” filmində canlandırdığım Milli obrazı mənim üçün çox qiymətli və dəyərlidir.

– “Nəsimi” filmindəki susqun və sakit Fatma obrazını “Tütək səsi”ndə daha dinamik və həyat eşqi ilə dolu Milli əvəzlədi. Fatmadan sonra Millini yaratmaq necə bir hiss idi? Özünüzü bu obraza necə hazırlayırdınız?

– Aktyor beş rolda da, yüz rolda da oynasa, son nəticədə öz obrazını yaratmış olur. Çəkildiyim filmlərdə oynadığım rolların hamısını bir yerə yığsaq bir şəkil alınacaq – Xalidə Quliyeva…

“Nəsimi”də çəkilən Əməkdar artist: “Mənə istədiyim rolu seçməyi təklif etdilər” -MÜSAHİBƏ

– Tofiq Tağızadə, Həsən Seyidbəyli, Rasim Ocaqov, Muxtar Dadaşov kimi Azərbaycan kino tarixində böyük iz qoymuş dahi rejissorlarla işləmisiniz. Gənc yaşda belə sənətkarlarla işləmək sizə çətin olmurdu ki? Bu sənətkarların işlərinin özəllikləri haqqında nə deyə bilərsiniz? Aktyorla iş prinsipləri necəydi? Hansı sənətkarımız daha sərt və ya kaprizli idi?

– Adlarını çəkdiyiniz rejissorlarla işləmək o zamanlar bütün aktyorların ən gözəl, ən ülvi arzularından biri idi. Mən elə hesab edirəm ki, Allahın köməkliyi ilə bu mənim də qismətimə yazıldı. Hər birinin aktyorlarla iş üslubu fərqli idi. Məsələn, Həsən Seyidbəylinin filmlərində mövzu və mövzuya genişmiqyaslı baxışı əsas rol oynayırdı. O, hər bir obrazı ümumiləşdirirdi.
Rasim Ocaqov üçün filmlərində əsas olan cəmiyyət və fərdin mübarizəsi idi. Yəni cəmiyyət qanunları ilə fərdin öz arzusunun toqquşması.

Görkəmli rejissor Rasim Ocaqov aktyorlarla işində həmişə pafosun olmamasına çalışırdı. Aktyorlarla zərgər dəqiqliyi ilə işləyirdi və hər epizodu 9-10 dubla çəkirdi. Hər bir rejissorun özünəməxsus iş üslubu var idi. Bəlkə elə gözəlliyi də burdadır ki, bir-birindən fərqlənməyi bacarırdılar. Bu fərq onların filmlərinə baxanda da görünürdü.

Rejissor Muxtar Dadaşovun bədii filmlərində isə sənədli film estetikası hiss olunurdu. Çünkü o, öncə sənədli filmlər çəkmiş və daha sonra bədii filmlərə başlamışdı.

– Gənc yaşlarınızda Azərbaycanın professional kino tarixinə adınız yazıldı .Bunun üçün istedadınıza, yoxsa gözəlliyinizə borclusunuz?

– Çox gənc yaşlarımdan SSRİ Kinemotoqrafiya İttifaqının üzvü oldum. Gənc yaşlarımda çox sayda filmlərə çəkildim. Siz dediyiniz gözəllik nisbi anlayışdır. Düşünürəm ki, aktyora xarici gözəllik o qədər də vacib deyil. Aktyorun daxili gözəl olmalı və öz daxili dünyası olmalıdır. Kino aktyoru film vasitəsilə tamaşaçıya ötürülən ideyanı gözəl və səlis çatdırmalıdır. Həmçinin, aktyorun səlis nitq üslubu olmalıdır. Əgər kino aktrisasında gözəllik vacib məqam olsaydı, onda gözəllik müsabiqəsinin qalibi olan modellər dünyanın ən yaxşı aktrisaları olardı.

– Aktyor yanaşmanızı, susqunluğunuzu,  filmlərdə ortaya qoyduğunuz estetika və gözəlliyinizi bir zamanlar Türkiyənin məhşur kino ulduzu Türkan Şorayla müqayisə edirdilər. Bəs siz necə, gəncliyinizdə Türkan xanımla özünüzdəki oxşarlığı hiss etmişdiniz?

