Dünən işğaldan azad edilən Qubadlıda vuruşmuş Milli Qəhrəman ƏLİYAR ƏLİYEV
Dünən axşam ölkə başçısı Qubadlı şəhərinin və işğalda olan bir neçə yaşayış məntəqsinin işğaldan azad edildiyini açıqladı. Xatırladaq ki, bir şəhər və 93 kənddən ibarət Qubadlı 1993-cü ilin 31 avqustunda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı uğrunda bir çox Azərbaycan oğulları vuruşub, şəhid olub. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevdir. O, Qubadlıda doğulub, böyüb və orada düşmənə qarşı vuruşaraq çox sayda erməni işğalçısını məhv edib.
"AzerTaym.az" Əliyar Əliyev barədə “Fraza” jurnalında dərc edilmiş yazını təqdim edir:
Əliyar Əliyev Azərbaycanın Milli Qəhrəmanları içərisində xüsusilə seçilən şəxslərdəndir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı, cəsarəti, keçirdiyi uğurlu əməliyyatlar film səhnəsini xatırladan hadisələrlə zəngindir. Əliyar Əliyev bir neçə döyüş yoldaşı ilə birlikdə erməni batalyonlarına qarşı qeyri-bərabər döyüşdə qalib gələn nadir döyüşçülərdəndir. Onun komandanlığı altında keçirilən əməliyyatlardan birində 400-ə yaxın erməni məhv edilir və bu hadisədən sonra Ermənistanda 3 gün matəm elan olunur. Ermənilər Əliyar Əliyevin öldürülməsi üçün xüsusi tədbirlər görməyə başlayırlar... Könüllü olaraq Qarabağa gedən və orada şəhid olan Milli Qəhrəmanımızı yaxından tanıyaq.
Əliyar Əliyev Qubadlı rayonunun Qazyan kəndində 1957-ci il dekabrın 14-də anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universitetində iki il müəllim işləyir. Əliyar Əliyev daha sonra atasının vəfatı ilə əlaqədar anadan olduğu kəndə, Qazyana qayıdır. Bundan sonra Əliyar Əliyev Saransk Dövlət Universitetinə qayıtmır və qəsəbə orta məktəbində müəllim, müxtəlif idman cəmiyyətlərində məşqçi kimi fəaliyyətini davam etdirir. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilir. Əliyar Əliyev uzun müddət pəhləvan kimi fəaliyyət göstərir. Hətta, bir neçə dəfə Rusiyada ən nüfuzlu tədbirlərdə onun çıxış etməsi üçün vaxt ayrılır.
Növbəti illərdə Ermənistan-Azərbaycan münaqişəsi başlayır. Ermənilər Azərbaycan torpaqlarında təxribatlar törətməyə başlayır, hücumlar edirdilər. Qarabağ müharibəsinin başlaması ilə Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına daxil olur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.
Əliyar Əliyevin könüllülərdən ibarət dəstəsi camaat arasında "Pəhləvanlar taboru" kimi tanınırdı. Buna səbəb könüllülərin əksəriyyətinin onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət olması idi.
1988-ci ilin əvvəllərindən başlayaraq azərbaycanlıların Ermənistandan deportasiyasına başlanıldı. Sisiyandan, Qafandan, Gorusdan deportasiya edilən azərbaycanlıların bir qismi Qubadlıda yerləşdirildi. Qubadlı rayonu strateji əhəmiyyətli bölgələrdən biri idi. Bu səbəblə ermənilər həmin istiqamətdə təxribatları artıraraq hücum edirlər.
1992-ci ilin aprel ayının 16-da "Qara bəbir" ləqəbli, Karlen adlı Suriya ermənisinin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçirlər. Ancaq, Əliyar Əliyev bu təxribatdan xəbər tutur. Xüsusi təyinatlı təxribatçı qrup Qubadlıya hücum edərkən Əliyar Əliyevin dəstəsi onlara pusqu qurur və komandirləri də daxil olmaqla 11 erməni məhv edilir və qrupun hücumunun qarşısı alınır. Məhv edilmiş 11 erməninin cəsədi isə əsir düşmüş azərbaycanlılarla dəyişdirilir. Ancaq ermənilərin Qubadlı rayonu ilə bağlı təxribatları bununla bitmir. 1992-ci il iyun ayının 24-də rayon mərkəzinin bombalanması üçün üç döyüş helikopteri göndərilir. Helikopterlər Qubadlıya hücum edərkən Əlyar Əliyevin döyüşçüləri tərəfindən vurularaq düşürülür.
