Qəhrəman TƏRTƏRin qəhrəman oğlu - Anar Nağıyev bütün nəslini QÜRURLANDIRIB

Modern.az saytında “Bizim əsgər” rubrikası davam edir. Növbəti qonağımız Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Yaqut Paşazadədir. Aktrisa bizə dayısı oğlu Anar Nağıyev haqqında məlumat verib.

 

- Yaqut xanım, qəhrəman şəhərimiz Tərtərdə doğulan və böyüyən biri kimi Vətən Müharibəsindən sonra özünüzü necə hiss edirsiniz?


- Mən özümü çox xoşbəxt hiss edirəm ki, Azərbaycanın cənnət guşəsi  və döyünən ürəyi olan Qarabağımızın bütün bölgələrini vaxtilə qarış-qarış gəzmişəm. Özüm Tərtərdə doğulmuşam. Əslim isə laçınlıdır. Çox sevinirəm ki, bu gün mən qəhrəman Tərtərimizin bir övladıyam və bununla fəxr edirəm. Vətən müharibəsi başlayandan bir həftə öncə Tərtərdə idim və bu xəbəri eşidəndə Bakıda dayana bilməzdim və ona görə də  Tərtər xəstəxanasına müraciət etdim ki, könüllü kimi yaralılarımıza yardım göstərim, lakin dedilər ki, hələ buna ehtiyac yoxdur. Tərtərdə vəziyyət çox çətin idi. Tanıyan bir insan kimi mənim üçün bu daha ağır idi. Ali Baş Komandan İlham Əliyev demək olar ki, hər çıxışında Tərtərin adını çəkirdi. Televizorda Tərtərdə dağılmış yerləri göstərəndə mən artıq bilirdim ki, bu hansı küçədir, hansı kənddir və ya kimin evidir. Gündə demək olar ki 20-30 dəfə Tərtərə zəng vururdum, çünki mənim yaxınlarım, əzizlərim orada idi. Hətta telefonda belə bombaların və mərmilərin səslərini eşidirdim. Arada Bərdəyə - evləri dağılmış insanlarla görüşə gedir və onlara yardımlar aparırdım. O zaman xahiş etdim ki, heç olmsa bir saatlıq Tərtərə daxil olmağıma icazə verin, lakin vermədilər. Bu situasiyaları yaşamaq çox çətin idi. Doğulduğun ata ocağının bir addımlığında olursan, lakin ora gedə bilmirsən.  Təbii ki, bunlar hamısı ciddi nizam-intizamın nəticəsi idi və məhz bunun nəticəsində də biz qalib olduq. Mən  də hamı kimi onlara əməl etdim.

Dirol December 6s

 


- Yaqut xanım, müharibə dövründə dayınız oğluyla bağlı sosial şəbəkədə paylaşımlarınız olmuşdu və istərdik ki, onu sizin dilinizdən tanıyaq.


- 1990-cı illərdə bizim nəsildən birinci Qarabağ müharibəsində iştirak edənlər çox olub. Xüsusilə əmim oğlanları 1992-1993-cü illərdə  müharibədə aktiv iştirak ediblər və həmçinin də Laçın uğrunda gedən döyüşlərdə. İndi çox sevinirəm ki, onların övladları da bu gün cəbhədədir. Şəhidlərimizin ağrı-acısı ilə yaşasaq da, qələbəmizlə qürur duymağa dəyər. Çünki torpağımız azaddır  və biz başımızı dik tuta bilirik. Bizim ailəmizdən mənim dayım oğlu, qardaşım oğlu, xalam nəvəsi, əmim nəvəsi Vətən müharibəsində aktiv iştirakçı oldular.

Bəli, mən şəbəkələrdə dayım oğlu ilə bağlı yazı yazmışdım.
Anar Nağıyev mənə çox doğma olan insanlardan biridir. İnanın, onun uşaqlığı və onu necə böyütdüyümüz hələ də gözlərimin önündədir.
Müharibə başlayanda dayım oğlu Suqovşan və Murov istiqamətində gedən döyüşlərdə aktiv iştirak etdi. Mən həmin müddətdə Tərtərdə olduğum vaxt cəmi iki dəfə onu görə bildim. Bu insan söz soruşmasan danışmayan, heç kimin qəlbinə dəyməyən biridir. Həmin vaxt hamımız çox həyəcanlıydıq və  biz ondan döyüşlər haqqında soruşanda məlumat vermirdi, sadəcə deyirdi ki, hər şey yaxşı olacaq. Onun mənim üçün heç zaman böyüməyən gözlərinə baxanda necə böyüdüyünü hiss etməyə başlayırdım və Anarı hərbi formada görəndə çox qürurlanırdım.
1990-cı illərdə biz yeniyetmələr olanda o körpə idi və şəhərimizə top mərmiləri düşəndə çox vahimələnirdi. Amma bu gün çox sevinirəm ki, məhz belə oğullarımız böyüyüb düşmənə od qoyur, canları bahasına torpaqlarımızı azad edirlər.

