“Rasim Balayev üçün xüsusi maşın, istədiyi kimi yeyib-içmək TƏŞKİL EDİRDİM”

“Rasim Balayev üçün xüsusi maşın, istədiyi kimi yeyib-içmək təşkil edirdim”

Elvin Əhmədovun quruluşçu rejissor kimi ilk işi olan “Sara” filmi bu ilin aprel ayında Nizami Kino Mərkəzində təqdim olunmasına baxmayaraq, uğursuzluqla üzləşib. 

Cebhe.info-ya verilən məlumata görə, “Sara”filmi tamaşaçıların marağını qazana bilmədiyi üçün nümayişdən çıxarılıb. Qeyd edək ki, filmin təqdimatını işıqlandıran media nümayəndələri də təşkilatçılığın zəif olmasından, baş rol ifaçılarından olan xalq artisti Rasim Balayevinlə filmin rəhbərliyi arasında yaşanan narazılıqdan və buna görə də xalq artistinin təqdimata qatılmadığından yazıb.
Daxil olan məlumata görə, tamaşaçı marağının az olmasına görə yayımdan qaldırılan “Sara” filmi yenidən, 21 sentyabr tarixindən Nizami Kino Mərkəzində nümayiş olunmağa başlayıb. Məsələni dəqiqləşdirmək üçün filmin rejisoru Elvin Əhmədovla əlaqə saxladıq.
Elvin Əhmədov məsələ ilə bağlı Cebhe.info-ya verdiyi açıqlamada “Sara” filminin bir müddət öncə kinoteatrda nümayişdən çıxarıldığını təsdiqlədi:
“Bu filmin təqdimatı 6 aprel tarixində baş tutdu. Digər filmlərə nisbətən bizdə reklam zəif olmuşdu. Ona görə də tamaşaçı sayı az oldu və filmi bir az tez kinoteatrdan çıxardılar. Biz kinoteatra təklif etdik ki, biz az gözləsinlər, şans versinlər, amma alınmadı. Həmin vaxt filmlər də çox idi. Ona görə də məcbur qalıb filmin nümayişdən çıxarılmasına razılıq verdik. Amma istər Azərbaycanda, istərsə də xaricdə belə bir şey olmayıb. Düzü, bu cür məsələləri şişirtmək istəmirəm. Amma hansısa filmin yenidən kinoteatra qayıtması baş verməyib. Sentyabrın 21-dən başlayaraq Nizami Kino Mərkəzində filmin seansları yenidən gedir. İnternet resurslarından istifadə edərək müəyyən dərəcədə reklam kampaniyaları aparırıq. Filmə maraq da var. Ümid edirik ki, baxılacaq. Əslində ilk iki gün çox qısa müddət olduğu üçün tam bir söz deyə bilmirəm. Amma kinoteatr əməkdaşlarının sözlərindən belə başa düşürük ki, narazı deyillər. Seanslar başlayan andan filmin reklamı da daha intensiv gedir”.
Gənc rejisor həmçinin yeni layihələrə başlamaq üçün vaxt azlığından şikayətlənib:
“Serial sezonu başlayıb deyə bir az vaxt azlığı var. Üç serialda aktyor qismində iştirak edirəm. Bir serialda isə həm də ikinci rejissor kimi çalışıram. Amma vaxt olsa, maraqlı idealar var, yeni filmin çəkilşlərinə başlayacağıq. Ancaq bundan sonra kinoteatrlara film vermək fikrimiz yoxdur, ancaq televiziyalarda nümyiş etdirəcəyik”.
Son olaraq Elvin Əhmədov filmin baş rol ifaçılarından olan xalq artisti Rasim Balayevlə filmin kollektivi arasında yaranan problemə də aydınlıq gətirib:
“İstərdim ki, bu məsələ nəhayət olduğu kimi yazılsın. Çünki bu məsələnin daha çox əks tərəfi yazıldı. Məsələ belə idi ki, Rasim Balayevin təqdimata gəlməməsinin səbəbi xəstə olması idi. Bu, aydın məsələdir. Rasim Balayevin 1 il öncə Azərbaycan kinolarından narazı olması ilə bağlı bir müsahibəsi vardı. O zaman da bizim film bir müddət dayanmışdı. Filmin dayanmağı da onu narazı salmışdı. Amma o müsahibədən sonra Rasim Balayevin 5 gün davamlı çəkilişləri oldu. “Sara” filmi ilə bağlı Rasim Balayevlə bizim aramışda qəti şəkildə narazılıq olmayıb. Rasim Balayevin çəkilişləri zamanı onun üçün ayrıca maşın, istədiyi kimi yemək-içmək, “orda oturma, burda otur” tərzində münasibət göstərilirdi. Danışdığımız nəvacibi son çəkiliş günü setdə aldı. Təbii ki, Rasim Balayev xalq artistidir və mənim ona münasibətin başqa cür ola da bilməzdi. Təqdimatdan bir həftə öncə zəng elədim, Rasim müəllim dedi ki, gələcək. Ancaq təqdimata iki gün qalmış dedi ki, çox xəstələnmişəm, bir az düzəlsəm, gələcəyəm. Sonra Rasim Balayev bir jurnalistə müsaibə verir və deyir ki, gələ bilməyəcəyəm təqdimata, kollektivə uğurlar arzulayıram. O jurnalisti reklam etmək istəmədiyim üçün adını çəkmirəm. Həmin jurnalist 1 il əvvəlki müsahibəni olduğu kimi yenidən yayımlayır və ardına da yazır ki, Rasim Balayev “Sara” filminin təqdimatına gəlmədi. Rasim Balayev dərhal sonra ikinci müsaibəni verir və belə sözlər demədiyini bildirir və heç bir narazılığının olmadığını, sadəcə xəstə olduğu üçün təqdimata gəlmədiyini deyir”.






Fikirlər