Məşhurların öldüyü tarix - 4 MAY

4 may tarixi bir neçə tanınmış şəxsin vəfat etdiyi gündür.
"AzerTaym.az" modern.az-a istinadən həmin şəxsləri bir daha xatırladır:
***
Teatr və kino aktyoru, Əməkdar artist Fateh Fətullayev
:

F.Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.
Əslən Masallının Ərkivan kəndindən olan Mirzə Möhsün Fətullazadə bir müddət Lənkəranda yaşayandan sonra, 1920-ci ildə ailəsini Bakıya köçürmüşdü. 
Mirzə Möhsünün  ailəsində boya-başa  çatan dörd oğlunun və nəvələrinin adları Azərbaycanın  görkəmli simalarının cərgəsində çəkilir.
Fateh Fətullayev bu ailənin böyük oğlu idi. Onun əsl adı Fətulla olub. Ancaq görkəmli şair Hüseyn Cavidin təkidi ilə adını dəyişərək Fateh qoyub.
Fateh Fətullayev bir çox sayda teatr tamaşasında maraqlı rollarda oynayıb, 20-yə yaxın filmdə rol alıb.
Onun ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır.
Teatr və kino aktyoru olan Fateh Fətullayev incəsənətdəki xidmətlərinə görə, respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Fateh Fətullayev 1986-cü ilin 4 mayında Bakı şəhərində vəfat edib.

***

Jurnalist Adil Qaçayoğlu:
A.Qaçayoğlu 1955-ci il iyunun 3-də anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. İlk iş yeri «Şən həyat» (indiki «Balakən») qəzeti olub.

1981-91-ci illərdə «Azərbaycan gəncləri»ndə çalışan A.Qaçayoğlu (müxbir, şöbə müdiri) sonrakı illərdə «Həyat» (indiki «Azərbaycan»), «Yeni fikir», «Ülfət» qəzetlərində işləyib. 90-cı illərin ikinci yarısında populyar «Panorama» qəztində baş redaktor müavini olub.
Qəzetçi ömrünün sonrakı mərhələsində A.Qaçayoğlu «Detektiv», «525-ci qəzet», «Yeni yüzil», «Bizim əsr», «Gün səhər», «Yeni Müsavat» qəzetlərində çalışıb.
Müxtəlif mövzulu publisistik yazıların müəllifi, xüsusilə də futbol yazarı kimi tanınıb.

Qarabağ mövzusunda silsilə yazılarına görə "Media açarı-2008"in təsisçilərinin xüsusi mükafatına - diplom və "Media açarı"na layiq görülüb. Elə 2008-ci ilin iyununda qələm dostlarının köməyi ilə nəşr olunmuş "Ağdam yuxuma girir..." kitabındakı yazılarının əksəriyyəti də Qarabağ mövzusundadır.
Mərhum jurnalist 2008-ci il may ayının 4-də Bakıda vəfat edib.

***

Xalq şairi Söhrab Tahir:

Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbədə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib.
İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.
Bütöv Azərbaycan fədaisi Söhrab Tahir 4 may 2016-cı ildə vəfat edib. 
***
Xalq artisti 
Fuad Poladov
Fuad Poladov Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı  idi.

F.Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.

4 may 2018-ci ildə Bakıda vəfat edib.

 






Fikirlər