“Azərbaycanda hər gün Mübariz İbrahimovlar doğulur və həmin uşaqlar QARABAĞI aldılar”
“Onun nəinki bu gün, hər gün doğum günüdür. Çünki Azərbaycanda hər gün Mübariz İbrahimovlar doğulur və həmin doğulan uşaqlar da gedib Qarabağı aldılar”. "AzerTaym.az" Moderator.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aqil Abbas Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü haqqında danışarkən deyib. O, Mübariz İbrahimovun bizə dərs keçdiyini bildirib: “Mübarizin yeri behişt olsun. Bu dəqiqə mən Ağdamdan bir neçə kilometr aralıdayam, çay içirəm. Mübariz İbrahimovun haqqında heç nə demək olmaz. Mübariz bu millətə dərs keçdi və həmin dərsin hesabında da biz Qarabağı aldıq. Onun nəinki bu gün, hər gün doğum günüdür. Çünki Azərbaycanda hər gün Mübariz İbrahimovlar doğulur və həmin doğulan uşaqlar da gedib Qarabağı aldılar. Yəni bir gün ola bilməz ki, o, doğulsun. İlin 365 günü Mübariz İbrahimov doğulur”. Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. O, 1988-ci ildə Biləsuvarın Əliabad kəndində anadan olub. 18 iyun 2010-cu ildə gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək düşmənlə qeyri-bərabər döyüşdə beş saat döyüşərək şəhid olub. Onun cəsədi 141 gün düşmən tərəfdə qaldıqdan sonra vətənə qaytarılıb və dəfn edilib.