Əliyar Əliyev və dəstəsinin iştirak etdiyi uğurlu döyüşlərdən biri də "Şurnuxu" əməliyyatı idi. 1992-ci ilin avqust ayında həyata keçirilən həmin əməliyyatda ermənilər 80-dən çox canlı qüvvə və hərbi texnika itirir. 20 rus və erməni silahlısı isə canlı olaraq ələ keçirilir.
Əliyar Əliyevin ən uğurlu hərbi əməliyyatı Xocalı Soyqırımından bir neçə gün sonra baş tutur. Düşmənin Xocalıda törətdiyi qətliamdan təsirlənən döyüşçülər erməni işğalçılarına qarşı hücuma keçirlər. Gorus istiqamətində irəliləyən könüllü dəstə çox sayda erməni hərbçilərini məhv edirlər. Rusiya və Ermənistanın Kütləvi İnformasiya Vasitələrində həmin əməliyyat nəticəsində 336 erməninin öldürüldüyü qeyd edilir. Bu hadisədən sonra Ermənistanda hətta 3 günlük matəm də elan olunur. Daha sonra İrəvanda Əliyar Əliyev və daha 3 döyüş yoldaşının öldürülməsi üçün göstəriş verilir.
Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edir.
Əliyar Əliyevi tanıyan şəxslər öz xatirələrində bildirirlər ki, o, Qarabağda öz dəstəsi ilə hansı rayona, hansı kəndə gedirdisə, orada insanlar içərisində əminlik yaranırdı ki, artıq həmin yerə ermənilər gələ bilməz:
"Kəndə top atılanda o artıq hansı istiqamətdən atıldığını ayırd edə bilirdi. Hətta, bir neçə dəfə həmin yerdə kəndi hədəf alan erməni topçularını canlı əsir tutaraq gətirmişdi".
Döyüş yoldaşlarından biri polkovnik Sadiq Paşayev onunla yaşadığı döyüş xatirələrindən birini belə xatırlayır:
"1991-ci ilin dekabr ayı idi. "Yazıdüzü" istiqamətindən hücuma keçilmişdi. Biz müdafiə xətti qurmaq istəyirdik. Ancaq elə bir vəziyyət yarandı ki, düşmən texnikaları ilə üz-üzə qaldıq. Onlar bizi atəşə tutmağa başladılar. Əlimdə avtomat daraqları vardı. Əliyar mənə dedi ki, onları tez at, özün daha yaxşı bir yerə get, yük sənə mane olmasın. Mən daraqları atmadım, elə bu vaxt BTR atəş açdı, mən güllənin təsiri ilə yumalanaraq bir neçə metr uzağa kolluğun içinə düşdüm. Əliyar elə bildi ki, məni vurdular. "Sadiq! Sadiq!" deyə qışqırdı, o atılan güllələrə məhəl qoymadan mənə tərəf qaçmağa başladı. Ölüm təhlükəsinə baxmayaraq özünü kolun içinə saldı və "Sağsan" deyə qışıqırıb məni dartıb çıxardı. Mən onu görər-görməz dedim ki, qorxma ölməmişəm. Sizə deyim ki, bəlkə də 50-60 metr yaxınlıqda artıq bizi görüb atəş açırdılar. O, təhlükəyə məhəl qoymadan məni xilas elməyə gəlmişdi".
Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində oldu. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak oldular.
Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, Masazırda onun adına məktəb, Sumqayıtda və Binəqədidə isə "Əliyar" adlı bulaqlar var. Sumqayıt şəhərində idman klubu və qurduğu tabor onun adını daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Ruslan Yusibov