“Xosrov bəyin Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərilməsinin zəruriliyi bildirilirdi...”
*** ***
““Difai”nin Gəncə, Tərtər, Füzuli(həmin dövrdə Qaryagin adlanıb) şöbələri ilə yanaşı, Şuşada da fəal şöbəsi yaradılır...”
*** ***
“Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərilmiş 1348 saylı məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsinin təminatı üçün Gorus bölgəsini tutmağın zəruriliyi bildirilirdi...”
*** ***
İyunun 15-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dünya liderləri, o cümlədən ABŞ prezidenti Co Baydenlə görüşlər keçirdiyi Avropanın Brüssel şəhərindən birbaşa Bakıya uçaraq bu günlərdə Azərbaycan dövləti tərəfindən “Azərbaycanın mədəniyyət mərkəzi” elan edilmiş Şuşaya səfər etməsi və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalaması işğaldan yenicə azad olunmuş bu cənnət-məkan şəhərimizə, bu xanlar qalasına on illər öncədən fərqli baxışları da gündəmə gətirir...
...1992-ci ildə işğalçı ermənilərin Şuşanı o qədər də çətinlik çəkmədən ələ keçirməsi bu şəhərin yalnız “Qafqazın konservatoriyası, musiqi incəsənət beşiyi” olan döyüş, mübarizə ruhunu itirmiş, ermənilərlə az da olsa, qaynayıb qarışmış kosmopolit bir şəhər obrazını yaratmışdı... Halbuki, Şuşa tarixən Azərbaycanın yalnız musiqi, ədəbiyyat beşiyi, mədəniyyət mərkəzi yox, həm də hərbi və siyasi paytaxt rolunu oynamış şəhərlərindən biri olub...
XVIII əsrdən –Qarabağ xanlığı ilə yanaşı, Şuşa qalasının da əsasını qoymuş Pənahəli xanın dövründən XIX əsrin əvvəli Rusiya işğalınadək keçən zaman ərzində Şuşa bir sıra xarici işğallara müqavimət göstərib. Həm Pənahəli xanın, həm də oğlu İbrahimxəlil xanın hökmranlığı illərində Şuşa Qarabağ xanlığının paytaxtı olduğundan xanlığın daxili və xarici siyasəti ilə bağlı bütün qərarlar burada verilirdi. Təəssüf ki, 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. 215 il öncə - 12 iyun 1806-cı ildə İbrahim xanın Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilməsindən sonra Şuşa artıq əvvəlki siyasi əhəmiyyətini itirdi. 1822-ci ildə İrana qaçmağa məcbur olmuş sonuncu xanı Mehdiqulu xan olan Qarabağ xanlığının ləğvi isə Şuşanın Azərbaycanın siyasi həyatındakı rolunu heçə endirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə başlanan maarifçilik hərəkatının Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli və s. kimi bir sıra nümayəndələrinin şuşalı olması səbəbindən bu qədim şəhərimiz ədəbi-mədəni əhəmiyyəti ilə yanaşı, siyasi-ideoloji mərkəz kimi də öz yerini tutmağa başladı...
Xaricdən dəstəklənib yönləndirilən erməni millətçi, separatçı və terrorçularının diqqət mərkəzində olan Şuşanın 1905-1906-cı illərdə ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda ilk kütləvi terror aktları və qətliamları zamanı müqavimət qalasına çevrilməsi labüd olur. 1905-ci ildə erməni dəstələri Şuşanın azərbaycanlılar yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı öldürülür, 20-yə qədər ev yandırılır. Nəticədə 1905-ci ilin dekabrından Əhməd bəy Ağaoğlunun başçılığı altında erməni “Daşnaksütyun” partiyasının terrorizminə qarşı mübarizə aparmaq məqsədilə Azərbaycan xalqının birbaşa soyqırımına yönəlmiş terror aktlarına adekvat cavab verməyə məcbur qalan "Difai" (müdafiə) təşkilatının təməli qoyulur. “Difai”nin Gəncə, Tərtər, Füzuli(həmin dövrdə Qaryagin adlanıb) şöbələri ilə yanaşı, Şuşada da fəal şöbəsi yaradılır.
