İFTAR necə olsa yaxşıdır? - Loğman MƏSLƏHƏTİ
Məndən soruşurlar: "Oruc tutmağa necə baxırsan?". Deyirəm ki, əqidə baxımından - yaxşıdır, amma sağlamlıq baxımından - zərərlidir. Çünki insan bütün gün ərzində su içmir. İftarı açanda isə cəmisi 1 stəkan su və o qədər də çay içə bilir. Bədəndə suyun həcmi xeyli azalır. Allah möminlərin orucunu qəbul eləsin və bütin insanların qəlbinə iman doldursun!
Həm də adam çox qısa vaxt kəsiyində 2 dəfə yüksək kalorili qida qəbul edir. Şam yeməyi həzmə getməmiş, möminlər sübh tezdən səhər yeməyi yeyirlər. Həzmolma və mənimsənilmə pis gedir. Daxil olan enerji ilə çıxan enerjinin balansı pozulur. Oruc tutanların çox cüzi miqdarda çəki atmasının səbəbi budur.
Əgər şəriət icazə versəydi və adamlar 30-40 gün gündüzlər ancaq su içsəydi, gecələr isə 1 dəfə xörək yesəydi - sağlamlıq baxımından çox faydalı olardı. Lakin şəriət qanunlarını pozmadan da orucluq ayından səmərəli istifadə etmək mümkündür.
Yaxşı olar ki, oruc tutan adam iftar vaxtı mümkün qədər çoxlu çiy su və meyvə, tərəvəz şirəsi içsin, ancaq bir dəfə, tərəvəz salatı ilə bir növ sulu xörək (çörəksiz) yesin. Ət xörəyi olmasa- daha yaxşıdır. Əti lobya, mərci, noxud, paxla və müxtəlif yarmalarla əvəz etmək həm sərfəlidir, həm də faydalı.
Şirə çəkməyə imkanı olmayan adamlar xörəkdən 30 dəqiqə qabaq meyvənin özünü yeyə bilər. Nə qədər çox olsa - bir o qədər savabdır. Nəzərə alın ki, ulu əcdadımız Adəm və Həvva Cənnətdə yaşayıblar və ancaq meyvə yeyiblər.
Suptropik meyvələrə, alma və nara üstünlük vermək məsləhətdir. Tərəvəzlər arasında kökə və şirəsinə üstünlük verə bilərsiniz.
Bu qaydada qidalanan kök adamlar çəkini xeyli ata bilər.
Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri, yazıçı-jurnalist.