İmanı artırmaq üçün nə etmək LAZIMDIR?

 Image result for imanlı insan nasıl olur

İmanın azalması problemi müsəlmanlar arasında geniş yayılmışdır və tez-tez bu cür şikayətlər edilir: "ibadəti həvəssiz edirəm", "günahdan əl çəkə bilmirəm", "dua edə bilmirəm" və s. Bu problem qəlblə bağlıdır, "qəlb" sözü isə ərəb dilində "təqallub" ("dəyişmə") sözündən götürülmüşdür.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qəlbin qəlb adlandırılmasının səbəbi çox dəyişkən olmasıdır (təqallub). Qəlbin məsəli ağaca ilişib qalmış quş lələyinin məsəli kimidir. Külək onu ora-bura çevirir". (Əhməd, 4/408).

"AzerTaym.az" Zikr.az-a istinadən bildirir ki, Uca Allah qəlbi islah etməyin vacib olmasını vurğulayaraq buyurur: "O gün ki (Qiyamət günü), nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şuəra, 88-89).

 

Bu səbəbdən mömin həmişə qəlbinə baxmalı, ona pis təsir edən və imanını zəiflədən səbəbləri bilməli və onlardan çəkinməli, imanını artıran əməllər etməlidir.

Zəif imanın əlamətləri

Günahlar etmək və onlardan əl çəkə bilməmək
İbadətləri həvəssiz yerinə yetirmək
Yaxşı əməlləri azaltmaq
Qəlbin sıxılması və depressiya
Müsibət və sınaqlara dözümsüzlük
Dünyaya çox bağlanmaq və sevmək
Quran ayələrinin təsir etməməsi
Dua edə bilməmək və s.

İmanın zəifləməsinin səbəbləri

Möminlərin əhatəsindən uzaq olmaq
Günahkarların əhatəsində olmaq
Dini öyrənməmək
Vaxtının həddən artıq çoxunu dünya işlərinə sərf edərək Allahı yad etməkdən uzaqlaşmaq
Vaxtının həddən artıq çoxunu ailəyə sərf edərək Allahı yad etməyə az vaxt ayırmaq
Uzun ömür yaşayacağına ümid etmək və s.

İmanı necə artırmaq olar?

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki: "Paltar köhnəldiyi kimi, iman da köhnəlir, köhnəlmiş paltarı yenisi ilə əvəz etdiyiniz kimi, imanınızı da təzələyin". (əl-Hakim).
İman asiliklə (günahlarla) azalır, itaətlə artır. Bunun təsdiqi kimi, insanların açıq-saçıq geyindiyi, içki və digər günahlar işlənən məclisdə olarkən qəlbdəki imanla, qəbirstanlığa gedib ölümü yada salarkən imanı müqayisə etmək olar. İmanı artırmaq üçün səbəblərdən bəziləri bunlardır:

Quranı aramla, mənasını düşünərək oxumaq

Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 190-191).
Rəvayət edilir ki, bu ayələr nazil olduqda Allah Rəsulu (salləllahu aleyhi və səlləm) gecə namazında o qədər ağlamışdı ki, paltarı və yer yaş olmuşdu və buyurmuşdu: "Bu gecə mənə elə ayələr nazil oldu ki, onları oxuyub mənasını düşünməyənlərin vay halına!" (İbn Hibban).

O həmçinin demişdir: "Hud, Vaqiə, Mursəlat, ammə yətəsəəlun (ən-Nəbə), izə şşəmsu kuvvirat (ət-Təkvir) surələri saçlarımı vaxtından tez ağartdı". (Tirmizi).
Bu hədislər Quran ayələrini oxuyarkən mənalarını düşünməyin vacib olduğuna dəlalət edir.

Allahı yaxşı tanımaq üçün Onun ad və sifətlərini öyrənmək

Günah etməyin səbəblərindən biri də Allahı yaxşı tanımayaraq ondan layiqincə qorxmamaqdır, Allahın əzəməti, güc və qüdrəti Quranda müxtəlif cür təsvir olunur: "Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın" (əl-Ənam, 59).
"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır" (əz-Zumər, 67).
"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən". Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: "Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!" (əl-Əraf, 143).

