“Allah sanki qudurmuş insanları cəzalandırır” – Rasim BALAYEV
“Bütün dünyaya bəllidir, hamı deyir ki, virusun vaksini tapılmayıb, ona görə də virusdan qorunmağın yeganə yolu maska taxmaq, spirtdən istifadə etmək və məsafə saxlamaqdır”. Bu sözləri Xalq artisti Rasim Balayev deyib. Onunla müsahibəni təqdim edirik: – Rasim müəllim, karantin rejimində vaxtınızı necə keçirirsiniz? – Evimdə otururam, özümü izolyasiya etmişəm. Həyət evində yaşayıram, darıxanda həyətə düşürəm. Televiziyada köhnə filmləri izləyirəm. Bu virus da bir bəladır. Allah sanki qudurmuş insanları cəzalandırır. Qurunun oduna yaş da yanır. – Bir müddət öncə Türkiyədə əməliyyat olunmuşdunuz, indi səhhətiniz necədir? – Türkiyədə boynumdan ağır əməliyyat keçirdim. Həkim dedi ki, 4 aydan sonra yenə gələrsiniz. Koronavirusa görə gedə bilmədim. Artıq 5 ay keçib. Əməliyyatın məndə fəsadı qalıb, ağrıyıram. Ona görə də həkimə müraciət etməliyəm. İmkan olan kimi Türkiyəyə gedəcəm. – Yaxınlarınız arasında COVID-19-a yoluxan varmı? – Qohum-əqrəbada koronavirusa yoluxan yoxdur, amma tanışlar arasında var. Bəzi idarələrin işçilərində də bu infeksiya aşkarlanıb. Təəssüf ki, əməkdar artist Bəhram Bağırzadə da bu virusa yoluxub. Bəhram Bağırzadə bizim dostumuzdur. O, özünə baxan adam idi, siqaret çəkmirdi. Eşitdiyimə görə, ağ ciyəri sıradan çıxıb. Gün ərzində tez-tez onun səhhəti ilə maraqlanıram. Allah şəfasını versin. – Ölkəmizdə yoluxmaların sayı artıb, bir sıra şəxslər hələ də koronavirusa qeyri-ciddi yanaşır, müvafiq qaydalara əməl etmir. İnsanlara nə tövsiyə edərdiniz? – İnsanları məsuliyyətli olmağa səsləyirəm. Koronavirus başlayan ilk günlərdə ölkəmizdə yaxşı kampaniya getdi, virusa yoluxanların, ölənlərin sayı minumum idi. Sonra bir ara yumşalma oldu, insanlar qaydalara riayət etmədilər. Sərt karantin rejimindən öncə bazara getmişdim. Orada təxminən 200 nəfər var idi, amma 30-u maska taxmışdı, yerdə qalanlarda yox idi. Həm də söhbət gedir ki, koronavirusun ikinci dalğası başlayacaq. Görürəm ki, ölkəmizdə yoluxanların sayı əvvələr 100-150 nəfər idisə, indi 500-dən çoxdur. Virusdan özünü qorumağın yeganə üsulu sosial məsafə saxlamaqdır. Mən evdə oturmuşam, çölə çıxmıram, özümü izolyasiya etmişəm. Yaşlı adamam, əlbəttə, bir gün dünyadan köçəcəyəm. Amma axmaq kimi ölmək olmaz. Ona görə də özümüzü gözləməli və qaydalara riayət etməliyik. – Bəs indi bazarlığı kim edir? – Ərzaqları övladlarım alıb gətirirlər. Təqaüd alıram, büdcəmə uyğun alış-veriş edirəm. – Bir sıra sənətçilər toy mərasimləri, şou proqramlar olmadığından maddi çətinlik çəkdiklərini dilə gətirirlər. Maddi vəziyyətiniz necədir, sıxıntı yaşamırsınız? – Əvvəldən təntələli yaşamağa öyrəşməmişəm. Həmişə sıradan həyat sürürəm. Əvvələr filmlərə, reklamlara çəkilirdim. Amma indi məcburuq pulumuzu elə xərcləyək ki, dolana bilək. Əksər adamlar gündəlik qazanca işləyirlər. Şadlıq evləri bağlıdır. Fəhlələr, ustalar, aşpazlar və başqaları gündəlik çörək puluna işləyirlər. Görün nə qədər işsizlik var. Bu da öz nəticəsini göstərir. Bəziləri deyir ki, məcburən çölə çıxırıq, uşaqlar evdə acdı. Hökumətimiz kömək edir, hər ay 190 manat müavinət verir. Onunla ac qalmamaq olar. Təbii ki, bütün dünyada bu problem var. Amerikada 45 milyona qədər işsiz var. Hələ bunun fəsadları uzun sürəcək. Dünya iqtisadiyyatı çöküb. Bu müddətdə 20-30 ailəyə pul göndərmişəm, ən kasıb adamlara. Arabir imkanım olanda kömək etmişəm. Onu demək lazım deyil. Pulu verən zaman isə tapşırdım ki, adımı bildirməsinlər. Sadəcə deyin ki, sizə yardım edən bir Allah bəndəsidir. – Karantin rejiminin pozulması hallarına görə cərimələrin miqdarının artırılmasına münasibətiniz necədir? – İnsanlara nə qədər deyirlər, qaydalara riayət etmirlər. Cərimə bunun qarşısını almaq üçün yeganə üsuldur. 100 manata görə məsuliyyətli olacaqlar. Cərimə ilə büdcənin artırılması barədə fikirlər absurddur. Bəzi şəxslər SMS icazədən sui-istifadə edirlər. Elə adamlar var ki, ehtiyacdan çölə çıxırlar, ərzaq, dərman almağa gedirlər. Bəziləri isə sadəcə gəzmək üçün icazə alırlar, sui-istifadəyə yol verirlər. Yalandan deyir ki, bazara gedirəm, iki saat avaralanıb gəlir. Dua edirəm ki, bu şeylər qurtarsın. /Teleqraf