– Türkan Şoray Türk dünyasının və türk qadınının gözəllik simvoludur. Həm keçmişdə, həm də bu gün simvol olaraq qalacaqdır. Mənim Türkan xanıma bənzədilməmdə heç bir qəbahət görmürəm. Gəncliyimdə eşitmişdim ki, məni ona bənzədənlər olur, amma çox dərinə getmirdim. Düşünürdüm ki, o, məndən daha gözəldir və Türkan xanımı həqiqətən çox bəyənirdim.

– Sizinlə eyni zamanda fəaliyyət göstərən aktrisaların bir çoxu həm kino, həm də teatrlarda çalışıblar. Lakin siz fəaliyyətinizi yalnız kino sahəsində qurmusunuz. Teatr estetikasını özünüzə uzaq bilirdiniz, yoxsa zamanınızın məhdud olduğu üçün yalnız kino sahəsində çalışmısınız?

– Mədəniyyət və İncəsənət İnsitutunu bitirəndə təyinatımı Cəfər Cabbarlı adına “Azərbaycanfilm”  Kinostudiyasına aldım. Kinostudiyanın nəzdində  Teatr studiyası da var idi və mən orada bir neçə tamaşada iştirak etdim. Tofiq Kazımov, Məlik Dadaşov, Həsənağa Turabov kimi böyük sənətkarlarımız məni teatrda işləməyə dəvət etmişdilər. Uşaqlıqdan kino sənətinin vurğunu olduğum üçün fəaliyyətimi məhz bu sahədə davam etdirdim. Özümü kinoda yox, kinonu özümdə sevdim.

 –  1972-ci ildən bu günə kimi Azərbaycan kinosuna xidmət göstərirsiniz. Həmən illərdəki kinomuzla, bugünkü kinomuz arasındakı fərqi nədə görürsünüz?

– Bugünkü Azərbaycan kinosuyla o zamankı kinomuz arasındakı fərq çox böyükdür. O zamanlar Azərbaycanda ildə cəmi 4 bədii film çəkilərdi, 2 ya 1 dənə də xronikal sənədli film olardı. Bu isə ildə cəmi 5-6 film istehsalı demək idi. Bu gün isə demək olar ki, ayda 1 film çəkilir və kino ocağımız olan “Nizami”  Kino Mərkəzində nümayiş olunur. O zaman az sayda çəkilən həmin filmlər Azərbaycan kino tarixinə düşən filmlər idi. Bugün istehsal olunan çoxsaylı filmlərə isə bu gün baxılır və onlar bu gün də  unudulur. Çoxsunun kino sənəti ilə heç bir əlaqəsi yoxdur. Kiçik qisim filmlərimiz var ki, festivallarda iştirak edib hansısa nominasiya üzrə qələbə qazanırlar. Məsələn, İlqar Nəcəfin “Nar bağı”, Elçin Musaoğlunun “Nabat” filmləri. Bu gün belə filmlər barmaqla sayılır və onların müəllifləri 5-6 ildən bir film çəkə bilirlər. Bu gün ayda 1 dəfə çəkilib nümayiş olunan və komediya filmi adlandırılan filmlər var ki, onların komediya janrına heç bir adiyyatı yoxdur. Bu onu göstərir ki, o zamankı filmlər peşəkarlar tərəfindən çəkilərdi. Bugünkülər isə qeyri-peşəkarlar tərəfindən çəkilən, kommersiya məqsədli filmlərdir.

 – Son illərdə iranlı rejissor Həsənağa Nəcəfinin “İtkin pay” və “Səkkizinci göy” filmlərində çəkilmisiniz. Çəkilişlər zamanı İran filmləri ilə bugünkü Azərbaycan filmləri arasındakı hansı fərqləri müşahidə etdiniz?