Dini öyrənmək

Uca Allah buyurur: "De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar". (əz-Zumər, 9).
Həqiqətən də, Allahın əmrlərini yaxşı bilən, qəbir əzabı, Qiyamətin dəhşəti, Cəhənnəm əzabı, Cənnətin gözəlliyindən xəbərdar olan, halal və haramları bilənlə dindən xəbəri olmayan cahilin imanı bir ola bilərmi? Dini öyrənmək üçün səhih mənbələrə əsaslanan dini kitablar oxumaq, buna vaxt olmadıqda isə çoxlu dini dərslərə qulaq asmaq lazımdır.

Möminlərin əhatəsində olmaq

Zikr məclislərində (Allah yad edilən məclislər) olmaq, möminlərlə oturub-durmaq, məscidə getmək və digər əməllər imanın artmasının səbəblərindəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın əli camaatla bərabərdir. Kim camaatdan ayrılarsa şeytan onu əhatə edər. Qurdun sürüdən ayrılan qoyunu qapıb qaçdığı kimi, şeytan onu qapıb qaçar". (Əhməd).

Yaxşı əməlləri çoxaltmaq

Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (radiyallahu anhu): "Mən" - deyə cavab verdi. Peyğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün  cənazəni təqib edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Pey­ğəmbər yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yediz­dirib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəm­bər yenə soruşdu: "Han­sı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar". (Muslim).
Bu sual qəflətən verilmişdi, Əbu Bəkr bu suallara hazır deyildi. Bu hədis onun hər zaman yaxşı əməllər işləməyə necə can atmasını göstərir.

İbadətləri çoxaltmaq

Uca Allah öz mərhəməti ilə bizə Onun razılığını qazanmağımız üçün müxtəlif ibadətlər göstərmişdir. Fərz ibadətlərdən sonra (5 vaxt namaz, zəkat, Ramazan orucu və s.) hər kəs özünə rahat gələn ibadət növünü seçərək Allaha yaxınlaşmağa və imanını artırmağa çalışa bilər. Məsələn, sədəqə vermək, nafilə oruc tutmaq, zikr və dualar etmək, gecə namazı və s.

Ölümü tez-tez xatırlamaq

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın". (Tirmizi).
"Sizə qəbrləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin. Həqiqətən də, qəlbləri ziyarət etmək qəlbi yumşaldır. Göz yaşı axıdır. Axirəti xatırladır". (əl-Hakim, 1/376).
"Xəstələri ziyarət edin, cənazələrə (cənazə namazlarına) qoşulun ki, sizə axirəti xatırlatsın". (Əhməd, 3/48).

Allahı çox zikr etmək (xatırlamaq)

Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahı tez-tez yada salın!" (əl-Əhzəb, 41).
Şeytan insana günah işlər görməyi vəsvəsə edir, onu uzaqlaşdırmağın yolu isə Allahı zikr etməkdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).

Dünyanın dəyərsiz və müvəqqəti olduğunu bilmək

Uca Allah buyrur: "Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir" (Ali İmran, 185).

Özünü hesaba çəkmək

Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır" (əl-Həşr, 18).
Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: "Hesaba çəkilməzdən əvvəl özünüz özünüzü hesaba çəkin!..." (İbn Əbu əd-Dunyə, "Muhəsəbətu-n-Nəfsi", səh: 29-30; Əhməd ibn Hənbəl, "əz-Zuhd", səh: 120; Əbu Nueym, "əl-Hilyə", 1/52; Alləqahu İbn əl-Covzi, "Mənəqibu Umar radıyəllahu anhu", səh: 178; İbn Əbu Şeybə, "əl-Musannəf", 13/270; İbn əl-Mubərak "əz-Zuhd", səh: 103; Malik, "əl-Muvatta", 2/111; ət-Tirmizi, "əs-Sunən", 4/550; Əbu İshaq əl-Huveyni fi, "təxricihi liTəfsir İbn Kəsir", 1/478).

Allaha çox dua etmək

Qəlblər Allahın əlində olduğu üçün qəlbin islah olması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dua edərdi: "Allahım, sən qəlbləri dəyişdirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!" (Muslim, 2654).

 






Fikirlər