Anar Nağıyev Tərtərdə böyüyüb və gözünü açan ilk gündən müharibəni izləmiş  bir insandır. Tərtərdə yaşıyanlar bu fikirlərimi daha yaxından təsdiq edə bilərlər. 27 il ərzində elə bir gün olmayıb ki, Tərtərdə atışma səsi eşidilməsin. Həmişə düşmən bizə təhlükə yaratmaq istəyib, amma tərtərlilər buna öyrəşiblər və heç zaman qorxmayıblar. Evlərini tərk etməyiblər. O oğullar ki, məhz güllə səslərinin altında böyümüşdülər, sözsüz ki, onlar döyüşkən olmalı  və torpaqlarımızı azad etməli idilər. Mənim dayım oğlu Anar da məhz belə oğullardandır.


- Hazırda onunla əlaqə saxlaya bilirsiniz? Harada olduğundan məlumatınız var?


- Anar MAXE-dir. İndi də cəbhədədir. Biz ondan telefonla harada olduğunu soruşanda, deyir telefonda məxfi məlumatları vermək olmaz, çünki sızma ola bilər.
İşim və sənətimlə bağlı mən Bakıda yaşayıram, lakin həm də tez-tez Tərtərdə oluram. Bir-iki günlük belə olsa, oraya gedirəm. Doğma ata evimə gedib baş çəkmək mənim ən böyük vərdişimdir. 2019-cu ildə bir gün yenə Tərtərdəydim və birdən qapı döyüldü. Qapını açdım, Anar hərbi geyimdə içəri girdi. Dedim Anar, axı sən hərbi xidmətini başa vurmuşdun... O mənə dedi ki, “bacı mən könüllü olaraq müddətdən artıq hərbi xidmət üçün orduya yazılmışam”. İstər-istəməz adamın ürəyinə instinktiv olaraq itirmək qorxusu gəlir və bunun arxasınca qürurlandım. O mənə həmişə zəng vuranda mən ona - necəsən,  oğlul bala? O isə mənə - sağol rəis, –deyirdi.
Ümumiyyətlə, mənə çox hörmətlə yanaşır.
Uşaqlıqda çox şıltaq idi, evlənəndən sonra çox qaradinməz oldu. İndi isə artıq o, bir qəhrəmandır.


- İtirmək qorxusundan danışdınız. Bəs ailə üzvləri onun müharibədə iştirakını necə qarşıladılar?


- Təbii ki, onlar da həyəcanlı idilər. Qələbəyə köklənsələr də, bəzən itirmək qorxusu onları düşünüdürürdü. Ümumiyyətlə,  döyüşlər vaxtı ailəsinə də çox az zəng vura bilirdi. Bəzən uşaqlarının səsini eşitmək üçün çox qısa müddətlik zəng vururdu. Vətən müharibəsi ərəfəsində bir dəfə mən Universitetdən evə qayıdırdım, telefonuma zəng gəldi. Açdım ki, bu Anarın səsidir. Dedi ki, - salam rəis, necəsən? Mən Bakıdayam.
Tapşırıqla bağlı Bakıya gəlmişdi və mən həmən onu görməyə yollandım. Babək prospektində yolun ortasında onu elə qucaqladım ki, bu hissləri düzü təsvir etmək çox çətindir. Hər tərəfdən maşınlar keçir, lakin sən  bir doğman üçün elə darıxmısan ki, bütün təhlükələri unudursan. Gördüm ki, Anar çox dəyişib. Sanki qarşımda başqa bir insan dayanıb. Müharibə onu elə dəyişmişdi ki, gözlərimə inana bilmirdim. Niyə və nə tapşırıqla Bakıya gəldiyini təbii ki, mənə demədi. Necə həyəcanlandımsa, onunla şəkil çəkdirməyi də unutdum. Müharibə zamanı insan hər anı da sanki son an kimi yaşayır. Sonra düşündüm ki, kaş onunla xatirə olaraq bir şəkil çəkdirərdim. 44 gündə onu bircə dəfə təsadüf nəticəsində Bakıda gördüm. Döyüşlər bitəndən sonra mən şəhid ailələrimizlə görüş üçün yenidən Tərtərimə getdim. Artıq gün ərzində Tərtərin bir çox kəndlərində olmuşdum. Gecə mənə zəng gəldi və bu Anar idi. Dedi ki, - mən səhər ola bilər evə gəlim. Lakin bu mənim proqramıma uyğun gəlmirdi, çünki Bakıya qayıdacaqdım. Görüşlərimi qutarıb dayımgilə getdim, təsadüfən orada Anarı gördüm. Anar əlindən, ayağından yaralanmışdı və bunu heç kimə deməmişdi. Evə gələndə əlcəyini çıxartmırdı. Mən çox xahiş etdim ki, çıxartsın və bu zaman yaralı olduğunu gördük. Hətta mənə yarasına toxunmağa və onu dəyişməyə belə icazə vermədi. Çox sevinirəm ki, Tərtərimin məhz belə oğulları var.

