SÖHRAB TAHİR dəfn edildi

Azərbaycanın xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn edilib.

 

"Report" xəbər verir ki, mayın 4-də dünyasını dəyişmiş şairin dəfn mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və mərhumun ailə üzvləri iştirak edib.

 

Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

 

O, "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub.

 

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb.

 

S.Tahir 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-nin Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

 

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub.

 

İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə, Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

 

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

 

Allah rəhmət eləsin!






Fikirlər