Hüseyn Baykaranın “Azərbaycan İstiqlal Mübarizəsi tarixi” və Nağıbəy Şeyzamanlının “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri" araşdırma əsərlərində “Difai”nin Şuşa komitəsi haqda diqqətəlayiq faktlar verilir:
“Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün “Difai”nin Şuşa Komitəsinin qərarı ilə qətlə yetirilir. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə öldürülür. Sonralar Difai Partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə 1908-ci ildə Türküstana sürgün edilirlər.
Qarabağda (Şuşada) “Difai” Komitəsinin üzvləri Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqaları olmuşdur.
1907-ci ildə “Difai” Partiyasının qanadı olan Qarabağ Birlik Məclisinin fəalları kütləvi həbsə məruz qalıblar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına salırlar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün edirlər. Məmmədcəfər Muxtarov Iran təbəəsi olduğundan onu İrana yollayırlar...”
“Difai” 1917-ci ilin oktyabrına qədər fəaliyyət göstərir və Azərbaycanın digər məkanları kimi Şuşada da erməni terroru və işğalçılığına qarşı mübarizədə yetərli rol oynayır...
1918-1920-ci illərdə isə Şuşa Qarabağ general-qubernatorluğunun mərkəzi kimi də tanınmağa başlayır.
1918-ci ilin payızından başlayaraq Şuşaya da Azərbaycana kömək üçün gəlmiş qardaş Osmanlı Türkiyə dövlətinin qoşunları yerləşdirilir. Həmin vaxt Ağdam, Füzuli(o vaxt Qaryagin) kimi, Şuşanın da komendantı Osmanlı hərbçisi olur... Türk ordusunun Qarabağın, Şuşanın erməni işğalı və terrorundan müdafiəsi haqda, inşallah, ayrıca bir yazıda bəhs edəcəyik...
Adı tarixə Azərbaycan Xalq Cümhuriyyətini elan edən 26 kişidən biri, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru və xilaskarlarından biri kimi yazılmış Xosrov bəy Sultanovun da Şuşada xarici işğal və terror cəhdlərinə - bu halda dünya güclərinin Türkiyə və Azərbaycana qarşı alət kimi yararlandığı erməni toplumunun beyinlərini “Böyük Ermənistan” kimi xülyalarla zəhərlənməsi nəticəsində meydana çıxan ermənizm bəlasına qarşı mübarizədə böyük rolu olub.
Tanınmış araşdırmaçı, tarix elmləri doktoru Nəsiman Yaqublu Moderator.az-a açıqlamasında xalq qəhrəmanı Sultan bəyin qardaşı olan Xosrov bəy Sultanovun Qarabağ general-qubernatorluğunun mərkəzi kimi məhz Şuşada əyləşdiyini vurğulayaraq bir sıra faktları sadalayıb:
“Arxivlərdə Xosrov bəy Sultanovun Qarabağda, o cümlədən Şuşada apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar onun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir.
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdir. Bu müşavirədə Andranikin silahlı dəstəsinin bölgədən çıxarılması qəti olaraq qərara alındı.
X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında göndərdiyi 1348 saylı məlumatda maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini təmin etmək üçün Gorus bölgəsini tutmağın zəruriliyi bildirilirdi. Həmin məlumatdan: “Cənab əlahəzrətə bildirirəm ki, maldarların yaylaqlara təhlükəsiz keçməsi sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm ki, onların Şuşa və Cavanşir bölgəsindən keçməsi faydasızdır. Bundan ötrü Görusu tutmaq lazımdır. Bu əməliyyat üçün artilleriya və pulemyotla təchiz edilmiş iki min nəfərlik piyada və atlı lazımdır. General-qubernator Sultanov”.
X.Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan Baş Nazir N.Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə baş verən toqquşmanın təfərrüatları qeyd olunur. Həmin teleqramdan: “Dünən – 4 iyunda Şuşada ermənilərlə kiçik toqquşma baş verdi: atışma oldu. Lakin bu gün sülh yolu ilə həll etmək mümkün oldu. Bu gün Azərbaycandan Erməni Milli Şurasının fəalları olan Avetisyan, Tumanyan, İşxanyan göndəriliblər. İki nəfər özləri tez gedib, iki nəfər isə bu günlərdə göndəriləcək. Sabah − iyunun 6-da erməni tərəfdəki kazarmalar alınacaq. General-qubernator Sultanov”.
