26 illik NAZİRin həzin SONu - VİDEO
Gənclər və idman naziri, gənclər, idman və turizm naziri, mədəniyyət və turizm naziri, sonra da mədəniyyət naziri. Düzü, 64 ilin 26 ilini nazir kimi çalışmaq hər adama nəsib olmur. Hələ bu illəri necə tamamlamaq məsələnin başqa tərəfidir. "AzerTaym.az" BAKU.TV-yə istinadən xəbər verir ki, söhbət bu gün 26 illik taxtından endirilən Əbülfəs Mürsəl oğlu Qarayevdən gedir. Əbülfəs Qarayev 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin olunub. Turizm Agentliyi yaradılandan sonra belə fikirlər səsləndi ki, Əbülfəs Qarayevin səlahiyyətləri azaldıldı. Bu fikiri qəbul etməyən keçmiş nazir müsahibələrində bildirdi ki, Mədəniyyət Nazirliyinin funksiyaları tamamilə fərqlidir. Mədəniyyət öz-özlüyündə artıq həmişə dövlətdən qidalanan bir sahə kimi qalmamalıdır deyirdi. Ancaq bu dövr ərzidən mədəniyyətdən qazanılan gəlirlərdən daha çox regionlarda baxımsız qalan mədəniyyət abidələrindən danışdıq. Son zamanlar məmurların qorxulu yuxusuna çevrilən DTX mədəniyyət nazirliyindən də yan keçmədi. May ayının 8-də əməliyyat keçirdi. Əməliyyat nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə nazir müavini Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Ən maraqlısı isə baş verənlərlə bağlı Əbülfəs Qarayevin açıqlaması oldu. Bildirdi ki, mən dəfələrlə onlara bu işlərdən əl çəkməyi tövsiyə eləmişəm. Hər halda bütün bu baş verənlərin məntiqi nəticəsi olaraq Əbülfəs Qarayev vəzifəsindən azad olundu.