Anarın kiçik qardaşı da könüllü olaraq  səfərbərliyə yazılmışdı, lakin bildirdilər ki, ehtiyac olduğu zaman çağıracaqlar.


- Aktrisa kimi Vətən müharibəsiylə bağlı filmlərdə iştirak təklifi  alsanız, bu zaman Anarla məslətləşməyə ehtiyac duyardınız?

- Təbii ki, ehtiyac duyardım. Nəinki onunla, digər  veteranlarımızla da məsləhət edərdim. Mən özüm də 1990-cı illərdə demək olar ki ,müharibə iştirakçısı olmuşam. Yaralıların necə gətirildiyinin və əsgərlərin müharibəyə necə yollandığının canlı şahidi olmuşam. Mərmilərin başımızın üstündən necə keçdiyini görmüşəm. Öz həyətimizə tökülən mərmiləri indiyə qədər atam saxlayır. Mənim öz emosional yaddaşımda artıq bu cür izlər var. Təbii ki, bu Vətən müharibəsi bizim incəsənətimizdə, teatrımızda və kinomuzda da əks olunacaq. Müharibə bölgəsində böyüməyim isə mənə məhz bu mövzuda olan uğurlu obrazlar yaratmağımda təbii ki, yaxından köməklik göstərər.


- Əməkdar artist, aktrisa və bir müəllim kimi hazırda Vətənimizin keşiyində duran əsgərlərimiz üçün “Əsgər salamı”nızı eşitmək istərdik.


- Azərbaycan xalqına demək istərdim ki, biz çox xoşbəxtik. Min illərlə heç kimin tarixinə düşə bilməyəcək bir xoşbəxtliklər yaşayırıq. Qələbə tariximizin canlı şahidi olduq. Bu qələbəni bizə yaşadanlara, Ali Baş Komandanımıza və əsgərlərimizə demək istərdim ki, var olun! Sizsiz bu vətən,  bu torpaq və bu insanlar maraqsız olardı. Belə böyük və mükəmməl olmazdı. Biz sizinlə qürur duyuruq. Xalqımızın taleyi nə qədər göz yaşları ilə dolu olsa belə, biz xoşbəxt insanlarıq. Ağrı və əzabla dolu, qürurlu bir xoşbəxtlik yaşayırıq. Bütün bu qələbə sevinclərimizə görə əsgərlərimizə, qazilərimizə və şəhidlərimizə borcluyuq. Şəhidlərimizə Allah rəhmət etsin deyirəm. Şəhadətləri mübarək olsun. Allah bizə də, onlar kimi ən uca məqama ucalmağı nəsib etsin. Bunu şəhid anaların göz yaşlarına baxıb donanda, onlara deməyə heç bir söz tapmayıb susanda və onları bağrına basanda daha yaxşı hiss edirsən. Biz şəhidlərimizə indi yaşadığımız canlı və qanlı tariximizə görə bir ömür borcluyuq. Mən fəxr edirəm ki, Qarabağlıyam! Mən fəxr edirəm ki, azərbaycanlıyam! Mən fəxr edirəm ki, vətənimin belə igid oğulları var! 






Fikirlər