– Bu gün İran kinosu öndə gedən film sənayesidir. İran kinosunda dünyaya öz sözünü demiş Abbas Kiorüstəmi, Məcid Məcidi, Əsgər Fərabi, Cəfər Pənahi kimi dünya şöhrətli rejissorlar var. Bunları kino sənətkarları adlandırsam, heç də yanılmaram. Onlar müəllif filmləri çəkirlər və həmin əsərlərdə əsas ideya və fikir insan mənəviyyatına köklənir. Öz fimlərində milli folklorlarını çox gözəl təsvir edirlər. İranlılara məxsus olan həyat tərzini, iranlıların düşüncəsi və dünyagörüşünü üzə çıxarırlar, bu da dünya üçün çox maraqlıdır. İran filmlərinin unikallığı da məhz bundadır. Çox şadam ki, 2007-ci ildən İran kinosu ilə yaxından tanış olmağa başladım. ”İtkin pay” adlı İran filminə rejissor Həsənağa Nəcəfi tərəfindən dəvət aldım və çəkildim. İki il sonra “Səkkizinci göy” adlı filmə də həmin rejissorun dəvəti ilə çəkildim. Hər iki filmdə baş qəhrəman olan ana rolunda oynadım. Filmlər İranın Tehran və Məşəd şəhərlərində çəkildi. Mən çəkiliş zamanı həmin rejissorun fədakarlığına mat qalmışdım. Çox ağır kameraları çiyinlərində daşıyan operatorlar, bir dəfə belə olsun yoruldum demədilər. Ağır kranları daşımaları sanki tük qaldırmağa bənzəyirdi. Yəni İran kinosu, bu gün İran mənəviyyatının tərkib hissəsinə çevrilib. Məhz İran filmlərinin kökündə fədakarlıq və işinə qarşı sevgi dayanır. İran kinosu dünya kinosuna öz möhürünü vurdu.Hal-hazırda İran kinosu qızıl dövrünü yaşayır.

“Nəsimi”də çəkilən Əməkdar artist: “Mənə istədiyim rolu seçməyi təklif etdilər” -MÜSAHİBƏ

– Son zamanlar Azərbaycanın gənc rejissorlarının çəkdiyi “Bir ailəm var”, “Həyat sən nə qəribəsən”,  “Bir ovuc torpaq”,  “Qanun naminə” ,“Sarı gəlin” kimi teleseriallarda çəkilmisiniz. Gənclərlə işləmək sizə maraqlıdır? Bu seriallarda çəkilmək sizin sənətinizə olan sevginizdən, yoxsa öz təcrübənizlə gənc nəslimizə kömək etmək niyyətinizdən irəli gəlir?

– Doğru vurğulayırsınız. Bu gün Azərbaycanda bir çox seriallar çəkilir və mən də onların bir qisminin çəkilişlərində iştirak etmişəm. Düşünürəm ki, bu gün çəkilən serialların çoxluğu, yəqin ki, təlabatdan irəli gəlir. Azərbaycan istehsalı olan serialların çəkilməsi çox yaxşıdır. Düzdür, səviyyə bizi qane etməsə də, istərdik ki, qənaətbəxş olsun. Göstərdiyiniz hər iki səbəb, bu gün məni seriallarda işləməyə vadar edir. Həm peşəkarlığımı bölüşürəm, həm də çəkilmək həvəsim var və bu mənim bir aktrisa kimi formada olmağım üçün çox vacibdir. Gənc aktyor və rejissorlarla işləmək mənim üçün çox maraqlıdır. Gənclik zamanın döyünən nəbzidir və mən bütün gənclərimizə işlərində uğurlar arzu edirəm.

 – Uzun illərin sevilən və professional kino aktrisası kimi gənc aktrisalarımıza və bu sahədə həvəsli olan gənclərimizə nə məsləhətlər verərdiniz?

Hər şeyin kökündə sevgi durur. Gənclərimizə ilk növbədə öz peşələrinə qarşı təmənnasız sevgi tövsiyə edərdim. Mən bugünkü gənclərimizə öz peşələrini sevməyi, dünyagörüş və intellektlərini artırmağı, sənətləri üzərində durmadan işləməyi arzu edirəm. Çətinlikdən qorxmasınlar. Aktyorluq çox çətin və fədakarlıq tələb edən bir peşədir.Biraz da təvazökar olmağı arzu edirəm






Fikirlər