Mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyev yaxın günlərdə vəzifəsini itirə bilər.
Bu barədə Arqument.Az-a daxil olan ilginc məlumatda bildirilir.
Məlumatı verən mənbənin sözlərinə görə, onun yerinə artıq kimin təyin olunacağı ilə bağlı bəzi söz-söhbətlər gəzir. Bildirilir ki, nazir müavini ilə bağlı xeyli sayda şikayət var.
Nazilrikdəki mənbəmizin sözlərinə görə, son vaxtlar nazir Əbülfəs Qarayev də müavininin fəaliyyətindən narazıdır.
İddia olunur ki, Vaqif Əliyev fəaliyyəti ilə bağlı artıq "dosye" də hazırlanıb. Bura isə onun Sumqayıt şəhərində icra başçısı vəzifəsindən tutub, nazir müavini vəzifəsinə qədər necə yüksəldiyi və fəaliyyətindəki müəmmalı məqamlar tam təfsilatı ilə əksini tapıb.
Vaqif Əliyevin vəzifəsindən uzaqladırıldıqdan sonrakı fəaliyyəti və konkret karyerasının necə olacağı isə bəlli deyil. Bütün bunlarla bağlı yeni məlumatları verəcəyini deyən mənbə bildirir ki, Əliyevin icra başçısı və nazir müavini işlədiyi zaman yol verdiyi qanunsuzluqlar da yaxın günlərdə ictimaiyyətə açıqla bilər.
Qeyd edək ki, son vaxtlar ölkədə məmurların vəzifədən çıxarılması halları gözlənilmədən baş verir, yəni əksər hallarda onların özlərinə də nə vaxt işdən azad olunacağı və hansı qaydada cəzalanacağı aydın olmur. Görünür, Vaqif Əliyevə üçün də belə bir "sürpriz ssenari" hazırlanır.
Xatırladaq ki, Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.
1994-2001-ci illərdə gənclər, idman və turizm nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).
Yazıdakı iddiallarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.