X.Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu.
Göründüyü kimi, Xosrov bəy Şuşadan Sultanov yalnız Qarabağın deyil, Zəngəzur qəzasının da təhlükəsizliyi, eyni zamanda Naxçıvana gedən nəqliyyat-kommunikasiya yollarının təminatı ilə də məşğul olub.
X.Sultanovun 1920-ci ilin martında göndərdiyi teleqramda vəziyyətin getdikcə gərginləşdiyi görünürdü. Onun 1920-ci ilin 24 martında Ağdamdan M.Vəkilova Xankəndi və Şuşada gedən döyüşlər haqqındakı teleqramda yazılırdı: “Martın 23-də ermənilər gecə yarısı bizim Xankəndində olan döyüş hissəmizə güclü hücum etdilər. Eyni zamanda ermənilər Şuşaya da hücuma keçdilər. Hücumun qarşısı alınıb, ətraflarda atışma gedir. Şuşa Şuşukənddən bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib. Ekstremistlərin uzaqlaşdırılması üçün bütün tədbirlər görülür. Qəzəblənmiş əhali özündən çıxır. Dəstə rəisi tərəfindən Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm, təcili olaraq adamlarla, başlıcası patronla kömək edin. General-qubernator X.Sultanov”.
X.Sultanovun Qarabağda hadisələrin təhlükəli inkişafı ilə əlaqədar partizan dəstələrinin yaradılması elanı haqqında parlamentin sədri M.Y.Cəfərova teleqramı: “Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların mobilizasiya edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov”.
1920-ci ilin martın 31-də X.Sultanovun və K.Əliverdiyevin M.Vəkilova Şuşada, Xankəndidə, Əsgəranda ağır vəziyyət və təcili köməklə bağlı digər teleqramında bildirilirdi:
“Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əsgərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əsgəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əsgərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm”.
Azərbaycanın böyük mütəfəkkiri, Şuşanın böyük övladı Üzeyir Hacıbəyli Xosrov bəy Sultanovun Qarabağda oynadığı rolu belə qiymətləndirmişdir: “
Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası – Azərbaycanın cənnəti hesab olunan bir yer çoxdan bəri cəhənnəmə dönüb, qətl və qital ocağı olmuşdu”...
X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: “Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə. Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Təkinskinin Yerevandan 1919-cu ilin 26 iyununda Azərbaycanın Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi 1874 saylı məlumatda qeyd olunurdu: “1919-cu ilin 25 iyununda mən Ermənistan Respublikasının Xarici İşlər nazirliyinə 224 saylı nota təqdim etdim: “Hökumətimin tapşırığı ilə Sizə bildirirəm ki, Sultanov Azərbaycan Respublikasının 15 yanvar 1919-cu il qərarı ilə Azərbaycan Respublikasının mübahisəsiz və ayrılmaz hissəsi olan Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və aprelin 3-də rəsmən tanınıb. Odur ki, Sultanovun fəaliyyəti, yaxud Azərbaycan qoşunlarının qeyd etdiyimiz bölgələrdə yerləşməsinə erməni respublikasının hər formada etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq kimi qəbul edilir. Qarabağın general-qubernatoru Sultanov enerjili tədbirləri ilə Şuşa rayonunda qayda yaratmış və həyat öz axarı ilə davam edir. Xahiş edirəm, mənim inamım və Sizə olan hörmətimi qəbul edəsiniz. Diplomatik nümayəndə Təkinski”.
1920-ci ildəki sovet işğalından sonra bütünlükdə Azərbaycan xalqı kimi Şuşa ziyalıları və Xosrov bəyin də ermənizmə qarşı mübarizəsi yarımçıq dayandırıldı...
Onu da demək gərəkdir ki, XX əsrin əvvəlində Şuşada nəinki siyasətçilər, hərbçilər, ziyalılar, şair və yazıçılar, eyni zamanda din xadimləri də xarici müdaxilələrə qarşı əllərindən gələn qədər mübarizə aparmışlar...
(Davamı var)
Sultan Laçın
Fikirlər