“Qaraca qız” filminin Tutusu Sevil Zeynalovanın Moderator.az-a özəl müsahibəsini təqdim edirik:
- Sevil xanım, salam. Necəsiz?
- Çox təşəkkür edirəm, siz yaxşı olasız.
- Sevil xanım, siz bizim uşağlıq qəhrəmanımızsız. Amma nədənsə müsahibə verməklə heç aranız yoxdur.
- Bəli, müsahibə verməyi heç xoşlamıram, çünki mən indi aktrisa deyiləm. O vaxt uşaq olub, çəkilmişəm. Sonra mən küçəyə çıxa bilməyəcəm, deyəcəklər ki, bax bu filankəs qızdır. Ona görə də heç bir sayta və televiziyaya müsahibə vermirəm. Xoşum gəlmir belə şeylərdən, ataların bir misalı var: “Ağır otur, batman gəl”. Amma görünür siz məni danışdırmağı bacardınız (gülür).
- “Qaraca qız” filminə necə dəvət gəlmişdi?
- Bu filmə dəvət gələndə məktəbdə oxuyurdum, rejissor Şamil Mahmudbəyovun asistenti məktəbə gəldi və bir-iki qız seçdilər. Bizi müəllimlər otağına aparıb sorğu-sual etdilər və daha sonra valideynlərimlə əlaqə saxladılar. Bundan sonra mənim artıq heç nədən xəbərim yox idi. Foto sınağından keçdim, üzümə qrim vurub, şəkilimi çəkdilər. Saçlarım da qıvrım idi. Valideynlərim deyir ki, foto sınağa 500-dən çox qız gəlmişdi. Foto sınaqdan keçəndən sonra məktəb bitdi, tətilə çıxdıq, mən də ailəmlə Qara dənizə istirahətə yollandım. Bir də gördük ki, babam bilet alıb gəldi ki, sən müsahibədən keçmisən, kinoya çəkilməlisən. Atan da bir yandan qırğın salır ki, olmaz. Mənim valideynlərim çox ağır təbiətli idi, deyirdilər ki, qız uşağı nədir, kino nədir? Atam güc-bəla ilə icazə verdi kinoda çəkilməyimə. Babam məni özü ilə Bakıya gətirdi, anamgili isə orada qaldılar. Biz birbaşa Şamaxının Çuxuryurd kəndinə çəkilişə yollandıq. Çəkilişlərdə də nənəmlə-babam yanımda idi.
- Filmin ilk çəkildiyi səhnələrini xatırlayırsız?
- İlk səhnələr mənimlə bağlı oldu. Belə ki, ayı ilə olan, meşədəki, Piri baba ilə bağlı olan səhnələr. Sentyabr ayı idi, öncə çöl çəkilişlərini etdilər ki, birdən hava tutular, yağış yağar. Mən Şamaxının Çuxuryurd kəndində Malakan uşaqları ilə məktəbə də gedirdim, ikinci sinfə.
- Şəfiqə xanımın sizə şillə vurduğu səhnəni istərdim xatırlayaq. Ondan incimədiniz?
- Şəfiqə xanım özü də səhv etmirəmsə o zaman tələbə idi. Mənim xətrimi çox istəyirdi. O səhnədə heç əli mənə toxunmur. Şəfiqə xanım deyirdi ki, mən heç vaxt Sevilə şillə vura bilmərəm. Ona görə də rejissor həmin kadrı elə çəkir ki, Şəfiqə xanımın əli yuxarı qalxır və Tutunun yıxılmaq səhnəsini göstərirlər.
- Filmin kollektivi ilə görüşürsünüz?
- Xeyr, görüşmürəm.
- Siz filmin digər qəhrəmanlarına nisbətən nədənsə daha çox kənara çəkildiniz, qapalı həyatı seçdiniz.
- Mən buna qapalı həyat deməzdim. Aktyor sənəti çox çətindir. Bu sənətə ciddi yanaşmaq lazımdır. Aktyorun həyatı həmişə xalqın gözünün qarşısında olur. Mən univeristetə rejissor fakültəsinə daxil olmuşdum. Evdə də icazə verməzdilər ki, aktrisa olum. Universiteti bitirəndən sonra Mədəniyyət və İncəsənət universitetində 40 il rejissor və aktyor sənətindən pedaqoq kimi çalışmışam.
- İndi də çalışırsız?
- Xeyr, çalışmıram. 60 yaşım olan kimi çıxdım. Həyat yoldaşım dedi ki, bəsdir daha, 40 il apar-gətir etdik səni.
- Nəvələrinizdən sizə bənzəyəni varmı?
- Mənim iki oğlum, 5 gözəl nəvəm var. Kiçik nəvəm eynilə mənə oxşayır. Hələ məktəbdə oxuyurlar.
- İstərdinizmi aktrisa olsunlar?
- Xeyr, heç vaxt istəməzdim. Bu sənət çox məsuliyyətli və çətindir. Aktrisa olmaq insandan istedad istəyir.
- Çəkildiyiniz filmə baxa bilirsiniz?
- Mən başqa sahədə çalışsaydım filmə adi gözlə baxardım, axı mən 40 il rejissor və aktyor sənətindən dərs demişəm, ona görə də özümə tənqidi yanaşıram. Azərbaycan kinematoqrafiyasında ən gözəl uşaq obrazını bir “Ögey ana” filmində Ceyhun oynayıb, bir də bu filmdə Sevil Zeynalova. Bu mənim şəxsi fikrimdir.
- Digər uşaq qəhrəmanları sizin bu sözünüzdən inciməsələr yaxşıdır.
- Bu mənim subyektiv fikrimdir.
- Biləndəki siz Tutu rolunun ifaçısısız, gəlib sizlə şəkil çəkdirənlər olur?
- Artıq o qədər tanıyırlar ki, mən utanıram. Universitetdə dərs deyəndə elə ki, yeni kursum olurdu, məndən soruşurdular ki,”Müəllimə eşitmişik siz kinoda çəkilmisiz”. Deyirdim ki, xeyr, elə şey yoxdur. Başınızı salın aşağı, dərsinizlə məşğul olun (gülür). Mən sinfə gəlməzdən öncə artıq uşaqlarda məlumat olurdu ki, Sevil xanım Tutu rolunun ifaçısıdır.
- Səhv etmirəmsə sizin obrazın uşağlığını orada başqa bir qız canıandırıb.
- Orada çox balaca bir epizodda qız oynayıb, sözü də yoxdur. Sözün düzü onu tanımıram, amma bir dəfə məktəblilərlə görüşdə birlikdə idik. Leyli ilə musiqi məktəbində bir yerdə oxumuşuq deyə onu öncədən tanıyırdım.