"Seçki günü üçün yaddaş" kitabçası
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindənAzVision.az-a verilən xəbərə görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd məntəqə seçki komissiyalarının üzvlərini seçki günü prosedurları ilə bağlı daha ətraflı məlumatlandırmaqdır.
Yaddaş kitabçasının girişində MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Müraciətdə MSK sədri ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan Milli Məclisə seçkilərin Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsində məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladır və seçkilərin yüksək səviyyədə hazırlanıb, azad və ədalətli keçirilməsində onlara uğurlar arzulayır.
Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması ətraflı şəkildə izah olunub.
Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.
"Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.