13.05.2014. - İlham Əliyev Abutalıbova “Şərəf” ordeni verdi

13.05.2014. - İlham Əliyev  Abutalıbova “Şərəf” ordeni verdi Bu gün Hacıbala Abutalıbovun ad günüdür. Mer 70 yaşını qeyd edir.

"AzerTaym.az" məlumat verir ki, Hacıbala İbrahim oğlu Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

H.Abutalıbov 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (hazırkı Rusiyanın Sankt-Peterburq şəhəri) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub. SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edən H.Abutalıbov 1987-ci ildə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor H.Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və digər dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək prezidentin fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

1999-cu ilin iyul ayında prezident "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" sərəncam imzalayıb.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər baş nazirinin müavini vəzifəsində çalışıb.

2001-ci ilin yanvar ayından prezidentin fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür, ailəlidir, iki oğlu var.

Bu gün prezident İlham Əliyev H.Abutalıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.






Fikirlər